İt də yemir kişiliyi Yalağına şükür, Dünya

Ramiz QUSARÇAYLI

DÜNYA

Nə əksən erməni çıxır,
Alağına şükür, Dünya.
O da mənə qənim çıxır
Dolağına şükür, Dünya.

Bir səsdi, bir hənir,-hamı,
Gündə bir boy enir hamı,
Bir-birini minir hamı
Ulağına şükür, Dünya.

Toyuq ağlı, quş biliyi,
Kürsüdə tuğyan eləyir,
İt də yemir kişiliyi
Yalağına şükür, Dünya.

Papağı yox sanır arvad,
Kişinin nöqsanı arvad,
Yüzündən doxsanı arvad…
Balağına şükür, Dünya.

Alim özünü aldadır,
Şair sözünü aldadır,
Ata qızını aldadır
Çalağına şükür, Dünya.

Adam-adam aşınır Yer,
Qiyamətə daşınır Yer,
Daha Göydən boşanır Yer
Talağına şükür, Dünya.

Görüntünün olası içeriği: Ramiz Qusarçaylı, ayakta, ağaç, bitki, sakal, açık hava ve doğa

TƏBRİZƏ YAĞIŞ YAĞIR 

Təbrizə yağış yağır,
Yuyur güllü otları.
Öpüşür bir-biriylə
Ürəyimin çatları.

Bu yağışlı gecənin
Qoxusu var,-
sapsarı.
Göylər çəkir canına
İslanan işıqları…

İslanan işıqların
Nəmdən keçir hər simi.
Gümanım pərişandı
Çülsüz “Gülüstan” kimi.

Urmu cadar-cadardı,
Yanır duz dağlarından.
Tanrı öpür gizlicə
Duzlu dodaqlarından.

Dolub Qarı körpüsü
Qəmin qara meyindən.
Acı çəkir Acı çay
Acı şirinliyindən…

Mehlə sığallanıram
Dərdimin lal yerində.
Şah gölü göz yaşının
Göllənir lal yerində.

Göy bulud göydən qərib
Ağ duman ağ tül üstə.
Yarpaq öpür yarpağı,
Gül sərilir gül üstə.

Təbrizə yağış yağır,
Yuyur güllü otları.
Öpüşür bir-biriylə
Ürəyimin çatları.

Görüntünün olası içeriği: Ramiz Qusarçaylı, açık hava ve iç mekan

BU SEL MƏNİ APARACAQ

Bu sel məni aparacaq,
Qabağına bənd atıram.
Hərə bir daş atır çaya
Mən çayıma qənd atıram.

Qərib gözlər qəhər atır,
Başsız bağlar bəhər atır,
Mer bazara şəhər atır
Mən dalınca kənd atıram.

Quzu kəsim baxışına,
Yusun məni yağışına,
Girib şeytan ağuşuna
Mələklərə fənd atıram.

Görüntünün olası içeriği: Ramiz Qusarçaylı
Share: