Putini Kremldən qovmaq istəyən şaman cərimələndi

Rusiyanın Yakutiya regionunda məhkəmə prezident Vladimir Putini Kremldən qovmaq istəyən şaman Aleksandr Qabışevi cərimələyib və onun şəhərdən çıxmasına qadağan qoyub.
Qabışev iki gün bundan əvvəl Moskvaya yürüşünü bərpa etdiyini bildirmişdi.
Açıq Rusiya müxalifət təşkilatının əlaqələndiricisi Aleksey Pryanişnikov AzadlıqRadiosuna deyib ki, Qabışev polisin uniformasını ənənəvi yakut xəncəri – batyya ilə korlamaqda ittiham edilib.
Məhkəmə qərarında deyilir ki, şaman cərimə olaraq 1000 rubl (16 dollar) ödəməlidir.
Qabışevin vəkili Olga Timofeyeva AzadlıqRadiosuna deyib ki, Qabışevə Yakutsk şəhərini tərk etmək qadağan edilib.
O Rusiya vətəndaşları arasında ekstremizmi qızışdırmaqda ittiham olunur.
Timofeyeva bildirib ki, dəfələrlə xəbərdarlıq almasına baxmayaraq Qabışevə qarşı rəsmi ittiham irəli sürülməyib.
Rusiya qanunlarına görə hər hansı şəxsə 10 gün ərzində ittiham irəli sürülməməsi onu avtomatik olaraq bütün ittihamlardan azad edir.
Polis Qabışevi və onun iki tərəfdarını dekabrın 10-da Yakutiyanın magistral şosse yolunda saxlayıb.
Bundan əvvəl şaman polisin çağırışlarına məhəl qoymamışdı. (azadliq.org)
Share: