“Acından öldü gözlərim…”- Qəhrəman Kamiloğlunun şeirləri

Müstəqil.Az gənc və istedadlı şair Qəhrəman Kamiloğlunun yeni şeirlərini təqdim edir:

 

Acından öldü gözlərim…

(Qəhrəman Kamiloğlu)

Bu gecənin ətəyindən
Qopdu,töküldü gözlərim.
Bir tikə yuxu tap gətir
Acından öldü gözlərim.

İstəmirəm sini- sini
Silsə bəsdir ləkəsini
Ən sonuncu tikəsini
Səninlə böldü gözlərim.

Sıxıb əlində saxladın,
Yerindən qopdu, laxladı,
Misra-misra daş bağladı
Sənə hörüldü gözlərim..

 

Yol.

Salamat qal!
Gedirəm .
Qoy qapıya bir baxım!
Göz yaşları gəlməmiş
Çantamı ver, tez çıxım

Başı batmış tənhalıq
Bilirsən nə paxıldı?
Bir də mənim ömrümə
Gəlsə,evim yıxıldı.

Heç kimə qapı açma
Kədər olsun, qəm olsun.
Görsün ki yoxdur açan
Çıxıb cəhənnəm olsun!

Adımı tez-tez çəkib
Ayrılığı oyatma.
Sən bu qırılmışların
Sırasını uzatma!

Geriyə dön, nəfəs al!
Gördün? nəfəsindəyəm.
Heç yana getməmişəm
Evin köşəsindəyəm.

Dolabda asma -asma
Köynəklər də özümən.
Pəncərəyə düzdüyün
Dibçəklər də özüməm.

Güzgünün qabağında
Xırda dişli daraq da.
Yanında boz karandaş
Altı,yeddi varaq da .

Görəcəksən evdəyəm
Çöldə külək əsəndə.
Hər dəfə qab yuyanda
Hər dəfə çay süzəndə

Getsəm də ,getməmişəm
Yanındayam beləcə
Keşiyini çəkirəm
Sən yatanda hər gecə.

Oturmuşam divanda.
Yenə özüm sayağı.
Mənəm cizgi filminə
Baxan oğlan uşağı.

Bu həsrətli nəğmənin
Mən varam hər sözündə,
Ən sevdiyin musiqi
Parıldayır gözündə.

Boğur səni xəyallar.
Nə bilirsən, yoldu da.
Taleyin öz hökmü var
İşdi,oldu oldu da…

Gözlərinin nəmində
Xatirələr boy atdı
Birdən qapı döyüldü.
-Ana! Atam qayıtdı!

 

Müstəqil.Az

Share: