Bu gün Xalq artisti Səyavuş Aslanın doğum günüdür – VİDEO

Bu gün xalq artisti, milyonlarla tamaşaçının rəğbətini qazanmış kino-aktyor Səyavuş Aslanın doğum günüdür. Səyavuş Aslan oynadığı rollarla, canlandırdığı obrazlarla tamaşaçıların qəlbində taxt qura bilib. Onun həyat və yaradıcılığına nəzər saldıqda bu şəxsin Azərbaycanın kino və teatr tarixində əvəzsiz rola malik olduğunun bir daha şahidinə çevrilir.

O, yaratdığı obrazlarla böyükdən-kiçiyə hər kəsin sevimlisinə çevrildi və milyonların Səyavuş Aslanı olmağı bacardı..

Bu gün Xalq artistinin doğum günüdür. Yaşasaydı, 84 yaşını qeyd edəcəkdi.

Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci ildə Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

O, onlarla filmdə müxtəlif xarakterli obrazlarını kino lentinin yaddaşında yaşadıb. “Ulduz”, “Bəyin oğurlanması”, “Yol əhvalatı” filmlərində, “Yaşıl eynəkli adam”, “Qayınana əməliyyatı”, ”Hicran” və digər televiziya tamaşalarında yaratdığı bir-birindən yaddaqalan obrazları ilə böyük tamaşaçı sevgisi qazana bilib.

Səyavuş Aslanla həm dost olmuş, həm də uzun illər Akademik Milli Dram Teatrında çiyin-çiyinə çalışmış xalq artisti Rafiq Əzimov onun elə uşaqlıqdan qeyri-adi istedadı ilə fərqləndiyini bildirir. Onun sözlərinə görə, Səyavuş Aslan elə ilk vaxtlar da tamaşalarda oynayan zaman böyük tamaşaçı kütləsini ətrafına toplaya bilmişdi.

Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Səyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilib. O, bir çox mükafat və fəxri adlar alıb, müstəqil Azərbaycanın ali dövlət təltifləri olan “Şərəf”, “Şöhrət” ordenlərinə və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Məşhur sənətkar 2013-cü il yunun 27-də Bakıda vəfat edib.O, İkinci Fəxri Xiyabanda dəfn edilib.

 

Share: