Dünyada dəhşətli bəla yayılır: On ildir evdən bayıra çıxmayan adam…

İnsanlığın sosial problemlərindən biri də kompüter oyunlardı. Bəzi gənclər sutkanın böyük hissəsini bu oyunlara sərf edirlər. Məktəb adıyla internet klublara gedir, oyun xəstəsinə çevrilib ailəsindən uzaq düşürlər. Bir sözlə dünya yeni bir sosial problem yaşayır: oyun aludəçiləri.

İnternetin yayılması ilə getdikcə genişlənən kompüter və mobil oyunları 11-35 yaş qrupuna ciddi təsir göstərir. Araşdırmalara əsasən, qadınlarla müqayisədə kişilər kompüter oyununa daha çox diqqət ayırırlar. Aludəçilik öz dozasını aşanda isə narkotikdən heç bir fərqi olmur.

Əslində psixoloqlar bu oyunlara texnoloji inkişafın fürsəti kimi baxırlar. Aludəçilər istəsələr belə bu vərdişi tərgitə bilmirlər. Siqaret, içki aludəçiliyi kimi bir vərdişə çevrilir. Təsadüfi deyil ki, Çində bu problemi aradan qaldırmaq üçün bəzi kompüter oyunlarına qadağa qoyublar.

Son 10 ildə 100-300 min arası yapon gənci internet oyunlarına aludə olaraq evə qapanıb. Ancaq şam yeməyi üçün otağından çıxan adamlar var. Ayda bir dəfə CD almaq üçün küçəyə çıxanlara da rast gəlinir. 10 ildi otağından çıxmayıb kompüter oyunu ilə baş qatanların olduğu güman edilir. Bu tip uşaqlara və gənclərə “hikikomori” deyirlər. Mənası isə geri çəkilmək, əlini ətəyindən üzmək mənasına gəlir. Onları gerçək həyata bağlamaq üçün qurumlar, klublar yaradıblar.

Oyunlar hətta münasibətlərə də təsir göstərir. Həyat yoldaşı ilə film izləmək, birlikdə yemək yemək, gəzintiyə çıxmaq əvəzinə saatlarca kompüterin qabağında oyun oynayan gənc evli cütlüklər arasında münaqişələr artır və sonu boşanmalara gətirib çıxarır.

Məşhur psixoloqlardan biri məsələ ilə bağlı nümunə gətirib ki, aludəçi kişilərdən biri həyat yoldaşına “evdəyəm, daha nə istəyirsən” sözləri ilə özünə bəraət qzandırıb.

3D formatlı həm mobil, həm kompüterdə oynaya biləcəyimiz xeyli oyunlar var ki, real həyata çox oxşardı. İnsan “yaradırsan”, ona xarakter verirsən, istədiyin stildə geyindirirsən, evi dekor edirsən, əşyalar alırsan, işə gedirsən. Bank işçisi, yazıçı, musiqiçi… Bir sözlə xəyalındakı peşəyə yiyələnirsən. Ən maraqlısı odur ki, bu oyuna dünyanın hər yerindən qatılan insanlarla onlayn ünsiyyətdə olursan. Hədiyyə edirsən, birlikdə rəqs edir, duş ala bilirsən. Bir sözlə, ikinci həyat yaşayırsan.

“Sims4”, “Avakin life” bu qəbildən olan oyunlardandı..

Bir dəfə “Avakin” oyununda qeydiyyatdan keçdim. Məqsədim insanları bu oyuna cəlb edən səbəbləri araşdırmaq idi. Oyun onlayn olduğu üçün hindli bir qızla tanış oldum. Dənizin yanında, qayalıqda oturmuşdu. Mən də dənizdə üzürdüm. Yaxınlaşıb söhbətə tutdum. Azərbaycanı tanımırdı. Sudan qorxduğu üçün üzməyə risk etmirdi. Mən də dedim ki, onsuz da bu, oyundu, boğulmayacaqsan, gəl üzək. Risk elə, yoxla heç olmasa oyunda üzməyin dadını çıxar. O da güldü. Birlikdə üzürdük.

Mən onunla zarafatlaşırdım ki, su soyuqdu. Həqiqətən bir anda elə zənn edirsən ki, sən suyun içində üzürsən.

Hindli qız real həyatda fotoqrafiya ilə məşğul olur, amma professional deyil. Sonra oyunda türklərin olduğu məkanları tapdım. Çoxu 17 yaş qrupuna aid yeniyetmələr idi. 25 yaş adam tapdığıma sevinmişdim. Azərbaycanlı isə ümumiyyətlə gözə dəymədi. Amma türklər azərbaycanlıların da olduğunu dedi. Hətta bir türk qardaşımızla mübahisəm də düşdü. Oyunda Çexov muzeyi, kitabxana, universitet, bar, kafe, park –real həyatda olan məkanların hamısı var.

Mən muzeyə girən kimi baxdım ki, ətrafda türklər var. Hamıyla salamlaşıb türkləri çox sevdiyimi dedim. Orxan Pamuku, Nazım Hikməti çox sevirəm. Mənə kültürlü azeri deyib güldülər. Sonra isə dostlaşdıq. Bu oyunda intellektual adamlar çox azdı. Azərbaycanlıları qızıl dişləri ilə tanıdığını deyib biri bir hadisə danışdı.

Diş həkimi girir kafeyə, əlində diş çıxaran, bir-bir hamıya yaxınlaşır ki, xarab dişinizi çıxarım. Türk qardaşımız qayıdasan ki: “Sizin ölkədə kasıbların da ağzı tamamilə qızıl dişdən ibarətdi, hətta eşitdim ki, gecələr məzarlığı sökərək meyitlərin qızıl dişlərini oğurlayırlar”.

Sonra Azərbaycanda təhsil alan türklə danışdıq. Bizim ölkəni çox sevir, deyir, öz ölkəsi bahalıqdı və burdakı təhsil isə ürəyincədi. Çünki Türkiyədə pul verib imtahanlardan keçmək mümkün deyil. Milli mətbəximizi də çox bəyəndiyini dedi.

Hiss edirdim ki, bu oyunu xoşbəxt olmayanlar oynayır. Kişilərin bu oyunlara marağının səbəbi öz sevdiklərində tapa bilmədiklərinə virtualda nail olmaqdı. İstədiyi vaxt özü yeni bir xarakterdə qadın “yaardıb” onunla sevgili olur.

Sıxılanda istədiyi vaxt oyundakı xarakteri rahatlıqla silə bilir. Amma real həyatda o boyda illəri, yaşantıları bir düymə ilə silmək mümkün olmur. Ya qarşı tərəfdən biri boşanmaq istəmir, ya da başqa səbəblər.
Əslində bu oyunlar həyat yoldaşını aldatmaq sayılmasa da, birlikdə paylaşılacaq zamanı alır. Nə olsun ki, evdəsən, yanımdasan. Əslində yoxsan burda. Kompüterin içindəsən…

Bu oyunların aludəçilərinin bir ortaq cəhətləri var. Öz xoşbəxtliklərini həyatda tapa bilməyiblər. Artıq oyun aludəçiləri psixi xəstə kimi tanınır bəzi ölkələrdə. Bu adamlar niyə real həyatda xoşbəxt yaşaya bilmir? Nədir onlara əngəl olan?

Oyunda hər şey rahatlıqla, heç bir fiziki və zehni güc tətbiq etmədən qazanılır, komfort, amma real olmayan həyat qurulur.

Hər bir insanın bir hədəfi olmalıdı. Xoşbəxt olmasa belə, xoşbəxt olmaq üçün nələrsə etməlidir. Real həyat da elə budur… Ondan yaxşısı yoxdu!

Share: