Onunla sosial şəbəkədən başlayan tanışlığımız sonradan yaradıcılığını davamlı olaraq izləməyimə səbəb oldu. Xanım yazar olaraq əsasən özünü, düşüncələrini, ətrafında baş verənləri nəzmə çəkir. İddiasız görünsə də şeirləri özünün oxunaqlığı ilə qələm adamları arasında imzasını tanıdır. Müstəqil.Az-n oxucuları da mütəmadi olaraq haqqında bəhs etdiyimiz Günəş Qarabağlının şeirləri ilə tanış olub. Bu dəfə isə onunla olan müsahibəni oxucularımıza təqdim edirik:

– Günəş xanım, şeirlərinizdə bir nisgil hiss olunmada, nədir sizi belə pərişan edən?
 
– Yazdığım hər kəlmə, hər sətir sözsüz ki, düşüncələrimin təzahürüdür. Həyatımda yaşananların ruhuma bağışladığı sevinc payı çox az olub. Həyata gəlməyimə də peşman deyiləm. Əksinə, duyduğum, gördüyüm hər şeyə maraqla yanaşıram. Həmişə bir yeni maraq nöqtəsi axtarıram ömür yollarımda. Nisgilimin başlıca nədəni doğma yurd həsrətindən qaynaqlanır…
 
– “Qarabağ” adını şair olaraq soy adınıza gətirmisiz. Harda doğulduz, necə xatırlayırsız o yerləri?
 
– Yer üzünün gerçək cənnəti olan Qarabağın gözəl bir guşəsində, Füzuli rayonunun Hoğa kəndində göz açdım bu nahaqlarla dolu dünyaya. O yerlərlə bağlı xatirələrim çoxdur. Hamısı da ürəyimi parçalayır xatırladıqca. Elə bir gözəlliyi düşmən tapdağında qoymaq olmaz. Çox təəssüflə qeyd etməliyəm ki, Qarabağın harayına biganə qalanlarımız da az deyil. Qarabağsız Azərbaycan qanadların itirmiş bir qartala bənzəyir. Bizim o yerlərə dönüşümüz mütləq olmalıdır. Tariximizə hörmət əlaməti olaraq bir də və biryolluq qayıtmalıyıq Qarabağa.
 
– Sosial şəbəkədə aktivsiz, bu sizin işinizin az olmasından xəbər vermir ki?
 
-Evdar xanım olsam da, işim heç də az deyil. Günümün əsas vaxtını övladlarıma ayırdığım diqqət və qayğı alır.
Sosial şəbəkədə aktivliyim isə şeirlərimi dostlarımla paylaşmağa və onların rəylərini öyrənməyə olan maraqdan irəli gəlir. Ümumilikdə isə ailə mənim üçün həmişə ön planda durur.
 
– Sizin yaradıcılığınızda lirika üstünlük təşkil edir.
 
-Tamamilə haqlısınız. Təbii ki, biz bir yazar olaraq yaşadıqlarımızı qələmə alırıq. Həyatımda kövrək duyğuların yeri tam başqadır. Lirikayla nəfəs alıram mən.
 
-İlahi bir eşqin yarımçıq və boynu bükük qalması deyil ki şeirlərinizdə ki bu iztirab?
 -Bu sualınızın cavabını şeirlərimdə tapa bilərsiniz. Həyatımı bütöv bir poeziya hesab edirəm. İncə məqamlardan poetik dildə danışmağa üstünlük verdiyim üçün yaradıcılığım bu sualı cavablandırmışdır, sanıram.
 
– Sizi bir yaradıcı xanım olaraq daha çox nə narahat edir?
 
-Bəşəriyyətin ən böyük bəlası insanlığın, insani dəyərlərin tədricən tükənməyə doğru getməsidir. Məni hər şeydən çox düşündürən də məhz elə bu qlobal mənəvi problemin böyüməsidir. İnsanları biganəlikdən uzaq olamağa çağırıram. Ən gözəl örnəyin diqqət, hörmət və qayğı nümunəsi olduğunu həmişə önə çəkməliyik. Gələcək nəslə həyatı, insanları sevməyi aşılamalıyıq.
 
-Şair xanım olaraq qısaca gələcək işləriniz haqda nə deyərdiz?
 
Gələcək tam olaraq bizdən asılı deyil. Əlbəttə ki, planlarım var. Yeni mövzular məni gözləyir.
Daha çox açıqlama verə bilməyəcəyəm növbəti işlərim barədə. Çünki istəyirəm ki, yeni yaradıcılıq nümunələrim oxucularıma xoş sürpriz olsun həmişə.
Söhbət etdi: Faiq BALABƏYLİ
324 baxılıb