Bayraq şəkli

(Allahşükür Ağa)

Körpə süd şüşəsindən elə yapışıb,
Elə bil, bir daha süd içməyəcək.

Mən bayraq çəksəydim
o uşağın şəklini vurardım
Bütün ölkələrin bayraqlarına.
Kim istəməzdi bunu?
O uşağın balaca ayaqlarını elə çəkərdim ki,
Yer üzündə bütün qumbaralar
Bir anda intihar edərdilər.
Generallar döşlərindəki ördenləri
Bir an içində qoparıb atardılar.

Tankın yadına düşər
Bir vaxtlar uşaq oyuncağı olmaq arzusu.
Güllələrin yadına düşər
Uşaq barmaqlarına bənzəməyi.
Və Suriyada uşaqların süd şüşəsinə dəyib
Qollarını üzməyi.

Mən bu bayraq şəklini
Tez çəkə bilsəydim…

Müstəqil.Az
47 baxılıb