Ermənistan Respublika Partiyasının sədr müavini, parlamentin xarici əlaqələr üzrə komitəsinin sabiq rəhbəri Armen Aşotyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son bir ildə aparılan danışıqlarda Ermənistanın mövqeyinin tamamilə iflasa uğradığını bəyan edib.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın münaqişə haqqında hər şeyi bildiyi və prosesi öz nöqteyi-nəzərindən başlayacağı barədə bəyanatının isə lovğalıqdan başqa bir şey olmadığı üzə çıxdı.

Müstəqil.Az xəbər verir ki, Aşotyan əlavə edib: “Son bir ildə xarici siyasətdə Paşinyan-Mnatsakanyan cütlüyünün tərəddüdləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qeyri-müəyyən mövqeyi gələcəkdə böhrana və fəlakətə gətirib çıxara bilər. Bu səbəbdən onlar Sarkisyan və Nalbandyanın iştirak etdikləri danışıqlar paketinə qayıtmalı olublar”.

Siyasətçi qeyd edib ki, Paşinyanın siyasəti erməni cəmiyyətində ixtilafa səbəb olur, vətəndaşlar arasında hökumətə yaxınlıq kontekstində ayrı-seçkilik daha da güclənir. “Bu komponentin bir hissəsi də Ermənistanın siyasi sisteminin yenidən formalaşdırılmasıdır. Əgər Paşinyanda azacıq ağıl qalıbsa, onda gələn il növbədənkənar parlament seçkiləri keçirilməsi barədə imitasiya yaratmalıdır. Qanunverici orqanın ictimai və siyasi sahədə bütün palitranı əks etdirmədiyi aşkardır, parlament zamanla cəmiyyətin tələblərinə cavab verə bilməyəcək”, -deyə o əlavə edib.

Aşotyan vurğulayıb ki, baş nazir siyasət meydanından öz fəaliyyətinin səbəb olduğu tör-töküntünü yığışdırmaq məcburiyyətində qalacaq. Onun sözlərinə görə, böyük siyasi oyuna çevrilən Dağlıq Qarabağ problemini həll etmək üçün hazırkı hakimiyyətə “üzərində öz portreti olan corab və şamlar yox”, vahid siyasi təfəkkür lazımdır.

Share: