Bu gün “Four season” oteldə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) media və informasiya üzrə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərinin 2-ci toplantısı keçirilib.

Müstəqil.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, Türkiyə, Qazaxıstan və Qırğızıstan nümayəndələri iştirak edib.

Əli Həsənov tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziyanın Türk Şurasına üzv dövlətlərdə yayımlanması məqsədəuyğun olar:

“Eyni zamanda, həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın. Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-birilə əlaqələr qurublar. Lakin təəssüf ki, Azərbaycan televiziyaları nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanır”.

Ə.Həsənovun sözlərinə görə, 4 il öncə Astana görüşündə televiziya sahəsində vahid platformanın yaradılması və inkişaf etdirilməsi müzakirə olunub:

“Təəssüf ki, bu, hələ də kağız üzərində qalır. Çünki vahid platforma əsasında yaradılacaq televiziyanın yerləşəcəyi yer və maliyyə məsələləri hələ də öz həllini tapmayıb”.

Prezidentin köməkçisi Türk Şurasına üzv dövlətlərin televiziyaları vasitəsilə Azərbaycan həqiqətlərinin türk dünyasına çatdırılmasının vacib olduğunu söyləyib:

“Azərbaycanın Dağlıq Qarabağ kimi problemi, 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Yaxşı olardı ki, Türk Şurasına üzv dövlətlər də televiziya vasitəsilə Azərbaycan həqiqətlərini türk qardaşlarımıza çatdırsın”.

Qazaxıstanın İnformasiya və ictimai inkişaf nazirinin müavini Murad Azərxanov da çıxışında şuraya üzv dövlətlərlə birlikdə qarşılıqlı əlaqələrin qurulmasını dəstəklədiyini bildirib:

“Biz bədii və sənədli filmlərin çəkilişini həyata keçirmək istəyirik, sadəcə olaraq, Azərbaycanda daha çox hansı mövzulu filmlərə tələbatın olduğunu bilmək istəyirik. Düşünürük ki, bu istiqamətdə Azərbaycan televiziyaları da bizə yardımçı olacaq”.

343 baxılıb