“Ayrılığı sal yadıma..” – Səfa Rəşid ilk kitabını təqdim edəcək

İspaniyada yaşayan şair Səfa Rəşidin “Ayrılığı sal yadıma” ilk şeirlər kitabı işıq üzü görüb.

Müstəqil.az xəbər verir ki, Səfa Rəşidin “Ayrılığı sal yadıma” kitabı 128 səhifə həcmində 300 tirajla “Adiloğlu” nəşriyyatında çap olunub. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Aysel Səfərli, məsləhətçisi Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” qəzetinin baş redaktoru, şairə-publisist Nəcibə İlkindir.

Kitabın üz qabığının rəsmi rəssam Sehran Allahverdiyə məxsusdur.

“Ayrılığı sal yadıma” şeirlər kitabı Səfa Rəşidin ilk kitabıdır. Kitabda şairin 90-cı illərin sonlarında yazdığı və son iki ildə qürbət həyatında qələmə aldığı sevgi, vətən və fəlsəfi düşüncələri yer almışdır.

Qeyd edək ki, 28 iyul, saat 14:00-da “AzərKitab” Kitab Təbliğatı Mərkəzində kitabın təqdimat mərasimi və imza günü keçiriləcək.

Kitabdan bir şeiri oxuculara təqdim edirik:

Ayrılığı sal yadıma

Ömür bitdi…gün olmadı mənimki,
Bir gülərüz üzdə qalıb min ahım.
Bundan belə darıxmağa nə var ki,
Ayrılığı sal yadıma, darıxım.

Ayrılığı sal yadıma, darıxım,
Beli kəmər, çiçəklərə əlvida.
Arzular var, ürəyimdə bir qubar,
Açılmayan ləçəklərə əlvida.

Ayrılığı sal yadıma, darıxım,
Şeir var ki, ürəyimin özüdü.
Bir həftəlik deyil axı ayrılıq,
Dodağımın isinməyən sözüdü.

Ayrılığı sal yadıma, darıxım,
Səndən sonra dərdlərim var, təzədi.
Kürəyimdə ağrıların yenisi,
Əllərimi barmaq izin bəzəmir.

Ayrılığı sal yadıma, darıxım,
Bir ağrı ol ürəyimi sıx indi.
Sən özün də darıxmağı sevirsən,
Darıxmırsan ,ürəyimdən çıx indi.

Share: