Umud Mirzəyevin məqsədi – Murad KÖHNƏQALA YAZDI

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Prezidenti, əziz dostum, tələbə yoldaşım, şair, jurnalist Umud Mirzəyevi 30 ildən çoxdur tanıyıram. Müdrik, zəhmətkeş, vətənpərvər və hər cür yeni, faydalı ideyalara açıq bir adamdır. Umudun xarakterində millətə, torpağa, yurda qırılmaz bağlılığı həmişə hiss eləmişəm.

Rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanın BMT-də təmsil olunan ilk və yeganə milli Qeyri Hökumət Təşkilatıdı. BAMF həm ölkə daxilində, həm də xaricdə ciddi layihələr həyata keçirir, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq edir, daim ölkəmizin tanıdılması, beynəlxalq aləmdə nüfuzunun artması uğrunda çalışır.
BAMF-ın ANAMA (Azərbaycan Respublikası Ərazilərinin Minadan Təmizlənməsi üzrə Milli Agentlik) ilə birgə həyata keçirdiyi cəbhəyanı ərazilərimizin minalardan təmizlənməsi layihəsi cəbhə zonasında yaşayan vətəndaşlarımızın təhlükəsizliyinin təminatına, ərazilərimizin böyük bir qisminin yaşayış, əkin və örüş üçün yararlı vəziyyətə gətirilməsinə nail olmuşdur.

Murad Kohneqala adlı şəxsin şəkli.
1992-ci ildən bəri Umud Rəhimoğlunun rəhbərliyi ilə BAMF-ın ərsəyə gətirdiyi yüzlərlə uğurlu proyektlərdən biri, (hələ ki sonuncu) beynəlxalq “Əl-Cəzirə” telekanalı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan haqqında sənədli filmlərin çəkilməsidir. İspaniya, Hollandiya, Malayziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparan Əl Cəzirə “Musafir” proqramının Bakı və Naxçıvan şəhərləri də daxil olmaqla Azərbaycanın əksər bölgələri haqqında tanıtım filmləri yayımlaması ölkəmizi beynəlxalq səviyyədə təbliğ edən, Azərbaycan tarixi və mədəniyyətini dünyaya göstərən, ölkəmizin turizm potensialını artıran layihələrdəndir.
BAMF-ın və onun qurucusu Umud Mirzəyevin məqsədi Azərbaycan həqiqətlərini dünyaya olduğu kimi çatdırmaq, beynəlxalq aləmin Azərbaycana qarşı siyasətinin müsbət yön almasına çalışmaq, ölkə daxilində medianın və formalaşmaqda olan vətəndaş cəmiyyətinin hərtərəfli inkişafına dəstək verməkdir.
Umudu gənclik illərindən tanıyan yaxın bir dost, qələm yoldaşı kimi tərəf saxlamadan deyirəm:
Umud Mirzəyev işgüzarlığına, daxili və xarici aləmdə nüfuzuna, ictimai-siyasi fəaliyyətində milli və qlobal düşüncə prinsiplərini birləşdirmə bacarığına, ən əsası, xalqımıza və dövlətimizə sadiqliyinə görə Azərbaycan Parlamentində təmsil olunmağa layiqdi. Yeni tərkibli Milli Məclisdə Umud Mirzəyev kimi çalışqan, əsgərindən tutmuş, fəhləsinə, şəhid ailəsindən tutmuş ziyalısına qədər xalqın yanında olan millət vəkilinin yer alması həm də ölkəmizdə vətəndaş cəmiyyətinin imkanlarının artması demək olardı. Ölkəmizin ali qanunverici orqanında Umud Mirzəyevi görmək arzusu ilə, ona fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayıram!
Share: