“Uzaqdan bir şeir” layihəsində Mahirə Abdullayeva

İLK SEVDA

(16 yaşa)

Dünya tül pərdədən görünər bizə
Şəfqət, sevgi dolar ürəyimizə,
Səadət içində hərlənər başım,
Ah, on altı yaşım, on altı yaşım!

Bir mehvərə sığmaz körpə diləyi,
Hər şeydən kövrələr körpə ürəyi,
Bir günlük ömürün maraq naxışı,
Bir pərəstiş dolu oğlan baxışı.

 

Özü çiçək kimi incə, təzə, tər,
Hamının qəlbinə yarımaq istər,
İstəyər hamının xoşuna gələ,
hamı tərəfindən sevə, sevilə.

Bir də gördün küsüb, boynunu burmuş,
Sanki uşaqlığın özüdür, durmuş,
Bir laqeydlik görsə hamıdan qaçar,
Bir xoş söz eşitsə, sevincdən uçar.

Ay reyhan ətirli xoş arzularım,
Ay mənim on altı qışım, baharım,
Dönmüsən məsumluq adlı heykələ,
Saflıqla qəlbimi sıxırsan hələ.

Ay mənim ömrümün saflıq adası,
Ay on altı yaşın dəli sevdası,
Niyə ürəyimi tərk etmədin bəs?
Hanı qayğısızlıq, o şirin həvəs?

Niyə o pillədə dondurdun məni,
Vaxtsız bir xəzanla yandırdın məni?
Sevə bilməyirəm, haraya qaçım?
Ah, on altı yaşım, on altı yaşım…


Layihənin Kamalə ABİYEVA təqdim edir

Share: