VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz bacılar və qardaşlar!
Sizləri Qurban bayramı münasibətilə təbrik edir, bu əziz günlərdə Allah adına kəsilən qurbanların, edilən ibadət və duaların qəbul olunmasını Tanrıdan arzu edirəm!
Qurban bayramı xalqımız, eləcə də bütün dünya müsəlmanları üçün olduqca əzizdir. Bu müqəddəs bayram bütün insanları bir-birinə mehriban olmağa, Tanrıya daha da yaxın olmağa səsləyir. Mən inanıram ki, belə bir müqəddəs gündə ediləcək bütün dualar Allah tərəfindən qəbul olunacaq, hər birimizin xoş niyyətinin, arzularının həyata keçməsinə kömək göstərəcək. Belə bir əziz gündə saf məqsədlərə, mənəvi dəyərlərə yönəlmiş niyyət və dualarımız ölkəmizin və millətimizin problemlərinin həlli, ən əsası Qarabağımızın tezliklə işğaldan azad olunması yolunda bizə qüvvə verəcək. İslam sülh və barış dinidir. Xeyirxahlığın, Tanrı mərhəmətinin, bərabərliyin, paylaşmanın rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edir. Bu gün Azərbaycan üçün cəmiyyətdə barış, dialoq, qarşılıqlı anlaşma hər şeydən vacibdir. Azərbaycan cəmiyyətində barış siyasəti yürüdülərsə, ölkədə olan problemlərin həllində, cəmiyyətdə olan gərginliyin azalmasında əhəmiyyətli addım atıla bilər.


Əziz həmvətənlər! İnsani dəyərlərin maddi dəyərləri üstələdiyi, insanlıq dərsi və nəfs imtahanı olan, əsrlərdən bəri bizə sevməyi və sevilməyi, qarşılıq ummadan əl tutmağı öyrədən, insanpərvərlik kimi ali dəyərləri bizə aşılamış Qurban bayramı münasibəti ilə hər birinizi bir daha təbrik edir, Tanrıdan Sizə xoşbəxtlik, əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıram. Tanrı Azərbaycanımızı qorusun”!

146 baxılıb