“Uzaqdan bir şeir” layihəsində Süleyman RÜSTƏM

TƏBRİZİM

Baxdığca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

Bülbül zar-zar ağlar çəməndən ayrı,
İnsan deyib gülməz vətəndən ayrı,
Can necə yaşasın bədəndən ayri?
Aç öz ürəyini danış, Təbrizim.
Olum dərdlərinə tanış, Təbrizim!

Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünmüş saf bir ürəklə,
Təbrizim,Təbrizim, aman Təbrizim
Yox olsun başından duman Təbrizim!

Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda gözyaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!

Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər,
Babalardan dinləyirlər öyüdlər,
Coşup damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!

Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək sərim, Təbrizim!

Nədir o, mə`nalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu əymə, Təbrizim!
Məlul – məlul baxıb durma, Təbrizim!

Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban,elinə qurban!
Baxdığca hüsnünə doymayır gözüm
Təbrizim, Təbrizim, gözəl Təbrizim.


Layihənin Kamalə ABİYEVA təqdim edir

 

Share: