Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bəzi tarixlər var ki, onlar yalnız keçmişi xatırlatmır, həm də bu günümüzlə bağlı qarşımıza mühüm vəzifələr qoyur. 18 Oktyabr Azərbaycan üçün məhz belə bir tarixdir. Xüsusilə bu, həmin tarixi prosesləri canı ilə, qanı ilə, bütün varlığı ilə yaşayanlar üçün əlahiddə məna kəsb edir. Çünki onlar (oxu: bizim nəsil) müstəqilliyin yalnız bir tarixi sənədlə elan olunmadığını, onun arxasında nə qədər ümidin, narahatlığın, mübarizənin və gələcəyə inamın dayandığını öz həyat təcrübələrindən bilirlər. Onlar dünənlə bu günü yalnız tarix kitablarından deyil, şəxsi xatirələrindən, yaşadıqları hadisələrdən və şahidi olduqları dəyişikliklərdən çıxış edərək müqayisə edirlər. Məhz buna görə həmin nəsil üçün müstəqillik sadəcə bayram edilən bir tarix deyil, zamanın sınağından keçmiş şəxsi yaddaş, yaşanmış təcrübə və xüsusi mənəvi dəyərdir.

Azərbaycanın müstəqillik tarixi bizə mühüm bir həqiqəti xatırladır: dövlətçilik yalnız keçmişlə fəxr etmək deyil, həmin irsi gələcəyə daşımaq bacarığıdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik iradəsinin ifadəsi idi. 1991-ci ildə müstəqilliyin bərpası isə həmin irsin yeni tarixi şəraitdə davam etdirilməsi demək idi. Başqa sözlə, bir nəsil müstəqilliyi arzulayıb, bir nəsil onun bərpasına şahid olub, sonrakı nəsillər isə onun dəyərini anlayaraq gələcəyə daşımalıdır.

18 Oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi təkcə hüquqi bir sənədin imzalanması deyil, XX əsrin əvvəlində yarımçıq qalmış tarixi ədalətin və milli ideyanın bərpasıdır.Lakin bu günün mahiyyətini yalnız 1991-ci ilin mürəkkəb siyasi mənzərəsi ilə məhdudlaşdırmaq, keçən üç onillikdən artıq müddətdə qət edilən böyük yolu diqqətə almamaq yanlış olardı.

Bəs keçən bu otuz beş illik müddət ərzində 18 oktyabrdan başlayan tarix bu gün həm bir dövlət olaraq, həm bir toplum olaraq, həm də fərd olaraq düşüncələrimzdə, davarnışımızda hansı dəyişiklərlə, yeniliklərlə, münasibətlərlə müşaiət olunur, hansı uğurlara nail olunub?

Bu gün biz müstəqil dövlətə sahib olmağın və bu müstəqilliyin qarşısında hər birimizin məsuliyyətini dərk edirikmi?. Otuz beş ilə əvvəl qəbul edilmiş Konstitusiya Aktı Azərbaycanın dövlət müstəqilliyini hüquqi cəhətdən bərpa etdi, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi prinsipini təsbit etdi. Lakin müstəqilliyin hüquqi sənəddə təsdiqlənməsi ilə onu real siyasi, iqtisadi və mənəvi gücə çevirmək arasında böyük məsafə, böyük zəhmət, fədakarlıq var idi. Azərbaycanın sonrakı tarixi bu məsafənin nə qədər çətin sınaqlardan keçərək qət edildiyini göstərdi.

Tarixən bir çox dövlətlər müstəqillik elan etsələr də, uzun illər ərazi bütövlüyünü və suverenliyini tam təmin edə bilmirlər. Azərbaycanın son illərdə əldə etdiyi hərbi-siyasi nəticələr və ərazi bütövlüyünün, ardınca dövlət suverenliyinin tam bərpası ilə müstəqillik tariximizin mühüm keyfiyyətcə yeni bir mərhələsinə qədəm qoyduq. Artıq müstəqilliyimiz “dondurulmuş münaqişə” və ya “ərazi itkisi” kölgəsində deyil, tam suverenlik və güclü dövlət institutu zəminində qeyd olunur. Bu, 1991-ci ildə qarşıya qoyulan tarixi missiyanın tam başa çatdırılması deməkdir.

Müasir dünyada kiçik və orta dövlətlər üçün tam müstəqil xarici siyasət yürütmək ən çətin tapşırıqlardan olduğu dövrdə, Azərbaycanın müstəqilliyin əsl göstəricilərindən biri də, bloklara qoşulmamaq, regional əməkdaşlıq formatlarının təşəbbüskarı olmaq və eyni zamanda qlobal təşkilatlara müvəffəqiyyətlə sədrlik etmək bacarığı, bərabərhüquqlu beynəlxalq tərəfdaşlıq platformalarında öz milli maraqlarını diktə edə bilmək qabiliyyətidir.

Müstəqillikdən danışarkən, adətən müqəddəs dövlət bayrağımız, gerbimiz, sərhədlərimiz, ordumuz, beynəlxalq səviyyədə təmsil olmağımız və siyasi suverenliyimiz yadımıza düşür. Bunlar dövlətçiliyin fundamental atributlarıdır. Ancaq müstəqilliyin daha az danışılan tərəfi, yəni görünməyən tərəfi də var: cəmiyyətin sərbəst düşünmək, öz problemlərini müstəqil həll etmək, qərarlarına, vəzifələrinə məsuliyyətlə yanaşmaq və gələcəyini haradasa ölkə hüdudlarından kənarda müəyyənləşdirilən qəliblərə, standartlara uyğunlaşdırmamaq bacarığı və s.

Bu gün müstəqilliyin əsas sınaqlarından biri onun nəticələrinin hər bir vətəndaşın həyatında hiss olunmasıdır. Güclü dövlət yalnız beynəlxalq müstəvidə söz sahibi olan dövlət deyil, həm də vətəndaşının təhlükəsizliyini, hüquqlarını, layiqli həyat imkanlarını və gələcəyə inamını təmin etməyə çalışan dövlətdir. Buna görə də müstəqilliyin möhkəmliyi yalnız siyasi institutlarla deyil, eyni zamanda təhsilin keyfiyyəti, hüquq mədəniyyəti, ictimai məsuliyyət və milli özünüdərk səviyyəsi ilə ölçülür. Bu mənada müstəqilliyin qorunması yalnız sərhədlərdə deyil, məktəblərdə, universitetlərdə, ailələrdə, dövlət qurumlarında və ictimai münasibətlərdə də davam edən prosesdir.

18 Oktyabrın əsl mənası da məhz buradadır. Müstəqillik bizə tarixi seçim hüququ qazandırıb. İndi isə həmin seçimin məsuliyyətini daşımaq, dövlətimizi daha güclü, cəmiyyətimizi daha savadlı, hüquq mədəniyyətimizi daha yüksək və gələcəyimizi daha etibarlı etmək bizim üzərimizə düşür.

Vətənpərvərlik yalnız əlamətdar günlərdə pafosla səsləndirilən şüarlar, təmtəraqlı tədbirlər, gurultulu çııxışlar və s. deyil. O, insanın öz işinə məsuliyyətlə yanaşmasında, cəmiyyətin probleminə biganə qalmamasında, milli adət-ənənələri, dəyərləri qorumaqda, gənclərin təhsilində, elm öyrənməsində, sahibkarın qanuni fəaliyyətində, məmurun vəzifəsini vicdanla yerinə yetirməsində, insanların hüquqlarına, ləyaqətinə və qanun qarşısında bərabərliyinə hörmətdə də və s. təzahür edir. Müstəqilliyə həqiqi bağlılıq ölkənin inkişafına hər kəsin öz sahəsində verdiyi töhfə ilə ölçülür.

Müstəqillik bizə miras qalan bir tarix, bir müqəddəs dəyər olmaqla yanaşı, bu yeni düşüncə, davranış tərzi, hər gün məsuliyyətlə yerinə yetirməli olduğumuz vəzifələr, əsas da doğrultmalı olduğumuz etimaddır. Onu qorumaq keçmişə sədaqət, inkişaf etdirmək isə gələcək nəsillər qarşısında borcumuzdur.

18 Oktyabr — Müstəqilliyin Bərpası Günü təkcə keçmişə minnətdarlıq günü deyil, həm də gələcəyə baxış, dövlətçilik məsuliyyətinin yenidən dərk edilməsi günüdür. Müstəqilliyi elan etmək tarixi fürsət idisə, onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə daha güclü, şəffaf və rəqabətədavamlı dövlət kimi təhvil vermək hər birimizin mənəvi borcudur.

 

  Siyasi şərhçi

Əhməd N. Abbasbəyli

 

 

Share: