Salam Sarvandan BƏH-BƏHRİ-TƏVİL

Bu odlar yurdunun
külü də, Kürü də, kürüsü də gözəldi.

Sözlərin susub rəqəmlərin danışdığı zamanda
budur məntiqin təbiri-cəbri-caizi:
işğaldakı torpağın faizinə bərabərdi
bank kreditlərinin faizi.

Və ən uzunömürlü Əlifağa kişinin
yaşı qədərdi pensiyası…
180 – qanın təzyiqi, 80 – neftin bareli,
400 – qanın şəkəri, 1400 – qızılın unsiyası…

Ey ATƏT-in vasitəçilik missiyası,
Allahla aramızda mollanın,
insanla aramızda Xeyrullanın vasitəçilik elədiyi yerdə
şairlər yarla da durnalar vasitəsiylə hal-əhval tutmaqda.

Və bu fırıldaq şairlər min illərdi ki hökmdarlara
bəsit mədhiyyələrini sırıyıb, əvəzində
mandatlar, xalatlar, baratlar, manatlar almaqla
hakimiyyətə əməlli-başlı “atmaqda”.

Hərçənd, Molla Pənah Vaqifin hürüsü də gözəldi,
Nəsiminin ölüykən, yoxsa diriykən soyulması
ölüm-dirim polemikasına çevrilən dərisi də gözəldi.

Noolsun ki evi birotağlıyam,
qanımla, canımla, uzun sözün qısası hər yanımla
bu vətənə bağlıyam.

Babam Qoç Koroğlu, dayım Qoçu Əsgər,
havam Qoçəli, xasiyyətim Qoç bürcü.
Yəni baxma ki, əsl adım Mameddi,
mən Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam…

Soruşsan kimin oğluyam:
Çənli BELDƏN gəlmişəm.

Saranı aparmış seldən gəlmişəm,
Məcnunun düşdüyü çöldən gəlmişəm.
“Göylərə baş çəkən Göyəzən dağı”ndan,
Göy tanrıdan, Göy məsciddən,
Göyçaydan, Göy göldən gəlmişəm.

Anadan 1966-cı ildə olmuşam,
dünyaya 1466-cı ildən gəlmişəm.

Allah məni palçıqdan yaratmayıb,
qədimliyimi sübut eləməkçün qazıntı aparan
yekə-yekə alimlərimizin orda-burda tapdığı gildən gəlmişəm.

Bəli, mənim vətənimin keçmişi də, gerisi də gözəldi.

SSRİ-ni dağıtmağın andını içə bilmərəm,
amma “din tiryəkdir” deyən
Leninin acığına zəncir vura-vura
kommunizmi mən qoymamışam qura.

Azadlığı istəmirəm qram-qram,
istəyirəm əlli qram vuram vuram, vuram, vuram…

Əhvalımı sorma ki, bir əhvalatdı.

Siyasətçilərimdən biri imam-camaatdı.
Qalanları səyyahi-Ərafatdı.
Əmvatına bir salavatdı.
Salavatın biri yas məclislərində bir manatdı.

Allahla, şeytanla qəlb və beyin söhbəti eləməyə
heç zaman can atmayan,
yalnız Allaha dua, şeytana lənət oxumaqdan ibarət
kasad leksikonlu yurdumun “miri”si də gözəldi.

Camaatım yaxşı camaatdı,
dövlətinin keşiyində daim farağatdı.

İbrahim xanın dövlətçiliyi xilas eləməkçün
Teymurləngə verəcəyi rüşvəti
xalq öz qızıl-gümüşündən yığıb vermədimi?!

Sovet dövlətçiliyini Hitlerdən qorumaqçün
öz qoyunlarını qırxıb yunundan əsgərlərə corab hörmədimi?!

Nə isə…
Vətəndaş xanım öz bəxtindən küssün ki, çirkindi,
Dövlət bəyin ölüsü də gözəldi, dirisi də gözəldi.

Share: