Yazıçı Aləm Kəngərlinin “Qatarda 18 əhvalat” adlı hekayələr kitabınının təqdimatı keçirildi

Bu gün 29 iyun 2019-cu ildə “Akademkitab” Kitab Evində “Kitab Evi” İctimai Birliyinin təşkilatçılığı ilə yazıçı Aləm Kəngərlinin “Qatarda 18 əhvalat” adlı hekayələr kitabınının təqdimatı keçirilib. Təqdimatda tanınmış ədəbiyyatşünas-tənqidçilər, yazıçılar, şairlər, jurnalistlər və bir qrup oxucu iştirak edib.
Aparıcı filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər tədbiri açaraq kitab haqqında qısa məlumat verib. A.Kəngərlinin hekayələrinin hər birində müəllifin nihilizminin çox parlaq bir şəkildə göründüyünü, əsərlərində ümumi qəbul edilmiş əxlaqi və mədəni dəyərlərin rəngli dünyalarla və xarakterlərlə təqdim edildiyini qeyd edib.
Tənqidçi Əsəd Cahangir çıxışında Aləm Kəngərlini öz metoduna görə realist, mövzusuna görə sosioloq yazıçı, “Qatarda 18 əhvalat”ı isə çağdaş Azərbaycan sosial həyatının bədii kaleydoskopu adlandırdıb. O, qeyd edib ki, sosial gerçəkliyimiz kitabda özünün “a”dan “z”-yə əksini tapıb.
Millət vəkili Fazil Mustafa ötən əsrin 80-ci illərindən ədəbiyyatda tanınmağa başlamış Aləm Kəngərlinin eyni zamanda ölkədə gedən ictimai-siyasi proseslərin içində olduğunu vurğulayıb və əlavə edib ki, o, ən sadə həyat hadisələrini əxlaq və mənəvi dəyərlər baxımından fərqləndirib mövzuya çevirə bilir.
Tanınmış yazıçı Varis öz məruzəsində Aləm Kəngərlinin hekayələrindəki obrazları xarakterizə edib: “bu hekayələri oxuyanda özünü kiminsə iztirabına və ya sevincinə toxunmuş kimi hiss edirsən… Hekayələrdəki məqamlar insan həyatının ən həssas məqamlarıdır.” O, Aləm Kəngərlinin ölkə saytlarında olduğu kimi, Rusiya saytlarında da oxucularının çoxluğunu qeyd edib.
Tədbirdə folklorşünas-alim, yazıçı, şair Nizami Muradoğlu, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, şair, publisist Ramiz Qusarçaylı, Neftçala 20 Yanvar cəmiyyətinin sədri, müəllim Ələkbər Zahidov, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, yazıçı Kənan Hacı, şairlərdən Kəmaləddin Qədim, Qəşəm Nəcəfzadə, Ayaz Arabaçı, Murad Köhnəqala, Hüseyn Sözlü, Narıngül Nadir, Fərqanə Mehdiyeva, Arzu Nehrəmli, İlqar Türkoğlu, Aləmzər Sadıqqızı və başqaları çıxış edərək Aləm Kəngərlini “Qatarda 18 əhvalat” hekayələr kitabını yüksək fikirlərlə qiymətləndirib, ona uğurlar arzulayıblar.
Müəllif çıxışlar arasında ədəbi fəaliyyəti haqqında danışıb və bir neçə şeirini oxuyub.
Tədbirdə “Kitab Evi” İctimai Birliyinin müasir ədəbiyyatın təbliği istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğu xüsusi olaraq vurğulanıb.
“Kitab evi” İctimai Birliyi
Müstəqil.Az
FOTOLAR:
Share: