“Prezident İlham Əliyev bunu etməz!”- Azər HƏSRƏT deyir…

Ədəbiyyat aləminin tanınmış simalarından biri, milli qələm adamı Murad Köhnəqalanın mənzil məsələsi yenə də həll edilməmiş qalıb. Bir müddət öncə mən də daxil olmaqla bir qrup şəxs Prezident İlham Əliyevə bununla bağlı müraciət etmişdik. Cənab Prezident də sağ olsun, operativ şəkildə məsələnin həlli üçün göstəriş verdi. Xəbər təsdiqləndi də. Murad bəy dostumuza bildirildi ki, sizə Prezident ev hədiyyə edib. Biz də çoxsaylı qələm adamlarının müraciətinə belə çevik reaksiya verib məsələni həll etdiyinə görə, əlbəttə ki, hər zamankı kimi Prezidentə təşəkkür etdik. Təbii ki, cənab Prezident məsələnin həlli üçün uyğun məmurlara tapşırıq vermişdi və məsələ də qapanmışdı. Lakin sonradan bəlli oldu ki, adamlar Prezidentin tapşırığını tam deyil, yarımçıq həll ediblərmiş…

Murad Köhnəqalanın sevinməsi ilə kədərlənməsi arasında elə də uzun müddət olmadı. Bəlli oldu ki, Prezidentin tapşırığı ilə ona çatacaq normal mənzil əvəzinə… alayarımçıq bir tikili, yaxud da sadəcə divarlardan ibarət bir şey ayırıblar. İndiki şəraitdə Murad kimi birisinin bu divarlardan ibarət qutunu evə çevirməsi sadəcə mümkün deyil. Onun bunu etməyə imkanı olsaydı heç müraciətə də gərək qalmazdı, elə özünə ev tikərdi də…

Sözümüzün canı budur ki, cənab Prezidentin hər zamankı kimi sərgilədiyi xoş məramı yenə də aşağıda hansısa məmur – işinibilməzin biri gözdən salır. Ölkə Prezidenti məgər kiməsə alayarımçıq bir tikilini mənzil adına bağışlarmı? Ümumiyyətlə belə bir hal mümkündürmü? Əsla mümkün deyil! Söhbət axı Prezidentin bağışladığı mənzildən gedir! Necə olur ki, aşağıdakı makler-məmur Prezidenti belə gözdən salacaq bu ayıba yol verə bilir? Bunlar doğrudan da məsuliyyət hissini itiriblər, anlayırıq. Ancaq ölkə Prezidentini belə namünasib durumda qoymağın adı nədir, onu anlamırıq…

Sözardı: Bugünlərdə Murad bəyin 60 yaşı tamam oldu. Təbrik edirik. Bu mənzil də ona 60 yaşın ərəfəsində hədiyyə edilmişdi. Ümid vardı ki, adam heç olmasa 60 yaşını öz şəxsi mənzilində qeyd edər. Qismət olmadı. Makler-məmurlar burda da öz bildiklərini elədilər, üstəlik də cənab Prezidentin bu nəcib təşəbbüsünü gözdən saldılar. Nə deyək, vallah?..

Müstəqil.Az
Share: