“Azərbaycan çox zəngin tarixə malikdir”

“Azərbaycan istər incəsənət, istər memarlıq, istər ənənələr baxımından çox zəngin tarixə malikdir”.

Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir qeyd edib ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Qubadakı qədim hamam binasının bərpası layihəsini Mədəniyyət və Turizm Nazirliyi, Quba rayon icra hakimiyyəti və müvafiq mütəxəssislərlə birgə həyata keçirir:

“Biz çox şadıq ki, XVIII əsrə aid olan bu hamamın bərpasında həm mərkəzi, həm yerli hakimiyyət nümayəndələri ilə birgə çalışırıq. Hesab edirəm ki, bu bərpa işləri Quba sakinlərinin də ürəyincə olacaq. Bura bərpadan sonra maraqlı bir məkana çevriləcək”.

R.Sekuta qeyd edib ki, bu bərpa işi ABŞ səfriliyinə Azərbaycan turizminin, eyni zamanda zəngin mədəniyyətinin qorunub tanıdılması üçün yaxşı imkan verib: “İndi dünyanı zorakılıq və nifrət bürüyüb. Azərbaycanda yaşayan yəhudi icmasına olan mehriban münasibət bu ölkənin uzunmüddətli tolerantlıq nümunəsinin olduğunu göstərir. Quba dedikdə, yəhudilərlə müsəlmanların çox uzun müddət ərzində mehriban şəraitdə yaşadığı yer yada düşür. Tolerantlıq ənənələri var, amma onu qoruyub gələcək nəsillərə çatdırmaq da vacibdir. Bu baxımdan məktəblərdə maarifləndirmə işlərinin aparılması çox vacib rol oynayır. İnsanlar arasında olan əlaqələr ölkələrin inkişafı üçün vacibdir”.

Share: