Esmira MƏHİQIZI

ata babam 41-45 müharibəsindən qayıtmamışdı deyə,
elə bilirdim
müharibədən qayıtmırlar..
ağlım kəsəndən sonra gördüm ki,
kənddə müharibədən qayıdan var.

o gün qaranəfəs evə qaçıb nənəmə dedim ki,
-bəs Çərkəz baba müharibədən necə qayıdıb ki,
mənim babam qayıtmayıb?

onda nənəm zorla gülümsədi,
-sənin baban qoçaq kişiydi, qoçaqları müharibədə saxlayırlar.
mən də nənəmin dediklərinə inandım.

amma..
çox sonralar bildim ki, babam müharibədə ölüb

indi qohumumuz Gözəl xalanın oğlu da
Qarabağ müharibəsindən gəlmədi.
üstündən illər keçdi, yenə gəlmədi

və..Gözəl xala balalarını nə zillətlə saxlamışdı,
mən görmüşdüm!!!

mən çox şeylər görmüşdüm,
mən iki müharibənin arasında böyümüşdüm..
bilirdim ki,
müharibə yoxsullar üçündü,
zənginlər gözəl yaşasın deyə.

eeeeeeeee..e

ata babam 41-45 müharibəsində qaldı,
Gözəl xalanın oğlu Qarabağda..

onda davaya yalnız adamlar gedirdi,
indi davaya torpaqlar da getdi, qayıtmadı

və indi aydın oldu ki, uşaqlıqda düz bilmişəm,
müharibədən qayıtmırlar,
gələnlər də müharibədə qalıb gəlirlər!

*****

ən yaxın adamlar da dəyişdi..
ən isti bucaqlar da,
ən doğma qucaqlar da soyudu,
xəyal eləməyə heç nə qalmadı

nə qaldı ki ?

sonra olmayanları da bildik,
olacaqları da.

ondan sonra da
taa..olmayanları da xəyal eləmirəm..
dönüb baxanda, görürəm ki,
bir ömür elə olmayanlardı,
gəlməyənlərdi,
qalmayanlardı

bilməcələr o qədərdi ki,
tapmacalarla dolub həyat.

ancaq, ancaq..
həyat adlı tapmacanın
bulmacasını çoxdan bilirik.
çoxdan bilirik ki, olmayanlar olmayacaq.

128 baxılıb