“ Mənə dəniz bağışladın”…

Mənimki yazmaqdı,

Qapılarda boyun burmaq vərdişi mənlik deyil…

İstedadlı şair,nəzəriyyəçi  ədəbiyyatşünas alim,filologiya elmləri namizədi  , Lənkəran Dövlət Universitetinin  “ Azərbaycan dili,ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasının müdiri,dosent Elşad Səfərlinin yeni- “Mənə dəniz bağışladın” adlı  sayca 14-cü  şeirlər kitabı çapdan çıxıb. Şairin yeni kitabında  son illərdə qələmə aldığı şeirləri toplanıb.

Almalı nağıllar qaldı keçmişdə,

Təzə nağılların faydası yoxdu.

O qədər çırpıblar göy ağacını,

Bizimçün düşəsi alması yoxdu.

“Əsl kitab yazılmır,mən də böyük zəhmətlə kitabımı məhz yaratdım və inanıram ki,onda ədəbiyyat adına çox şeylər tapacaqsan; onu qəbul ,ya rədd edəcəyin isə sənin vicdani işindir”…Oxucusuna ünvanladığı müraciətində şair etiraf edir ki,şeirləri  yazmaq xatirinə yazmayıb,qəlbən yaşadığı hisslər özü şeirə çevrilib.Elə bu hisslərin səmimiliyinə  görədir ki, kitab birnəfəsə oxunur.Elşad Səfərlinin yaşam dünyasının inikası,bir şairin tərcümeyi halı ,qəlb ağrıları duyulur  kitabın hər sətrində,şeirlərinin hər misrasında.

Çöldə, evdə fikirli,

Mən ömrümü yaşadım

Fikirlərlə şərikli.

Nəyin fikrini çəkir şair?Narahatlığının səbəbini oxucu ilə  belə bölüşür Elşad Səfərli .

Dəniz ki, narahat olur həmişə

Bəlkə onun üçün mən narahatam.

Sinəsində dəniz gəzdirənlərin,

Birin görmədim ki,-desin:rahatam!

İstedadlı adamlara tarix boyu ya daş atıblar,ya ox,ya güllə, ya da güllədən də betər zəhərli atmaca-ömürlərini  zəhərləmək,yaradıcılıqdan bezdirmək üçün.Elə Elşad Səfərli də arxasınca daş atanlardan gileylidir:

At bala,ünvanı düz də tapmısan,-

Daş atan bilir ki,kimə daş atır-

Söyüd ağacına kim daş atır ki?!

Kitabdakı şeirlərin hamısına mövzusundan asılı olmayaraq bir yurd sevgisi,vətən məhəbbəti hakimdir.

Uzaqdan baxmasan ,yaxın dağın heç

Əzəməti,boy-qədəri bilinməz.

Uzaqlığın özündə var qəriblik,

O olmasa Vətən qədri bilinməz.

Sözün qədrini də söz sərrafı bilər. Söz bazarının öz xiridarı var.

Söz yox,e…özgə aləmdi,

Kəlamdı,qızıl kəlmədi.

Bu kitab göydən gəlmədi,

Bu kitab bəndəlik deyil.

Elşad Səfərlinin  şair dostunun kitabı haqqında dediklərini elə  öz kitabına da şamil etmək olar.

Heç kəsdən əsirgəmə

Haqq imdadını, Allah,

Mən imzamı qoruyum,

Sən də adını, Allah!

Elşad Səfərli yeni kitabında da imzasının şərəfini,ağırlığını qoruya bilib-bu şeirləri yeni nəfəs kimi udmaq istəyirsən…

  • “O öldü”-kimliyini

Kimliyini ancaq yaxşı bilirdi.

Sözünü də şeirin

Bir naxışı bilirdi.

Nə şöhrətə can atdı,

Nə gözə soxulurdu…

O ömrünü  uğurlu

Şairtək başa vurdu”…

Bu misralar Elşad Səfərlinin özünə yazdığı nekroloqu,elegiyası,hesabatıdır.Hesabat öz yerində, oxucuları istedadlı şairdən yeni əsərlər, kitablar gözləyir.Yazın, elə həmişə belə yazın, Elşad Səfərli!

Esmira İsmayılova-Lənkəran.

Müstəqil.Az

 

192 baxılıb