“VƏTƏN MÜCAHİDLƏRİ – Aprel döyüşləri salnaməsindən” yaxın zamanda oxucuların ixtiyarına veriləcək

Hələ uşaq idim, cəmi 10 yaşım var idi, ilk dəfə bir şəhid haqqında yazanda. Düzdü həmin zamanlar haqqında yazdığım şəhidin heç adını da bilmirdim. Təxəyyülümdəki bütün düşüncələrimi kiril əlifbası ilə nəşr olunmuş bir jurnalda haqqında oxuduğum şəhidin timsalında cəmləşdirdim. O dövrlər uşaq ağlımla yazmışdım “Paralanmış ürək” adlı povestimi. Həmin hadisədən nə az, nə çox 22 il sonra “26 GÜN” mənim ən yaxın dostum oldu. Fərman və onun anası əsəri bitirdikdən sonra ən çox darıxdığım obrazlarım oldu. Aprel döyüşlərinin yeganə mülki şəhidi idi Fərman. Daha sonra isə get-gedə digər şəhidlərin həyatı diqqətimi cəlb etdi. “Bir şəhidi yazmaq üçün, şəhid kimi şəhidləşmək lazımdır” – belə bir fikir söyləmişdim müsahibələrimin birində. Həqiqətən də şəhid kəmləsinin dərinliyinə vardıqca bu müqəddəs amalın nə qədər uca olduğunu daha çox dərk edirəm.

“Zərif Kölgələr” layihəsinin mənə bəxş etdiyi ən böyük uğur həmin layihədə əldə etdiyim mükəmməl dostluqlardı. Bu elə həmin dostluqdur ki, “VƏTƏN MÜCAHİDLƏRİ”nin dünyaya gəlməsinə səbəb oldu. Biz bu layihəni ərsəyə gətirənə qədər ilk öncə biri-birimizi tanıdıq, biri-birimizə dəyər verməyi öyrəndik. Məhz bunun nəticəsidir ki, “Vətən Mücahidlər”i demək olar ki, bütün Aprel döyüşlərini təcəssüm etdi. Çünki, biz də məhz həmin döyüş günlərində olduğu bir xalq həmrəyliyini nümayiş etdirdik. Öz ideyamızın, öz amalımızın ətrafında birləşərək xalq birliyini, vətən eşqini ortaya qoymağa çalışdıq və düşünürəm ki, biz bunu bacardıq.

Aysel Nəsirzadə, Manya Səxavətqızı və mən Gülnarə Sadiq üçlükdə demək olar ki, bütün şəhid ailələri ilə tək-tək əlaqə saxladıq, onlar haqda bütün məlumatları əldə edərək bütün bu həyatları bir kitaba topladıq. Toplumuza “VƏTƏN MÜCAHİDLƏRİ – Aprel döyüşləri salnaməsindən” adı verdik. Bu toplunun hər səhifəsində bir şəhidin arzuları, bir şəhid anasının göz yaşları, bir şəhid xanımının uzaqlara dikilən baxışları var. Hər şəhidin həyat yolu, bir çox qazilər haqda dəqiq məlumatlar var. Eyni zamanda bir çox şairlərimizin vətən mövzusunda yazmış olduğu ədəbiyyat nümunələri də yer alıb.

Toplu geniş oxucu kütləsi üçün, şagird, müəllim və tələbələr üçün nəzərdə tutulub. Yaxın zamanda iri miqyaslı təqdimat mərasimi ilə oxucuların ixtiyarına veriləcək.

 

GÜLNARƏ SADİQ

Share: