
Ermənilər işğal edilmiş ərazilərdə qalan tarixi abidələri dağıtmaqla və saxtalaşdırmaqla kifayətlənməyib bu ərazilərdə arxeoloji qazıntılar da aparmaqdadır. Məqsəd ermənilərin Qarabağa 19-cu əsrin əvvəllərindən etibarən köçürüldüyünə dair təkzibolunmaz tarixi faktları ört-basdır etmək, ermənilərin guya min illər boyu bu torpaqlarda yaşadıqlarına dair saxta tarixi dəlillər ortaya çıxarmaqdır. Arxeoloji qazıntılar əsasən 2000-ci illərin əvvəllərindən başlayıb. Həmin vaxt Ermənistan Ekspedisiya, Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı işğal altındakı Ağdam rayonu ərazisində, vaxtilə Qarabağ xanlarının yay iqamətgahlarının yerləşdiyi Şahbulaq yaylağına ezam edilib. Onların qarşısında mifik “Böyük Ermənistan” dövlətinin paytaxtı “Tiqranakert”in izlərini tapmaq vəzifəsi qoyulub. 2006-cı ilin avqust ayında Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutu daha bir qrup əməkdaşını Şahbulaq yaylağına ezam edib. Qısa müddətdən sonra arxeoloqlar uydurma “Tiqranakert” şəhərinin qalıqlarını aşkar etdikləri barədə xəbər yayıblar. Lakin çox keçmədən onların bu “kəşfi” biabırçı faktla üzləşib, məlum olub ki, ekspedisiya üzvləri qazdıqları çalalara müasir texnikanın köməyi ilə yonulmuş mişar daşları düzüblər və onları “tarixi dəlillər” kimi təqdim ediblər. Qazıntılarda iştirak edən xarici ölkə arxeoloqları bu biabırçı faktdan sonra ekspedisiyanı tərk ediblər.
Müstəqil.Az
















