SALAM VERƏK! BU GÜN ÜMUMDÜNYA “SALAM” GÜNÜDÜR..

“Salam” qüsur və pisliklərdən uzaq xoşbəxt bir həyatın olsun duasıdır. Salamlaşma etiketlərində mimika və jestlərdən istifadə etmək lazımdır. Salamlaşarkən üzdə təbəssüm yaratmaq vacibdi.

Üz – gözündən zəhirmar yaģan adamın salamı heç kəsin xoşuna gəlməz. Mimika insanın hiss və həyəcanını- kədər və sevincini biruzə verir. Fikir vermisinizmi, çox vaxt adamlar bir kəlmə belə deməsələr də, biz onların şad, kədərli, hirsli, fikirli olduğunu duyuruq. Bunları bizə həmin adamların üz cizgiləri – alın, qaş, göz, ağız, dodaqları deyir. Mimika – üz əzələlərinin hərəkətləridir.
Yer üzündəki bütün insanlar jestlərin köməyi ilə bir-birini başa düşə bilərlər. Hamımıza yaxşı tanış olan razılıq və bəyənmə işarəsi “Like”- “əla” jesti bir çox ölkələrdə yaxşı qarşılanmır. Tailandda bu qınama işarəsidir. İranda isə bu təhqiredici jestdir, Yunanıstanda bu jest “səsini kəs” mənasında işlədilir. Dayanmaq və yaxud susmaq məqsədilə yuxarıya doğru qaldırılmış ovuc da bu ölkədə tamamilə başqa mənaya sahibdir. Burada qarşınızdakı insana bu jesti göstərməklə onu təhqir etmiş olursunuz.
 “V” şəkilli jest bir çox ölkələrdə qələbə və sülh simvoludur. Lakin bu jesti göstərərkən ovuc qarşınızdakı insana doğrudursa, Böyük Britaniya, İrlandiya və Avstraliyada təhqiredici jestə çevrilir və “rədd ol” ekvivalenti kimi işlənir. Fransada da bu jest yaxşı qəbul olunmur.
Elə jestlər var ki, beynəlxalq aləmdə qəbul olunub və hamı üçün aydındır, yer kürəsində millətindən asılı olmayaraq bir çox insanlar salamlaşarkən bir – birinin əlini sıxırlar.
Bu gūn ümumdünya SALAM günüdür. Bu məqsədlə kiçik bir araşdırma apardım, hər bir ölkədə fərqli salamlaşmaların şahidi oldum. Bəziləri heyrət doğursa da, bəziləri daha gözəl təsir bağışladı. Daha maraqlı təsir bağışlayanları sizinlə bölüşmək istədim.
Başqa ölkələrə səyahət etmək fikriniz varsa, bunları indidən oxuyun.
Tibetdə rastlaşarkən dil çıxarılırsa, narahat olmağa dəyməz , bu o deməkdir ki, “sənə qarşı heç bir pis niyyətim yoxdur”. Malayziyada isə “Hara gedirsiniz” soruşulur, “salamat” işarəsi göstərilir. Filipində daha maraqlıdı, əli alına qoyurlar. Hindistanda hörmət əlaməti olaraq əlləri bərabərləşdirib sinəyə tuturlar, yaşlıların isə ayağına toxundururlar, Bolqarlar razılıq əlaməti olaraq başlarını bulayırlar, “yox” demək istəyəndə isə, əksinə, başlarını yuxarı-aşağı hərəkət etdirirlər. Tailandda “vai” deyilir. Qrenlandiyada Eskimo öpüşü, çöldə yaşayan ərəblər isə, qəribə səslənsə də, burunlarını bir – birinə sürtərlər. Şonalılar çarpaz salam verirlər.
Yeni Zelandiyada isə yerlilər ‘Hongi’ ilə salamlaşırlar. Mikronezyada daha təsirli görkəm alır, onlar bir qaşını yuxarı qaldırmağı lazım bilirlər. Çində tənbəllik etmədən alın yerə vurulur. Amerikada yumruq toqquşdurulur. Zambiyada baş barmaqlar yüngülcə sıxılır. Zuluslarda salamlaşma bir qədəŕ fərqlidi, “Mən səni görürəm” – deyə qışqırırlar. Daha bir təəccüb və xoş olmayan bir məqam – bir sıra Afrika tayfalarının nümayəndələri üzbəüz gəldikləri adama tüpürürlər. Kanouri qəbiləsində isə yumruq göstərilir.
Rusiyada insanlar rastlaşanda bir – birinə sağlamlıq, dirilik arzulayırlar.
Avropa ölkələrinin əksəriyyətində və Amerikada salamlaşarkən “işlərin necədir”, yaxud “necəsən”- deyə soruşurlar, cavabı “yaxşı” və “normal” olur. “Pis” demək ədəbsizlik sayılır. Malezyada “hara gedirsən”in cavabında “Gəzməyə”, yəhudilər “Sizə sülh olsun”, fasrlar “şən ol”, qrenlandiyalılar isə “yaxşı havadır” deyirlər.
Salam Allahın adıdır, əmin – amanlıq, salamatlıq kimi mənalara gəlir. Salam vermək əslində dua etməkdir. “Allah -Təala səni əmin-amanlıq içində saxlasın, şərdən, bəladan qorusun, xətadan uzaq tutsun” deməkdir. Salam verib, salam almaq insanlar arasında sevgini, səmimiyyəti artırır. Ona görə də salam verin və salam verməyi təbliğ edin.
Salam verməyin ən qısa şəkli belədir: “Əssalam aleykum”, yəni “sizlərə salam olsun”. Qarşılığı isə belə verilir: “Və aleykum salam”, yəni sizə də salam olsun. Əgər biri ilə kinin, nifrətin ən yüksək səviyyədədirsə, ona salam verməyə bilərsən, amma salam almamaq günahdır. Sənə verilən salamı almaq borcundur. Salamı almamaq həm salam verənə, həm də salam Sahibinə, yəni Allaha qarşı hörmətsizlikdir. Salam verək.
Yeganə İsgəndərova
Psixoloq, jurnalist
qadinkimi.com
Share: