Rayon başçısı Kamilov pambıqçını döyür və iyrənc söyüşlər yağdırır…

Özbəkistanın Qaşqadərya vilayətinin Mirişkor rayonunun başçısı Ravşan Kamilov pambığı yaxşı becərmədiklərinə görə yerli fermerləri döyüb, onları ağır söyüşlərlə təhqir edib.

Müstəqil.Az Virtualaz.org istinad edərək xəbər verir ki, daha bir söyüşcül icra başçısının səs yazısını “Azadlıq” radiosunun özbək xidmətinin redaksiyası əldə edib.

Audioyazıya əsasən rayon başçısı pambıq sahəsinin yaxşı becərilməməsinə, suvarılmamasına və nəticədə məhsulun az olmasına görə fermerləri söyür. Kamilov 30 dəqiqə ərzində fermerlərdən birini döyüb, onun özünü və anasını ağır söyüşlərlə söyüb. Səs yazısına əsasən rayon başçısı fermerə dalbadal zərbələr endirir, onu boğub öldürəcəyini deyir.

Fermer icra hakimindən tələb edir ki, onun anasını söyməsin: “Niyə anamı söyürsən? Onu söymə! Axı mən pambığı becərmişəm!”,-fermer deyir.

Bu zaman Kamilov daha da qəzəblənir, fermeri yenə döyür və polis instepktorunu çağırıb onun əllərini qandalladacağını deyir. “Çağır bura inspektoru! İndi səni burdan əlləri qandallı aparacaqlar! Mən istənilən adamın qarşısında cavab verməyə hazıram, məni başa düşdün?!”,-deyə Kamilov pambıqçını döyməkdə davam edir.

Sonra  rayon rəhbəri bildirir ki, əgər pambıq planı dolmasa prezident onun “anasını ağladacaq”. “Sabah sən “yana bilərsən”, 100-200 milyon ziyana gedərsən. Amma burada mənim taleyim həll olunur, q…! Sən elə bilirsən prezident məni rahat buraxacaq? O mənim anamı ağladacaq, məni anamın….soxacaq! Heç kim cavab verməyəcək!”,-Kamilov deyir.

Sonra rayon başçısı fermerlərə “kişi olmağı” tapşırır və qadınları söyür, onları toyuqlara bənzədir.

Özbəkistanda bundan əvvəl də yüksək vəzifəli məmurların və yerli icra hakimiyyəti başçılarının tabeçiliklərində işləyənləri söydüyü, döydüyü haqda audio-video yazılar internetə sızdırılıb. Prezident Şövkət Mirziyoyev bu cür məmurları bir neçə dəfə danlayıb. Amma söyüşcül məmurlar əsasən yerlərində qalırlar və işləməkdə davam edirlər.

Müstəqil.AZ

 

Share: