“Uzaqdan bir şeir” layihəsində Kəmalə AĞAYEVA

QIZ QALASI

Sinən əsrlərin daş sinəsidir,
Əgər dindirərsəm, o dinəsidir.
Elə bil musiqi xəzinəsidir
Ötər kaman kimi o tellər boyu.

Gəlinsən, asiman cunandır sənin,
Xəzərim qarşında aynandır sənin,
Bakım nə mehriban anandır sənin,
Bəslər sinəsində hey illər boyu.

Ey ana yurdumun ismət qalası,

Hüsnündə yaşayır bir qız həyası.

Paklıqdır könlünün əzəl mayası,

Bəzər camalını fəsillər boyu.

Sən bir sənətkarın ölməz sənəti,
Oldun yurdumuzun döyüş qüdrəti.
Ellər qoruyacaq bu qəniməti,
Ərmağan verəcək hey ellər boyu.

Sənin surətində donan musiqi,
bu səssiz- səmirsiz dinən musiqi,
Duyan könüllərə enən musiqi,
Səni sevdirəcək nəsillər boyu.

Yaşa bu nəğməli əzəmətinlə,
Bəzə diyarımı bu qamətinlə,
Sən ax könüllərə hekayətinlə,
Ucal Qız qalası, əsrlər boyu.

 

Share: