15 fevral tarixində Hacıqabul rayonunun Kolanı kəndində baş verən faciəvi hadisə ölkədə rezonans doğurub.
Müstəqil.az Publika.az-a istinadla xəbər verir ki, 1982-ci il təvəllüdlü Sahib Rəsulov atasının evində özünü asıb. Hadisədən 2 saat sonra isə onun həyat yoldaşı, 1984-cü il təvəllüdlü Əfsanə Mayılova da eyni üsuldan istifadə edərək intihar edib.
Yaxınlarının verdiyi məlumata görə, cütlük 19 il birgə yaşayıb. Bu müddət ərzində övlad sahibi ola bilməyiblər. Bunun üçün neçə dəfə müalicə alsalar da, heç bir nəticəsi olmayıb. Onlara uşaq evindən övlada sahiblənmək də təklif edilib. Lakin onlar buna qarşı çıxıblar. Cütlük 14 fevral tarixində razılaşaraq ayrılmaq qərarına gəlib. Buna görə də Əfsanə yaşadığı evi tərk edərək əmisinin yanına gedib. Sahib isə atasına kömək etmək bəhanəsi ilə onun yaşadığı evə gəlib və bağda işləməyə başlayıb. Bir müddət sonra isə qonşuluqda yaşayan azyaşlı uşaq Sahibi ağacın başında görüb və ona yaxınlaşıb. Sahibin onun çağırışına cavab vermədiyini görən uşaq dərhal yaxındakı insanlara xəbər çatdırıb. Qonşular Sahibin cansız bədənini nar ağacından asılmış şəkildə tapıblar. Əmisinin evində qalan Əfsanəyə hadisənin xəbəri 2 saat sonra çatıb. Lakin yaxınlarının verdiyi məlumata görə, Əfsanə bu qara xəbərə xüsusi reaksiya verməyib. Evini yığışdırmaq bəhanəsilə qohumlarını özündən uzaqlaşdırıb və Sahiblə birlikdə yaşadıqları evə gedib. Yaxınları Əfsanənin geri qayıtmadığını görüb narahat qalıblar. Onun arxasınca getdikdə isə gördükləri mənzərə qarşısında dəhşətə düşüblər. Belə ki, Əfsanə həyətdəki hamamın tavanından özünü asaraq intihar edib…
Əfsanəni himayəsində böyüdən Niyazəli Mayılovun sözlərinə görə, Sahib həyat yoldaşına bağlı insan olub və övladların olmamasına baxmayaraq, hər zaman Əfsanəyə sevgisini, hörmətini göstərib. Sahib bütün qohumlarına, o cümlədən, Əfsanənin qohumlarına qarşı istiqanlı, mehriban insan olub. Əfsanə isə onun ölümünə dözə bilməyib və buna görə özünü öldürmək qərarına gəlib.
Mərhum cütlüyün ölümünə səbəb kimi heç bir maddi dəlil tapılmayıb. Qohumların səsləndirdiyi versiyalara görə, cütlüyün arasında məişət zəmnində konflikt olub və onlar dalaşaraq ayrılıb. Digər bir versiya isə onların övlad sahibi olmamaları ilə bağlıdır. Belə ki, qohumları ailənin övlad sahibi olmadığını əsas gətirərək ayrılmaları üçün təzyiq göstərib. Sahib və Əfsanə bu təzyiqlərə tab gətirməyib və ayrılıb. Lakin onlar bu vəziyyətə çox dözə bilməyib və razılaşaraq intihar etmək qərarı veriblər.