“SƏFA RƏŞİDİN QÜRBƏT TƏRƏZİSİ…”- Vaqif Osmanov…

 

SƏFA RƏŞİDİN QÜRBƏT TƏRƏZİSİ
(ikinci yazı)

Bir də vurğulayıram ki, Səfa Rəşid ayrılıq və qürbət şairidir. Onun üçün “ayrılığın ən betəri, qürbətdəki qəmin ətri”dir:

Qürbət elin havası,
Zəhərdimi ilahi!

Amma onun “yollarında bir ümid var “mən” adlı, onu özünə qaytaran”. Çünki qəfildən ərköyün Vətən “küləyi yarın dodaqlarını öpüb” şairi qısqandırsa da, Vətən güllərinin ağ rəngi onun saçlarını bəyazlandırsa” da, Şəfa bəy, heç küsməyin yeridirmi? Qürbətdən Vətənə sarı əsən xəfif külək sənsən, Vətənin bəyaz güllərinə sığal çəkən sənin nəfəsindir, ümidindir, yarın könlünü alır, saçlarını tumarlayır. “İri çemodanlar ömrümüzə yük olub böyük şəhərlərdə itsək də, şəhərdən şəhərə qatar – qatar ötsək də, neçə qadın əli”, övladların başı sığalsız qalsa da, ağlaya – ağlaya “gözümüzün yükünü” boşaltsaq da qibləgahımız Vətəndir.

Səfa bəyin misralarında “şeir kimi bir qadın” görünür, ona yazılan şeirlər “dodaqdəyməz” kimidir:

Son baharda yazdığım o şeirlər,
Oxuyanda dodağına toxunmaz.

Bu “nağılvari sevgi”də yağan narın yağış da aşiqin ürəyinə toxunur. Axı sevənlərin ürəyi həssasdır, o “ürəyin içindən bir qız keçir qarış – qarış” xatirəsi qalır, o, ürəyinə sevgi həbi kimi dərmandı. Bu həb şipşirindi, doğmadır, yaddançıxmazdır.

Səfa bəyin təkliyinin limiti nə qədərdir görəsən ? Bunu şair özü də bilmir. Çünki:

Bu təkliyi çəkənim yox,
Düz işləmir tərəzim…

Şair “kimsəsizlik havası”nda sevdiyinin “qəlb evinin hündür hasarı”ndan boylanıb “işığı yandır!” hökmü ilə qəti qərar versə də, o işığın qarşısında mülayimləşir, özü özünə arzulayır:

Bir vüsal həvəsi qayıda, gələ,
Qopara köksümdən qəmli günləri.
Mən heç qaşqabaqlı ömür sürmədim,
Dörd fəsil ömrümün sənli günləri…

Bu sevginin qüdrətidir!..

“Vurulmaqdan canı çıxıb, sir – sifəti bir eşq yeri”nə bənzəyən şairin kövrək həzinliyə köklənmiş sevgisinin qürbətdən boylandığını anlamaq çətin deyil. Onun “ürəyi eşq havasında hər gözəllə oynamaz, süzülən göz yaşlarından eşqinə şərab çəksə də, həsrəti bir ayrı gözəl olsa da” şair vüsal təşnəsidir:

Əllərim buz geyir sən olmayanda,
Öyrəşib əlinin istiliyinə.

Qovuşsaydı sevənlər

Payızda da yaz havası dolardı evimizə,
Onda qürbət havası da dəyişərdi bəlkə də…

Səfa Rəşidin bəzi misralarını şərhsiz sizlərə təqdim edirəm. Söz sərrafları dəyər versinlər:

Tanrıdan xəbərsiz alın yazımı,
Yazıb göndəriblər mələklər mənə.
***
Qucaqla ki, məni hərdən,
Ölüm mənlə yatmasın…
***
Nə rahat yatıram, İlahi, daha,
Çıxıbdı yaramın duzu deyəsən…
***
Dünyaya baxıram, məzarlıq qutu,
Vallah bir mismarlıq taxtası yoxdur…
***
Sənlə bir yarımçıq ömür yaşadım,
İndi ayılmışam, ömür tən gedib…

Ulu şair babamız Füzuli demişkən, sevgi bir bəladır ki,atəşi əbədidir, yanır və yandırır:

Cəmi bir gün sevdim səni, illər boyu darıxdım…

Səfa Rəşidin mənsur şeirləri haqqında gələn yazıda.

VAQİF OSMANOV. oktyabr 2019.

Müstəqil.Az

Share: