Hanı o əbədi günahkar bədənlər? – Aqşin Yeniseydən Yeni Şeirlər

Müstəqil.Az tanınmış şair Aqşin Yeniseyin yeni şeirlərini təqdim edir.

Alicənab qu quşu

Özünə qarşı çox alicənabdı göldə üzən qu quşu
Sadəcə, qanadları özünə götürüb,
Başqalarına verib göyləri və uçuşu.
Özünə qarşı bu qədər alicənab olmamalı,
Bir kişi, bir qadın.

Bir də görərsən, nə etsən,
Həyat qarşında durub eyni əmri təkrarlayır:
– Olmadı! Olmadı! Olmadı!

Siyasi sistemdə mümkünsüzlük

Ulduzlu, aylı, ancaq çılpaq qaranlıq səma
Kimisinə sehrdir, kimisinə müəmma.
Mənim üçünsə amma…
Dabanında tikan doğan uşaqlıq…

Sevirəm gövdələri, fikirli ağacları
Sobalarda yanacaq dik yaşamaq suçları
Bir gün çırpı olacaq budaqların ucları
Ayaq altda qalacaq bu əlçatmaz uzaqlıq.

Yaxşı şeir pis günlərdən gileydi
Kaş ki bunu gor qazanlar bileydi
Hamı deyir tanrı nəhəng bir şeydi
Bəlkə də O, uşaqdı bir qucaqlıq.

Kaş quş olam uçam ağac dəlməyə,
Amma bunu evdə kimsə bilməyə,
Ölüm çoxdu harda gəldi ölməyə
Adam azdı, bircə gün yaşamaqlıq…

Dipsomania

Unutmaq qisasa aid!
Şair der ki; söz verirəm!
Hamınızı bir gün unudacağam!
Bir xatırlaya bilsəm…
Qəzəbimdə boğuluram!
Bu bir ağcaqayının tufandan qaça bilməməsi kimi bir şey…
Ya bir torağayının balasını təhlükədə qoyub
uzaqlara uça biməməsi kimi bir şey…
Axşam olur
Quruldamağa başlayır xəyalımdakı aşiq qurbağa.
Uşaqlığım – yorğun bir göl!

Eşq

Mənə eşqdən danış, şair!
Bu, sonsuz bir savaşdırsa?
Evinə dönmək də varmı?

Mənə eşqdən danış, şair!
Bu, uzun bir səyahətsə?
Önünü görmək də varmı?

Mənə eşqdən danış, şair!
Bu, mutlu bir yolçuluqsa?
Qəzada ölmək də varmı?

Mənə eşqdən danış, şair!
Bu, göy üzünə qonmaqsa?
Məzara enmək də varmı?

Qışa hazırlıq

1

Buxarıdan sonrası nədir axı?
Azadlıqmı, yolunu azmaqmı?
Bəlkə də, geri qayıda bilməməyin dönüb geri baxan ağsaçlı üzüntüsü…

2

Qəbiristanlığa doluşmuşdu qarğalar
Hər tərəf qar idi, qar-qar-qar…
Tablonun adı güclə eşidilirdi köhnə səssizlikdə:
“Bu yazıqların nə günahı var?”

3

Qayıtdı bizim qozbel leylək.
Bu qış da uşaq gətirmədi kimsəyə.
Görərdiniz, onu dimdiyiboş görüncə
Pəncərəni necə bərkdən örtdü
oğulsuz, qızsız dul külək!
Diksindi televizorda göydələn zürafələr…

4

Bir yığın kağız-kuğuz yandırdıq sobada
üstü əlyazmalarla dolu
Evimizi təmizlədik dilimizin xəzanından.

Qocalmış “Tamil qaplanı”nın Ankarada “Uykusuzlar” meyxanəsində dedikləri

Əsarətin çörəyi ilə böyümüşdü azadlığımız!
Qarnı tox olsa da, gözü ac idi…
Arzularımızı hisə verib saxlamışdıq, ümidlərimiz qaxac idi.

Azadlığından öncə bir zindanı olmalıydı insanın
Təsadüf adlı bir günahı olmalıydı.
Bağışlamaq yuxarıda ehtiyac idi,
Nəfsimiz cənnətə möhtac idi.

Gül onu satan qoxusu olduğu üçün güldandaydı
İnsan suçu olduğu üçün zindandaydı.
Varmı ölkənizdə indi sehrbazlar, cadugərlər,
Yoxsa hamısını güllələdimi kommunist inkivizisiyası?
Heç olmasa, yaxşı bir adam qaldımı şəhərinizdə
Arxasınca ağlamaq üçün öldürüləsi, sürgün olunası
Barmaqları çəkiclə əziləsi və sümükləri dindiriləsi
Bir azad adam varmı aranızda, inancı əyləncəyə çevirən,
Suyun üstündə yeriyən, uçmaq üçün küpə girən?
Əzablarınızın alt qatında nə mənasız kirayənişinlər oturur!
o nə dadsız çörəkdi, hocam, xoşbəxtliyinizin xanım-xatını
bütün günü telefonda oynaşı yaltaq ətlə laqqırtı vurur.
Hanı o əbədi günahkar bədənlər?
Cavabsızmı qalacaq məhşərdə sizə aid niyələr, nə üçünlər, nədənlər?
Hardasınız, ey tarixin ərköyün qatilləri?
Sözləri diri-diri udmuş həqiqətin lal oğlu burdadır.
Susduqca heykələ dönür, bütə dönür, zənn edir Buddadır.
Tez gəlin, dindirin onu, öldürün onu
Zəfərlə başa çatmamalı dili olan heç bir sükutun sonu!
– Mən buralı deyiləm, abi, öldüyüm torpaqlara aidəm!

Xəstə bir bədən! Ümidlər… qutuda həblər…
Səbəblər göbək ciyəsi ilə bir qadına bağlı
Kiçik bir göy üzü var kəllə sümüyünün altında
Ürəyi gündüz cəhənnəmin, gecə cənnətin ünvanı
Gözləri iki sevən gəncin bir-birilərindən xəbərsiz ağladığı bir otelin eyvanı
Bu gecə yenə quruya çıxıb ağıllı delfinlər və geri dönməmək üçün
İntihar ediblər.
Dəniz hüzn dolu kasıb süfrəsi – boş və kirli
Amma hər kəsə açıq
Təknələr yoxsul uşaqların xəyalları
Yəni sonsuzluqdakı köməksizlik
Haraya üzərlərsə üzsünlər
Bir gün ünvana çatmadan batacaqlar
Yəni arzularına yarımçıq çatacaqlar
Günəş tənbəl-tənbəl əriyir buzda
Yəni zamanı buxarlandırır getdikcə əriyən o qoca, o soyuq üzdə
Hər gün kimsə buxarlanıb yoxa çıxır məhəlləmizdə
doxsan faizi su deyilmi insanın?
Günəş küçədə buxarlandırır zamanı
İnsan həmişə küçədə ölüb evə gəlir.
Zamanın casusu baxır divardan
Qədim bir qəhqəhənin vücududur arvadım, küncdə oturmuş
Köhnəliyindən qopub tökülür suvağının sükutu
Bir tapıntıdır oğlum, keçmiş yalqızlığımın yeganə sübutu.
On ildir ki, ölümü inkar edir masanın üstündəki ölü şəkli
Bizimi aldadır, özünümü aldadır üzündəki cansız gülümsəmə.
Sahibi ölüncə, əşyalar da ölür, sən demə.
Məsələn, bir durbin düşünün, uzaqlardan doymazdı tək gözü
Sahibi ölüncə kor oldu, içinə yığışıb qaldı küncdəki qaranlıq sandıqda
Ya bir cüt ayaqqabı düşünün
Atam öləndən sonra hiss olunmadan yoxa çıxdı
Bir müddət dolaşıb ortalıqda.

Qoca Tamil qaplanı vurnuxur ki, ağlasın!
Əsarətin çörəyi ilə böyümüşdü azadlığımız
Bircə ay da olsun maaşı kəsilməmişdi vətənpərvərliyimizin
Ehtiyac ata və Şöhrət ana oğulluğa götürmüşdü qəhrəmanlığımızı
Vətənin hər şeydən üstün olduğu bir xəlvət tapmışdıq
Orada gizlənirdik bizi axtaran cəsur yaralardan.
Ey kiçik sevinclərin yolunda böyük kədərləri qurban kəsən
xoşbəxtlik qəssabları,
eşidin o yıxılan heykəlin harayını
Əzab yoxdur, yox olan əzabdır!
– Az iç, abi, aldanma lüt şüşənin gözəl iyinə,
buğdanın bərəkətinin fahişəliyinə!

Ölülər pəncərədən baxırdı, hocam!
Küçədə, satın alınmış tablodaki rahibənin üzündə
“indi fahişəmi olduq!” deyə kinayəli bir hahaha vardı
Bütün ölümlərin sonunda bir daha, bir daha, bir daha vardı.
Əsarətin çörəyi ilə böyümüşdü azadlığımız!
Qarnı tox olsa da, gözü ac idi.
Dün gecə “big-bang”dan o qədər inandırıcı danışdın ki
Toza alergiyası olan qəhbə su pərisi durub döşəməni sildi və dedi:
“Xatirələr də insanın xarabalıqlarıdır.
Orada ölən biz idiksə, burada sağ qalan kimdi?
“Böyük partlayış” olubsa, bütün dünya öz başına uçulubsa, dağılıbsa
Hardan bilək doğru kimdi, yalan kimdi?
Eh, nəyimə gərək mənim, bundan sonra məni sevən, alan kimdi?”
O gecə sancısı tutdu bizim Yayavardenepuranın
Sonuncu əsarətin belindən gələn bir heykəl doğdu,
yenə insan doğmadı bu qancıq şəhər!
Nəyinə lazımdır bu qədər ölü, nəyinə lazımdır məzar bu qədər?
Əli qanımıza batmayan bir müqəddəsin varmı
Varmı bizi öldürməyən bir inancın.
Yayavardenepura, qovulmuş Həvva anam,
Yenə hansı gününə heykəl doğursan, yenə hansı üzlə tutubdu sancın?
Ax beyinin dəcəl səfehliyi, dur, qəbiristanlıqda pul dilən varlı başdaşılardan
Su pərisini yola salaq, sular çəkilir.

Beş dinimiz, on min tanrımız var, hocam
Hamısı ingilis general Hastingsin önündə aciz qaldılar.
Göz yaşlarım totalitarizmə ağı deyil, hocam!
Öz-özüylə danışmağa başlayır insan susdurulunca
Və bir gün özünü öldürür düşmənləri onu unudunca…
Kölgəsi doğranmış budaqlarının üstünə düşən bir ağac şəklidir mənim ölkəm

Öz əliylə vurduğu düyünü dişiylə açan kasıb atadır.
Mən də ki dişləri tökülmüş qaplan!
Özümü izləyir azad təhlükəm…

(Kulis.az)

Share: