Ölüləri məzardan çıxarmaq qadağan olundu

Madaqaskar hökuməti ölkədə hər il keçirilən Famadihana festivalını ləğv edib.

Hökumət bu qərarı yolxucu xəstəliklərin yayılma təhlükəsinin qarşısının alınması məsqədilə verib.

Madaqaskar hər il dünyada “Ölülər günü” kimi tanınan və ölülərin məzardan çıxarılıb rəqs edildiyi Famadihana festivalını qeyd edirdi. Səhiyyə işçiləri isə bu festivalın oduqca təhlükəli və qarşısıalınmaz xəstəliklərə yol açacağını bildirirdi.

Onlar 2 ay ərzində 224 nəfərin pnevmaniyaya yaxalandığını, 100 nəfərin bu səbəbdən öldüyünü əsas gətirərək xəstəliyin əsas qaynağı olan festivalın qadağan edilməsini tələb edib.

Mütəxəssislər də epidemik xəstəliklərin yayılmasını festivalla eyni dövrə düşdüyünü müşahidə edib. Beləliklə, festival ləğv edilib.

Festivalın ləğvinə sevinənlərlə yanaşı, qarşı çıxanlar da az olmayıb. Bölgə sakinlərindən biri Helena Raveloharisoa ölüləri unudulmuş bir əşya kimi təsəvvür etmək istəmədiyini deyib. O, bütün xəstəliklərə rəğmən, ölülərlə rəqs ənənəsini davam etdirəcəyini söyləyib.

Digər bir sakin Josefina Ralisiarisoa isə 15 il festivala qatıldığını, ancaq heç bir xəstəliyə tutulmadığını qeyd edib.

Qeyd edək ki, Madaqaskarda ölülər hər il aprel və oktyabr aylarında məzardan çıxarılır və yeni geyimlərlə bəzədilir. Ölünün qohumları onunla rəqs etdikdən sonra cəsəd yenidən məzarına qoyulur. Xalq bu ənənə ilə ölüləri qürurlandırdığına və müqəddəsləşdirdiyinə inanır.

Share: