“Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə…”- Adilə Nəzər

Tanınmış azərbaycanlı şair, Adilə Nəzər şəhidimiz, Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə şeir ithaf edib.

Müstəqil.Az şeiri təqdim edir.

(Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə)

O zaman ki, vətənin başından əsdi yellər,

Anaların gözündə coşub-çağladı sellər.

Oğullar vətən üçün alov-alov yandılar,

Könüllü dəstələrlə cəbhəyə yollandılar.

Getdilər qorumağa doğma torpağı-yurdu,

Əlin beş barmağıydı- beynəlmiləl bir ordu.

Bu torpaqda yaşayan başqa millətlər belə,

Elin ağır günündə dayaq durdular elə.

Vardı həmin sırada Albert Aqarunov da,

Vermişdi qərarını igid o qovha-qovda.

Gözlərimin önünə qəhrəman Həzi gəldi,

Bu dəmdə elə bil ki, dolaşıb ərzi, gəldi.

Ona uğur dilədi bu yurdun hər qalası,

Atlandı öz tankına o yəhudi balası.

Dedi, mənim anamdı günəşli Azərbaycan,

Ona qurbandır bu baş, ona qurbandır bu can.

Çörəyini yemişəm mən bu uca torpağın,

Ətirini duymuşam hər gülün, hər yarpağın.

Çapdı cəbhələr boyu minib dəmir atına,

Son qoydu neçə-neçə düşmənin həyatına.

Tankın, topun, cəbhəsin yerlə-yeksan elədi,

Dayanmadı, durmadı qan üstə qan ələdi.

Bir tank komandiriydi, bir aslan inadında,

İndi də yaxşı qalıb yağıların yadında..

Ən ağır döyüşlərə böyük inamla getdi.

O bu vətən yolunda özünü fəda etdi.

Bu gün Azərbaycanın Milli Qəhrəmanıdır,

Vətəni hər bir zaman ər oğullar tanıdır.

Yoxdu ayrıseçkilik burda başqa millətə,

Hər kəs layiqdi bizdə ada-sana, hörmətə.

Bir şərtlə, itirməsin çörəyinin duzunu,

Vətənin qarşısında

Albert Aqarunov tək ağ eləsin üzünü.

Share: