Dünyanı kişilik xilas edərdi…

Deyirlər gözəllik dünyanı xilas edəcək. Bəs niyə etmir, bəlkə gözəlliyin özü yoxdur?

Müstəqil.Az bu sualla gözəlliyi tərənnüm edən şairlərimizə müraciət etdi. Cavabları təqdim edirik:

Şair Vasif Süleyman:

DÜNYANI DÜZƏLTMƏK, XİLAS ETMƏK ÜÇÜN YÜZ İLLƏR LAZIM GƏLƏCƏK

GÖZƏLLİK DÜNYANI XİLAS EDƏCƏK, kim deyib, bilmirəm, amma öz-özlüyündə yaxşı deyimdir. Yüzlərlə, minlərlə insanın dedikləri gözəl fikirlər var. Onu deyən adam da bu fikirlərini ehkam kimi deməyib ki… Yəni bu fikri belə də anlamaq olar:

GÖZƏLLİK DÜNYANI XİLAS EDƏ BİLƏR. Xilas edə bilər, amm necə… Hər kəs gözəl düşünsə, insanlara qarşı gözəl davransa, yaşantılarını gözəl parametrlər üzərində qursa, əlbət ki, dünya yamanlardan xilas ola bilər. Yoxsa Faiq Balabəyli üç gün gedir bir həkimin qəbuluna düşə bilmir. O deyilən gözəllik bir xəstəxananın, daha doğrusu burda çalışanların içində yoxdursa… deməli dünyanı düzəltmək, xilas etmək üçün yüz illəır lazım gələcək.

Hüseyn Cavid də deyirdi ki:

Turana qılıncdan daha kəskin, ulu qüvvət 
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Yazar Aləmzər Sadıqqızı:

DÜNYANI  KİŞİLİK XİLAS EDƏRDİ

Ən başlıcası odur ki, dünyanı gözəllik xilas edəcək, deyəndə bəzi-bəzi “gözəlçələr”elə bilir ki bu boyda dünyanı o boyda dərd-sərdən, dava-şavadan bunlar xilas edəcək…

Gözəllik məvhumu bam-başqa bir şeydi…

Gözəllik insanlıqdı… gözəllik saflıqdı, təmizlikdi, qeyrətdi, namusdu, vətən sevgisidi… Nə Lazım gəlib bizə Qarabağı qaytarmayacaq, nə də aygünlər, məleykələr, nə bilim ta kimlər… Dünyanı KİŞİLİK xilas edərdi… Bu gedişlə heyhat…

Şair Kəmalə Abiyeva

MƏNƏVİYYATI GÖZƏL OLANALAR ƏZİYYƏT ÇƏKİR 

Varmı?Dünyanı xarici gözəllik yox,ağlın gözəlliyi-mənəvi gözəllik xilas edə bilər.”Qarşımdakını necə aldadım” düşüncəsi ilə yaşayır hələ də çoxu. Dünyanı necə xilas etmək olar ki? Mənəviyyatı təmiz olanlar daha çox əziyyət çəkir, onları sevən azdı. Yəni insan həqiqətən gözəl olanda dünya xilas olacaq.

 

Şair Narın Gül Nadir:

GÖZƏLLİK YALNIZ ZÖVQ ALMAQ  ÜÇÜNDÜR…

 

Gözəllik dünyanı xilas edəcək fikri Dostoyevskiyə aiddir. Təbii ki, filosof -yazıçı burda fiziki gözəlliyi nəzərdə tutmurdu. Gözəllik dedikdə insanın saflığı, işıqlı ruhu, gözəl düşüncəsi, intellekti, yəni insanın kamil, bir qədər də ideallaşmış variantı nəzərdə tutulurdu.
Zaman keçdikcə bu ifadə insanları daha çox cəlb etdi və bəzi gözəllik salonlarının qapısından reklam lövhəsi kimi asılan “Gözəllik dünyanı xilas edəcək” fikri daha çox qadınlara şamil edilməyə başlandı. Əslində, gözəl sənət əsərlərindən də gözləntilər çox idi. Təcrübə göstərdi ki, fiziki gözəllik, gözəl rəsm əsəri, yaxud bədii əsər bəşəriyyəti dəyişmək gücünə malik deyil. Və təəssüf ki, dünyanı xilas edəcək yeni, ideal insan tipinin yaranması utopiya olaraq qaldı.
Əlbəttə, gözəlliyi inkar etmək işıqlı dünyanın üzərinə qara kölgə salmağa bənzəyərdi. İnsan övladı görmək istədiyi gözəlliyi nə qədər irəli çəkməyə cəhd etsə də, paradoksallıqdan qaça bilmir. Bəlkə də, gələcəkdə yaranan postinsan bu nisbəti dəyişə biləcək. Hələliksə, gözəllik yalnız zövq almaq, dünyanı bürüyən eybəcərliklərin içərisindən özünü xilas etmək, özünü yaşamağa ruhlandırmaq vasitəsidir.
Və bütün hallarda, gözəllik var olsun!
Şair Nuranə Nur:
GÖZƏLLİYİ YALNIZ QADIN GÖZƏLLİYİNDƏ GÖRMƏK DÜNYANI DAHA DA ÇİRKİNLƏŞDİRİR 
Gözəllik də xoşbəxtlik kimi nisbi məfhumdu. Onu ancaq qadın gözəlliyində görmək dünyanı daha da çirkinləşdirir. Gözəlliyi süni əldə etməyin mümkünlüyü uğrunda gedən mübarizə qəlblərin gözəlliyini kölgədə qoydu. Dünyanı xilas edən gözəllik sevgi olmalı idi. İnsanlara, heyvanlara, təbiətə sevgi və mərhəmət hissi. Müharibələr , təbiətdə baş verən qlobal problemlər müasir insana nəticə vermir, əksinə daha da dözümlü edir. Ən adi hesab etdiyimiz davranışlar belə- yola zibil atmaq, küçə heyvanlarını incitmək, suyun israfı bizi bu dünyanın və qəlbimizin gözəlliklərindən uzaqlaşdırır. Bütün bunların fövqündə hər şeydən önəmli olan ruh gözəlliyi durur ki, onu bədənimiz və dünyamız kimi qorumalıyıq. Bədənimizin tərbiyəsi kimi ruhumuzun da tərbiyəsi ilə məşğul olsaq dünyanı çox pisliklərdən xilas etmiş olarıq.
Yazıçı Aləm Kəngərli
GÖZƏLLİK VAR VƏ OLACAQ 
Sadəcə olaraq, gözəlliyə dəyər verənlər özləri dəyərsizləşib, azalıb.

Şair Kəmalə Məcidova:

GÖZƏLLİK HƏR KƏS TƏRƏFİNDƏN QORUNMALIDIR 


İnsan ta əzəldən gözəl olan hər şeyə məftundur, amma təkcə məftunluq azdır, gözəlliyin də köməyə ehtiyacı var, zinət diqqət tələb edir. Zinətlənməyən gözəllik tez gözdən düşür. İnsan necə kamil olur? Əlbəttə mədəniyyəti ilə. Gözəllik də kamil olmalıdır, ruha xitab etməlidir və hər kəs tərəfindən qorunmalıdır.

Faiq Balabəyli

Share: