Mən öləndə için için ağlayıb, Ürəyində “uğurlu yol” deyərsən…- Günəş Qarabağlı

 
Məndə günah axtarırsan. Qoy olsun… Günahkaram… Sənə bağışla da demirəm… Çünki bağışlaya bilməsən necə üzüləcəyimi də yaxşı anlarsan… Bilirəm, üzülməyimi istəməzsən… Sənin dostlarına dost deməyim suçdursa mən bu suçu da sənin, yalnız sənin xətrinə qəbul edərəm… Əgər bu etiraf sənin hər kəlmənə canım deyən biri tərəfindən dilə gətirilirsə və bu can neçə illərin dostu-sirdaşı tərəfindən soyuq və ağrılı bir mühakiməyə düçar edilirsə, bundan sonra mənim kimlərdənsə isti, şəfqətli bir nəfəs ummağıma ehtiyacmı qalar!? Əsla yox! Baxanda, bu dünya sən deyən qədər də böyük deyil… Elə yaşadığımız bu həyatın çox da uzun olmadığı kimi… Kim bilir bir də bu dünyaya gələcəyikmi?!… Mən bu amansız həyatda nə qədər yaşayacağımı bilməsəm də, ürəyimə yaxın buraxdığım bir dostun itirilməsinin nə demək olduğunu, bəlkə də çoxlarından yaxşı bilirəm… İnciklik yaxınlar arasında olar və bu zaman uman yerdən küsər inciyənlər…. Səni heç zaman incitmək istəmədiyimi yaxşı bilirsən
Onu da gözəl bilirəm ki, sən də mənə qıymazsan… Aramızda nə boyda “dava-dalaş” olsa belə… Yəni biz bir birimizdən o qədərmi uzaqlaşmışıq ki, sənin və mənim dünəndə, bugündə tanıdıqlarımız beləcə asanlıqla bizi bir-birimizdən ayıra bilsin!?… Məncə yox! Sənin də mənim kimi düşündüyünə əminəm, əzizim… Özüm qədər əminəm… Elə bu əminliklə də sənə yazdım… Yazdım ki, səni necə bir dost kimi sevdiyimi biləsən…
 
Bir qaba toxunuşla səni qıra bilərəm
Bir soyuq baxışımdan dona bilərsən, gülüm
Bir həlim təbəssümlə yenidən canlanarsan
Od tutmuş nəfəsimdən yana bilərsən, gülüm
 
Səssiz-səmirsiz gəlib dayanırsan yanımda
Gözlərinə baxanda fikirlərim qarışır
Ya sən tez doğulmusan bu anlamsız zamanda
Ya da mənim həyatım sənlə zamansızlaşır
Sənə hər toxunuşda qabarır duyğularım
Bir nəvaziş süzülür bədənindən qəlbimə
Səni düşündükcə mən çəkilir yuxularım
Bu gecikmiş sevgimin günahı nə, suçu nə!?
 
Mənim barmaqlarımda bir sığal həsrəti var,
Bir nəvazişə möhtac candı yanır gecələr…
Dan yeri sökülüncə xəyalın da yox olar…
Sənsiz üşüdər məni, sənsiz donar gecələr…
 
Sənə sarılmaq istər qollarım, neyləyim, de!
Ürəyi eşqlə dolu bir baharsan yanımda
Mənim ruhumu candan qoparıb alsan da sən
Nə yox olub gedirsən, nə də varsan yanımda
 
Günlər keçir, həftələr tutur əllərimizdən
Görüşlər qərar tutur ayrılıq sırasında
Səni istəyirəm mən, çıxar məni dənizdən
Qoy, boğulum mən sənin qolların arasında

Toxunma, o şirin xatirələrə

Keçmişi boş yerə qaytarma yenə,
Mən güzəşt deyirəm olub keçənə,
Daha yar olası deyiləm sənə,
Özünü gəl yorma heç nahaq yerə,
Toxunma, o şirin xatirələrə.
 
Amandı o hisslər qoy oyanmasın,
Bu sevda tonqalı bir də yanmasın,
Mənə xatırlatma sevgimin yaşın,
Dönmək istəmirəm ötən illərə,
Toxunma o şirin xatirələrə.
Mənim gözlərimdə sübhün yuxusu,
Gətirib eynimə sevmək qorxusu,
Sanki ürəyimdə qurubdu pusu,
Eşqin məqam gəzir könlümə girə,
Toxunma o şirin xatirələrə.
 
Fələk bu sevdanı taledən silmiş,
Demək könül qapım yanlış döyülmüş,
Mənim məhəbbətim sənlik deyilmiş,
Yaşat öz sevgini özünə görə,
Toxunma o şirin xatirələrə.

 

Mən öləndə…

 
Günlərimi əzəlindən qəm sayıb,
Məyus-məyus giley-güzar etmə sən.
Mən öləndə için için ağlayıb,
Ürəyində “uğurlu yol” deyərsən…
 
Qaralmamış ayrilığın at daşın,
Qəfil gələn yoxluğumla barışma.
Mən öləndə taleyimin göz yaşın
Göz yaşınla gizlətməyə çalışma.
payiz-fesli_50QCENAT (1)
Fərqinə var ölüm adlı gercəyin,
Boşboşuna hönkürməyə can atma.
Mən öləndə yasəmənin ləçəyin
Sinəm üstə düzməyi də unutma…
 
Ömrün üzü gah sevincdi gah kədər,
Artiq heç nə xəlq etməyib yaradan.
Mən öləndə ağı desən bir qədər
Titrək səslə adımı çək arada…
 
Gedən dönməz dönüşünə ölsən də,
Ayrılıqda öz vaxtı var hər kəsin.
Mən öləndə son görüşə gəlsən də
Elə et ki, ruhum səni sevməsin…

Ölüm gəzirəm

 
Elə bil bənd imiş himə,
Ruhuma kədər yağıbdı…
Zalım fələk ürəyimə
Çeşid-çeşid dərd yığıbdı.
 
Qalıb bahar sorağında,
Çiçək açmır küsgün könlüm…
Həyatımın sınağında
Gözü yaşlı keçir ömrüm.
 
Ağırlaşıb halım yenə,
Gözlərimdə qurumur yaş…
Zalım fələk dərdi mənə
Əsirgəyib verəydi kaş.
 
Kədərdi dövlətim, varım,
Ürəyim qabar-qabardı…
Ağrılarım, acılarım
İstəyirəm bitsin artıq.
 
Ruhdu canımın qənimi,
Yad yerinə qoymur özün…
Həyatda son güvənimi
İtirirəm həzin-həzin…
 
Üzüm başqa səmtə dönüb,
Hər şeirim bir ağıdı.
O qədər qəmə bürünüb
Gülüşüm də bayağıdı.
 
Gül ruhumun xəzan bəxti,
Yetər daha verdiyin qəm…
Tanrı mənə yazan bəxti
Silməyə ölüm gəzirəm.
21.10.2016
Share: