İkinci diplom

hekayə

Qəşəm NƏCƏFZADƏ

Çox araşdırmalar apardım, dərin-dərin dəryalara baş vurdum, gördüm ki, indiyənə kimi qaz vurub qazan dolduranlarıın yolunda yaşıl işığı həmişə ikinci diplom və ya ikinci arvad yandırıb. Ikinci diplom və ikinci arvad qədər insana çörək ağacı olan heç bir layiqli sənəd yoxdur və heç şübhəsiz ki, heç bir vaxt olmayacaq.
Kim nə deyir desin, birinci diplom gənc vaxtı, ağlının hələ tam bərkiməmiş vaxtında ata-ananın məsləhəti ilə kənddən aldığın, bir az səndən yaşda bö¬yük və ya səninlə yaşıd, kök, gombul arvad kimi¬dir. İkinci diplom isə ağlının püxtələşmiş zamanında aldı¬ğın ikinci arvada bənzəyir. Üçüncü diplom isə ikin¬ci diplomun hesabına pullaşdığın, biznesinin kəl¬lə-çarxa çıxdığı bir məqamda saxladığın oynaşdır. Oy¬naş hər iki arvaddan şirin olduğunu hamı bilir, bil¬məyənlər də mənim bu yazımdan sonra yəqin ki, bilər¬lər.
O zaman ən “xod” gedən institutlardan biri və bəl¬kə də, birincisi Gəncədəki Kənd Təsərrüfatı institu¬tu idi (indi akademiya adlanır) və onun tələbələrinin sayı- hesabı yox idi. Yüz faiz əminəm ki, həmin institutu bitirənlərin əksəriyyətinin indi ikinci diplomu var və bu diplom da yüz faiz huquq sahəsi üzrə olan diplomlardır. Indi həmin adamlar birinci diplomu hərbi bilet və arvadının kəbin kağızı ilə üst-üstə qoyub, cəhrayı yaylığa bərk- bərk sarıyıb yükün altındakı üstünə də “a bəy, toyun mübarək” sözləri yazılmış cehizlik sandığın bir güncündə gizlədiblər.
İndi onlar ikinci hüquq diplomları ilə əməlli – başlı bərk gedən yerlərdə işləyir və dişləyirlər. Iş və diş məsələsi sanki ikinci diplomun baş tərəfinə yazılmış ixtisas sözünün nisbi sinonimidi, yəni bilməyənlər üçün ərz eləyim ki, nisbi sinonim atadan bir anadan ayrı olan uşaqlara deyirlər.
Is və diş məsələsi, lap dəqiq desək, daha doğrusu, bir az da dərinə getsək ikinci diplomların əsas ix¬tisası¬dır vəssalam.
Məsələn, kəndimizdə bədən tərbiyyəsi müəllimi işləyən sinif yoldaşım “iş və diş” məsələsini nəzərə aldı. Gedib diş doxturluğuna adını yazdırdı, ayda yeddi gün dərsə getdi, onun iki günü altı bazara, biri qurban bayramına, o biri ayların biri bütöv orucluq ayına, biri məhərrəmliyə düşdü. Getmədi oturdu evdə, getdiyi günlərdə də bir-iki saat oturdu dərsdə, indi kəndimizdə prokuror oturan kreslolara oxşayan yekə bir kreoslosu var, adamları oturdur orda, hər dəqiqədən bir adamların ağzından pul çıxardır.
Kəndimizdə nə qədər diş var, gəlib hamısı onun əlin¬dən keçir və bir sözlə, kəndimizin bütün adam¬larının dişi onun əbədi mülkiyyətidir. O günü hesab¬la¬dım, kəndimizin iki min səkkiz yüz əhaləsi var, iki min səkkiz yüzü vur otuz iki dişə, otuz iki dişi vur on manata (hələ çəkilməyini deyirəm), gör hara gedib çıxır. Hələ uzaqdan gəlib – gedəni demirəm, hələ protez diş düzəltdirəni də nəzərə almıram. Kişi indi bəy kefində yaşayır. Arada-bərədə adamlara qarın ağrı dərmanı da yazır. Yaz –payız aylarında kənd¬dəki mal –qara, qoyun-quzu və toyuq-cücəyə vak¬sina¬ların vurulması da onun boynunadır.
Bir köpəkoğlu gedib kənarda nə diş düzəltdirə bilər, nə də kənardan həkim gətirə bilər. Hamısı bəy oğlu Bəybalanındır.
Bir orta məktəb yoldaşım da vardı, o da gedib rus dili müəllimi oxuyub gəldi kəndə, gördü ki, bu dillə bir adamı qandıra blməyəcək, ona görə gedib Ukraynadan bir huquqi diplomu aldı, indi huquqi dillə adamları çox yaxşı başa sala bilir.
Mən ölü siz diri, gedin tərcümeyi –hallarını oxu¬yun Milli Məclisdəkilərin əksryyətinin ikinci diplo¬mu və ikinci arvadı var və özü də bu sahəyə ikinci diplo¬mun ikinci arvadın hesabına gəliblər.
Aqronom, zootexnik diplomu olanların çoxu ikin¬ci diplomla bu saat əməlli-başlı vəzifə sahibləridir. Ən aşağı vəzifəsi katibə ilə bir otağda əyləşən na¬tarius¬lardır, sən öl. Bu saat müəllimlərin əksəriyyəti tex¬niki, iqtisadiyyat, memarlıq, huquq univer¬sitetlə¬rinin diplomlarını almaqdan ötrü adlarını lazımı yerlərə yazdırıblar.
Hələ Müəllimləri Təkmilləşdirmə İnstitutunda ixtisasdəyişmə kursu var. Burda əsasən uyğun gələn ixtisasları dəyişirlər. Bu ayrı məsələ.
Bu məsələni nə ingilis nə rus, nə də huquqi dillə başa düşə bilmirəm ki, iyirmi beş il Azərbaycan dili və ədəbiyyatı müəllimi işlədikdən sonra nətər gəlib ikinci diplomla baş mühasib, huquşünas, itisadçı işləyə bilərsən, başına dönüm. Demək, işləmək olurmuş…
Dəyişin diplomlarınızı, o diplomları ki, biz beş il ərzin¬də gecə-gündüz oxuyub dizlərimiz titrəyə-titrə¬yə imtahan verib onu almışdıq.
Ikinci diplomlar və arvadlar bizim ilk diplom¬ları¬mızı kəbin kağızımız və hərbi biletimizlə birlikdə üstünə “A bəy toyun mübarək” yazılmış cehizlik sandıqlarda gizlətdi.
Demək, bizim ilk arzularımız səhv imiş…
Bir sözlə, ikinci diplom ikinci arvad kimidir, üçüncü diplom isə oynaş…

Share: