Adil Cəmil – 65 və yaxud “Qan-qırmızı laləsinin, közərtisi qış qaytaran” poeziya

Bu ömür tarixi, gün olayıdır,

Qarşıdan qocalıq zirvəsi gəlir.

Övlad da, nəvə də Tanrı payıdır,

Görəndə yaşamaq həvəsi gəlir.

Adil Cəmil

Bu il Adil Cəmilin yubiley ilidir, şairin 65 yaşı tamam olur. Kimə dedimsə, inanmadı: bu gənc görünüşlü, ahıl baxışlı adamın yüz yaşı var söylədilər. Soruşdum niyə? Bığı-saqqalı ağarmış müəllimlər dedi: “Necə niyə, mən qırx ildir Azərbaycan ədəbiyyatından danışıram və bu qırx ildə Adil Cəmil şeirləri dərslərimin söz yeridi”. Baxışlarına kölgə düşmüş, örpəyinə ağ tellər sığal çəkən analar dedi: “Ьən nişanlı olanda onun sevgi şeirlərini oxuyurdum”…  Bax, budur yaradıcılığın ağışığı: ətrafı elə nurlandırır ki, cisim zamana, məkana qarışaraq “kölgədə” qalır.

 

…Adil Cəmil yetmişinci illərdən bu günə kimi Azərbaycan ədəbiyyatının görünənlərindən olub, iyirmi ilə yaxındır ən qabaqcıl mətbu orqanda – “Ədəbiyyat qəzeti”ndəçalışır, universitetlərdə dərs deyir, ədəbiyyatşünasdır, tərcüməçidir, filologiya üzrə fəlsəfə doktorudur, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvüdür, Beynəlxalq Aytmatov Akademiyasının fəxri akademiki, TURKSOY-un Totkoqul Satılqanov, “Qızıl qələm”, “H.B.Zərdabı”, “Araz”, “Qılınc və qələm”, “Qızıl kəlmə” mükafatçısıdır,  21 kitab müəllifidir (onlardan ikisi tərcümədir), haqqında kitablar yazılıb vəən əsası,  Azərbaycan ədəbiyyatını dünyada təmsil edir. Adil Cəmil yaradıcılığı Adil Cəmil şəxsiyyəti ilə o qədər bütövləşib, qarışıb ki, ortada bir nurlu həqiqət qalıb – şair Adil Cəmil!

Bu günlərdəşairin ikicildli “Seçilmişəsərlər”indən ibarət kitablarını (“Elm və Təhsil nəşriyyatı” Bakı-2014) oxumaqla məşğulam.Ümumiyyətlə, Adil Cəmil oxuduğum, öyrəndiyim, öyrəndiklərimi öyrətmək istədiyim nümunə yazarlardandır. Bu iki cildli topluda şairin doxsanıncı illərə qədər və doxsanıncı illərdən sonra yazdığı şeirləri toplanmışdır (il bölgüsünü təsadüfdən önə çəkmədium). Kitabın önsözündə AMEA-nın müxbir üzvü, akademik Nizami Cəfərov yazır: “Ümumiyyətlə, 90-cı illərdə məhz dövrün, zamanın hökmü ilə Adil Cəmil şairliyini müəyyən mənada ikinci plana keçirmişdi. Və bu yalnız onun yaradıcılığı üçün yox, bütövlükdə ədəbi proses üçün səciyyəvi idi”. Və yaradıcılığı ikinci plana keçirən Adil Cəmil, doxsanlar sonrası əsərlərində tamamilə başqa bir Adil Cəmil oldu, sevgi dolu, həyata bağlı, çılğın, rəngli, işıqlı şeirlər dəyişərək yurd-yuva həsrətinə büründü. “Balaca evimiz bahara sarı, kiçik pəncərəmiz üzü günəşə” deyən şair, “and içək ki, kimsə pozmaz bu andı, Kəlbəcəri unutmayaq, amandı!” yazdı, “bağçamız beləcə çiçəkləməzdi, ağaclar günəşi saxlayıb burda”, sevinciylə qanadlanan şairin “çıxıb Kəlbəcərdən, Laçından bəri, sənə yol gəlirəm haçandan bəri. Röyalar içində çox ovunmuşam, Şuşam, ay Şuşam!” harayında qanadları sındı, “asılıb Günəşin şəfəqlərindən, özünü səmaya sərib durnalar”, deyə durnalara nəğmə qoşan şair, “bu gecə yuxuma Kəlbəcər girib, bu gecə gördüyüm yuxu üşüyür. Qərib məzarlara qar yağır indi, nənəmin-babamın ruhu üşüyür”, deyə oxucuları da üşütdü, “gözləmə zalının sükütü sarı, yuxu kirpikləri sancaqlayıblar” deyə şeir yolçularını poetik düşüncənin zirəsinə qaldıran şair “getdi əlimizdən, Kəlbəcər getdi...”,  misralarıyla qaçqınlara qoşuldu, “köçdün ər evinə ata evindən, amma ürəyimdən köçə bilmədin” yazaraq, sevgilisinin yad ocağa gəlin getməsini dərd edən şair “kafirlərin tapdağında inildəyən torpağım hey” ağrısıyla tapdaq altında qalan torpağın köçkünlərindən söz saldı, “o qızgilin evlərinə boylanmaqdan uzanmışam…” kimi metaforalarla poeziyanı rəngləndirən, sevgi-sevgi boy atan şair “çəmən gördüm, borc istədim, qala gördüm, bürc istədim, bu torpağı qorumağa, bu torpaqdqan güc istədim” harayını çəkdi, illərin o tayındakı sevgilisinə “ömrün o başından boylanan , gözəl, on altı yaşımdan boylanan, gözəl” deyərək, gəncliyini mübaliğəylə öyən şairin, “yurd yeri dərd yeri”nə çevrildi, “özləri budaqda qalan quşların, nəğməsi çay boyu üzüb gedirdi”, deyə, quşların nəğmələrinə qoşularaq bəmbəyaz sulara şeir qoşan şair “gedər gənclik, gəlməz daha, baxt üzünə gülməz daha. Bir qəribə son nəfəsdə,Vətən versən, ölməz daha”,  deyərək, son nəfəsə – Vətən dadan son nəfəsə tapındı,özünü misralarından asdı, “Xuda kömək olsun Xudafərinə, nə vaxtsa üstündən keçən tapılar” misralarındakı Araz qurudu, “Qaradağ, Qarabağ – qədim mahalım, al sınıq könlümü, qoyma yuxalım”, – deyə Qarabağa dərdini açan şairin dərdi böyüyüb Qarabağ boyda oldu, “şuşalandı”. Və şuşalanan dərd içində “şırımlandı”, Adil Cəmil yaradıclığının sevinc işığı öləziyərək, ağrılarla yükləndi…

Yaz gələndə pöhrələnir nisgilim,

Dağın-düzün dərdi yatır içimdə.

Mən Doğudan Batıyacan yolçuyam,

Ay da, Gün də doğur, batır içimdə.

 

Hanı mənim o zamanım, o çağım,

Ayrılığa açılıbdır qucağım.

Yurd yerində söndürülmüş ocağım

Gecə-gündüz ocaq çatır içimdə.

 

…Atam getdi bu dərdlərin əlindən,

O Kəlbəcər heç düşmədi dilindən.

Toxum tutub bu yanğının külündən

Köhnə dərdim budaq atır içimdə.

 

Üzmü qoydum dağlar baxsıüzümə,

Edam hökmü oxuyuram özümə.

Zaman-zaman bu dözülməz dözümə

Unutqanlıq məni satır içimdə.

Haşiyə: Ümumiyyətlə, dünya ədəbiyyatına nəzər saldıqda görürük ki, siyasi dönəm yaşayan bütün xalqların ədəbiyyatında fərqli bir bucaq var. Bu bucağı tədqiq etmək, yazmaq geniş bir araşdırma tələb edir.

 

***

Qeyd etdiyimiz kimi, Adil Cəmil Sovetlər dönəmindən gələn şairdir. Onun yaradıcılığı siyasi, iqtisadi, həm də mənəvi farmasiyanın erroziyasından keçərək, tamam başqa bir mühitə transformasiya olunsa da, qələmi təsadüfən, şeir xatirinə, qafiyə xatirinə dilə gəlmədi.

Adil Cəmilin bütün əsərlərində bir altyapı yatır. Bu isə Sovet dönəmi söz adamlarının sözünüqoruma-özünüqoruma şüuraltısıdır bəlkə. Onlar sözündən asıldıqca sözlərini gizlətməyə, pərdələməyə məcbur olublar və bu gizlənən sözlər “damarda qalmayıb”, sətirlərdən sızmağa başlayıb. Məsələn, hələ səksəninci illərdə  “fil dişindən saraylar var, saray yıxan alaylar var”, deyə “öyürdü” Kremli. İlk olaraq terminologiyaya, şuurlara öz təsirini göstərən Sovet hakimiyyəti qılıncı altında yazılan “Sualtı meşə” şeirinə diqqət edək:

Taleyə bax, dünyaya bax,

Su içində quruyursuz.

 

Burada su altında qalan Mingəçevir meşələrindən söhbət açılır, lakin şeiri bütöv oxuyanda görürük ki, SSRİ-nin ayrı-ayrı ölkələri  öz “kölgəsinə” yığmaq siyasətinin qurbanıdır “su içində quruyan” xalqlar:

Meşəyə bax, ağaca bax,

Kölgəsinə girən olmaz.

Yaxud:

Puçur-puçur ağlayırsız,

Yarpaq-yarpaq tökülürsüz (sovet xalqlari),

– deyir, şair.

Gözəlim, Göyçəyim Xəzər” (1983) şeirinə nəzər yetirək: Xəzərin vəsfidi ilk baxışda bu şeir, lakin ayrı-ayrı misralara bir daha diqqət edəndə, yenə də sovet məngənəsində əzilən xalqları –  xalqların “sözünü” görürük:

 

Üzə bilməz Narginəcən,

Dözə bilməz dar günəcən,

Çevrilib qağayı olar…

 

Burada 37 qurbanlarına – Müşfiqimə ağı deyir şair – Qağayıya dönüb, Xəzərimdən Bakıya boylanan Müşfiqimə…

Daş haqqında düşüncələr” şeirində şair bizə adi görünən daşda elə fəlsəfi çözümə varıb ki, oxuduqca heyrətlənməmək olmur:

 

Bəzən “daşa dəyir” başım,

Bəzən çörək “daşdan çıxır”

Belə vaxtlar insan ağlı

Havalanıb başdan çıxırr.

 

Kəlbəcərim” gərayılısının (şeir 1962-ci ildə yazılıb, ağ günlü idi onda Kəlbəcər) bircə misrasındakı bədi təyin – epitet sözə söykənən adamlarda həqiqi mənada heyrət yaradır. Şair Kəlbəcərdə bitən laləni belə vəsf edir:

 

Qan-qırmızı laləsinin,

Közərtisi qış qaytaran.

 

Bu epitetdə lalənin sinəsindəki dağın – közərtinin (yanğının) odunu-alovunu görən qış yolundan dönür (bu odda-alovda qızınan yay qışı yaxınına buraxmaz axı…). Bu misralardan gözəl, ahəngdar poetika, obrazlı söz, nəzmin incəliklərinə varmaq olardımı?! Və düşünürsən, Adil Cəmilin Azərbaycan ədəbiyyatı tarixində qalması üçün təkcə bu misra bəs edər!

Və bu qəbildən olan bir neçə örnək daha gətirim:

 

Gərək küçələri qurutmaq üçün,

Səhəri günəşin telindən asaq.

Yaxud:

 

Bu dəli harayda bişməsin deyə,

Balıqlar dənizə bürünüb gəlir.

Və yaxud:

…Balıqlar qocanın torundan qabaq,

Bir dəli nəğmənin toruna düşər.

 

Adil Cəmil yaradıcılığında lakonikliyi ilə bitkin fikri ifadə edən bayatılar da yer alıb və bu bayatılarda da (bütün yaradıcılığında olduğu kimi), yalnız Adil Cəmil nəfəsi var:

Mən neynəyim təzə dərdi,

Köhnə dərdim təzətərdi…

Qəm yükünü çəkməsəydi,

Ömür yaman tez ötərdi.

 

Cinaslı bayatıları da bu sıradandır:

 

Dolusu,

Baxdım gözüm dolusu.

Saçıma qar yerinə

Yağdı dərdin dolusu.

 

***

Təxminən on il əvvəl olardı, Adil Cəmilldən “Ədalət” qəzeti üçün müsahibə götürmüşdüm. Müsahibəçox maraqla qarşılandı. Səmimiyyəti, bədiiliyi, lakonikliyi ilə seçilən müsahibimin cavabları zamansız oldu, bu günə qədər aktuallığını qorudu. Söhbətimizdə  “şeydə ki, əxlaq pərdəsi yoxdu, o ədəbiyyat deyil. postmodernistəm deyib, çılpaq yazarlar artıq postmodernist yox, parnoqrafistdir Postmodernizm əslində bizim hər zaman axtarışında olduğumuz bir yenilik stilidir. Bunu kimsəçılpaq şəkildə ifadə edirsə, bu, o demək deyil ki, postmodernizm əxlaqsızlıqdı”, demişdir şair. Bundan sonra şairin yaradıcılığını bir daha incələdim, həqiqətən də, Adil Cəmil yaradıcılığının bədii pərdə vəəxlaqla örtülü olduğunun şahidi oldum:

***

2003 cü il oktyabr məlumatına görə dünyanın ən məşhur üç yazıçısından biri argentinalı Paolo Koelyo olub. Onun kitabları 59 dilə tərcümə edilib, 150 ölkədə nəşr olunur, 27 milyon nüsxəsi satılıb. Koelyonun ən məhşur kitablarından biri də “Kimyagər”dir. Bu, məşhur əsər adi bir çobanın arzularının arxasınca düşərək, alın yazısını tapmağından bəhs edir. Müəllif burada demək istəyir ki, hətta çoban belə istəsə dünyanın ən varlı, ən məşhur adamı ola bilər, əsas o ki, alın yazısının arxasıyca getməyi bacarasan. Adil Cəmil isə Koelyonun təxminən 150 səhifəlik kitabda yazdığını kiçik bir şeirində verib:

 

İstəsə qəzəblənər,

İstəsə həlim olar.

İstəsəşəhərə gəlib,

Alim olar.

Çobanın nəyi çatmır.

Mən bu oxşarlıqları görən zaman hər iki əsərin yazılma tarıxıni müqayisə etdim vəşahidi oldum ki, Adil Cəmilin şeiri “Kimyagər”dən hardasa 30 yaş böyükdür. Və burada düşünürəm, Azərbaycan ədəbiyyatının nəyi çatmır Koelyo olmaq üçün?!..

Ədəbiyyata qaynar, çılğın, səmimiyyətlə gələn Adil Cəmilin “Seçilmişəsərlərində”  sevgi şeirləri “Bir dəli sevgidən göyərib dünya  sərlövhəsi altında yer alıb. Buradakı şeirlərin əksəriyyəti doxsanıncı illərdən əvvəl yazılıb və kitab halında dərc edilib. Sərlövhə ilə eyni adda kitabındərcindən sonra şair kitab haqqında belə deyirdi:O kitab illərdən bəri müxtəlif vaxtlarda yazılan şeirlərdən ibarətdir. Birdən-birə o qədər sevgi şeirlərinəürək dözməz”. Həqiqətən də, bu sevgi şeirləri o qədər səmimi, içdən yazılıb ki, onları birnəfəsə oxumağa ürək dözmür…

 

Könlüm açılmayıb, üzüm gülməyib,

Mən sənə könlümü açandan bəri.

O eşqin sarayı üçmayıb, gülüm,

Xəyallar keçmişə uçandan bəri.

 

Üzünə çıxmışdı sevginin rəngi,

Sükutla deyərdin sözünü sən ki…

Bir ömür boyunca nə biləsən ki,

Bu cana nə gəldi, o cannan bəri.

 

Vaxt keçib, varımla yoxum dəyişib,

Elə düşünmə ki, ruhum dəyişib.

And olsun Allaha, yuxum dəyişib,

Sən mənim yuxumnan qaçannan bəri.

 

Adiləm, heyim yox, çoşub-daşmağa,

Razıyam, mənimlə gəl “dalaşmağa”,

Səni gözləyirəm vidalaşmağa,

Gözlərim yol çəkir haçannan bəri.

 

***

“Şeir haqqında şeir” qoşması da qrammatik quruluşu, fonetikası, ahəngi ilə şifahi ədəbiyyatdan qaynaqlanan, yazılı ədəbiyyatın heca vəznində qələmə alınmış bitkin bir əsərdir (Adil Cəmilin təcnisləri də bu qəbildəndir. “Hanı o günlər ki, gün-günə düzə, Adili o günə al, çala bir də”). Lakin burada mənim diqqətimi ən çox cəlb edən nüans, sözü Tanrı dərgahına qaldıran nizamilərin, füzulilərin özlərinin (Adil Cəmil dünyasında) ən uca zirvə olmasıdır:

Mən səni həmişə uca görmüşəm,

Nizami, Füzuli zirvəsi boyda!

 

İstərsə bundan sonra bütün eyfellər “ölsün” (“Gel seninle bir yürek çizelim, öyle bir yürük ki, sevgiyle, arkadaşlıkla, mutlulukla dolsun. İsterse ondan sonra bütün şairlər ölsün…” Cahit Külebi)! Və burada insanın özünü özünə qaytaran, sabaha ümid dolu, İlahi vergisi, özünüdərkin ən ali mərtəbəsi İrfana yol başlayır…  Və Adil Cəmilin “Yıxılmışam öz içimdən” şeirini müasir dövrun ən gözəl irfan şeiri adlandırmaq olar:

Bu qiyafə, bu biçimnən,

Boylanıram söz içinnən.

Yıxılmışam öz içimnən,

Tale təzdən qurur məni.

***

Qış gecəsinin trilogiyası” bədii tutumu və mövzuya yanaşma tərzi ilə (misal: gülə-gülə əridi qar, selə dönüb yeridi qar) seçilsə də, şeirə baxış bucağından çox maraqlıdır. Əslində nəsr üçün qəlibləndirilmiş trilogiya poeziyalaşıb burada. Bildiyimiz kimi, Höte, Heyne və başqaları poeziyanın trilogiyasına maraq göstərsələr də, bu üslubun nəsrdə, filmdə, səhnədə daha rahat yaşayacağını qəbul etdilər. Bir-birinin qovşağına bərk bağlanan, lakin ayrı zaman, məkan və mətləblər üzərində cərəyan edən, geniş məzmun tələbatlı bu üslub Azərbaycan poeziyasında da yer alıb. Buna misal olaraq Famil Mehdinin “Yeri-göyü çiynində saxlayan adam” poema-trilogiyasının (1975) adını çəkmək olar. Lakin Adil Cəmil öz trilogiyasını daha kiçik qəlibə salaraq, daha böyük mətləbə nail olub. Bu isə poeziyada yenilik kimi dəyərləndirilməlidir.

Böyük şairimiz Nəriman Həsənzadəyə həsr edilmiş “Bioqrafik etüd”də şairin bədii portretini o qədər dəqiqliklə, bədii çizib ki, hər hərəkətindən, hər şeirindən, danışığından, səsindən məsumluq yağan Nəriman Həsənzadəni görürük:

 

“Su” deyib yandı,

Bulaq başında.

Yetimlik göynədi

Uşaq yaddaşında.

“Böyüdükcə” şeirində (heca vəzninin çox az yazılan, beş hecalı şeir forması kimi texniki cəhətdən üstqat nümunəsidir) “o çən kiçildi, sünbül biçildi, Vətən kiçildi, mən böyüdükcə” bəndində “Vətən kiçildi” ifadəsi əvvəl məni təəccübləndirdi. Böyüklərin böyüyü, ucaların-ucası Vətən kiçilərmi deyə, şairə asi çıxdım. Bir daha şeirə diqqətlə yanaşdım və şairin nə demək istədiyini anladım. Burada Vətənin (ananın) övladını böyütdükcə qüruru, sevgisi, sevinci balanın boyuna gennən baxır və bu baxış bucağı o qədər böyüyür ki, Vətən (ana) kiçilir sanki…

Seçilmiş əsərlərdə” yer alan poemalar da nizamli nəsrin çox bitkin formalarıdır. Dağlar qoynunda – Kəlbəcərdə doğulan,işıq şəhəri – Mingıçevirdən boy götürən şairin yurduna vurğunluğu qabarır.

Ayrılıq səndən oldu” əslində (poemaya mənzum hekayə də demək olar) bir ailənin – sənətkar ailəsinin dramından bəhs edir. Poemadan “sənətlə ailəni bir arada saxlamaq hər oğula qismət deyil” ismarışını alırıq.

Şəkilsiz bilet” lirik şeirləri, baməzə zarafatları ilə yadda qalan böyük şairimiz Hüseyn Arifin daha bir tərəfini – müharibə qoynunda əzilən şinelini, şax geyinən poeziyasını görürük.

Zirvədə göl” poemasında Göy-gölümə bənzəyən (elə doğma gəldi mənə, elə bildim Göy-göldü o”. Poemadan) qardaş Qırğızıstanda “İssık-Kul” adlanan gölün gözəlliyindən söz açılır.

Qan borcu”nda 20 Yanvar hadisələri xronoloji ardıcıllığı və ictimaiyyətə açıqlanmayan tərəfləri ilə göz önündədir:

 

Yandırdılar ölənləri,

Bu da, təzə fənd idi.

Qaranlıqda doğma tüstü,

Göy üzünə bülənd idi.

 

Başdan-ayağacan göz yaşlarımla oxuduğum poemanin bu məqamında yerimdən dik atıldım: o gecə qurbanlarının yandırıldığından xəbərim yox idi… Əminəm ki, poema Azərbaycan ədəbiyyatı ilə yanaşı Azərbaycan tarixinə də fəxarət, rəşadət günümüz olan 20 Yanvara ən obyektiv və bədii baxış kimi yazılacaq.

““Kölgəsiz” şöhrət” kimsəyə bel bağlamadan, kimsədən asılı olmadan, kölgələrdən qaçıb işıqda özünü görməyə, işıqlı yolla addımlamağa çağıran, örnək dolu əsərdir.

Dədə ocağının odqoruyanı” əsərində son illərdə Vətənimizin başına gətirilən oyunlardan, Kəlbəcər ağrısından və bu imtahandan üzüağ çıxan oğullardan (Dədə Şəmşir nəslinin odqoruyanı Cavid Qurbanovların timsalında) bədii bir dillə söz açılır.

***

…Bu il (2019), şairin başına gələnlər şeirlərindən də yan ötməyəcək. Atanın faciəsi rəng itirən, qara geyinən bir poeziyanın faciəsinə dönəcək…

O zamanlar:

Hələ nə bilirsən dünya necədi,

İndidən gəl belə ağlama, oğlum.

 

– deyə, körpə balasını əzizləyən şair “Yuxuda ölmək” şeirini yazacaq və bu şeirdə 34 il sonra başına gələnləri (öz ölümü timsalında) oğul ölümündə yaşayacaqdı:

 

…Getmək istəyirəm öz məzarıma,

Görürəm tabutum özümdən ağır…

 

Şair bilmədən, fərqinə varmadan özündən ağır bala tabutundan yazırdı:

 

Mənim yas yerimə gələn kəsləri,

Mən özüm qapıda qarşılayıram…

 

Qapıda qarşılayacaq özünün (oğlunun) yas yerinə gələn kəsləri…

***

 

Bu ömür tarixi, gün olayıdır,

Qarşıdan qocalıq zirvəsi gəlir.

Övlad da, nəvə də Tanrı payıdır,

Görəndə yaşamaq həvəsi gəlir.

 

Qocalığınız ucalıq olsun, şair! Tanrı payı övlad-nəvələrinizin xoş günündə – yeni-yeni ad günlərində görüşənədək, 65-iniz mübarək!

70349083_2941176422562683_2445125989714362368_n

İradə Aytel

Mənbə: “Ədəbiyyat qəzeti”

 

Share: