Hər insanın öz adı, həm də bir ömür yolu olur. Zəhməti, xarakteri və insanlara münasibəti ilə qazandığı ad isə xalq tərəfindən verilir. Ramiz Həsənovun adı da illər ərzində xalqın dilində xüsusi bir ifadə ilə doğmalaşıb — «Kərpic Ramiz». Bu, sadəcə bir ləqəb deyil, onun halal zəhmətinə, alın tərinə və əməklə yoğrulmuş həyat yoluna xalqın verdiyi qiymətdir.
İnsanlar var ki, onların kimliyini və böyüklüyünü vəzifələri, titulları deyil, ömür boyu gördükləri işlər, insanlara münasibətləri, dostluğa sədaqətləri və cəmiyyətdə qazandıqları hörmət müəyyən edir. Belə insanlar üçün ən böyük sərvət vicdanla yaşanmış ömür, ən qiymətli ad isə insanların qəlbində qazandıqları etibardır. Ramiz Həsənov da mənim nəzərimdə məhz belə insanlardandır.
Ramiz müəllimlə dostluğumuzun tarixi, təxminən, otuz ilə yaxındır. Bu illər ərzində həyatın enişli-yoxuşlu yollarından keçmiş, çox hadisələrin şahidi olmuşuq. Zaman insanları sınağa çəkdikcə onların əsl simasını da üzə çıxarır. İllər keçdikcə kimin sözü ilə əməli bir olduğunu, kimin dar gündə dostunun yanında dayandığını daha yaxşı anlayırsan. Mən Ramiz müəllimi bu illər ərzində sözübütöv, səmimi, zəhmətkeş, dostluğa sədaqətli və insanlıq dəyərlərinə bağlı bir insan kimi tanımışam.
Mən Azərbaycanın cənubundanam, Ramiz Həsənov isə Borçalı elindən. Coğrafi baxımdan fərqli bölgələrdən olsaq da, bizi birləşdirən dəyərlər həmişə eyni olub: Azərbaycan sevgisi, el-obaya bağlılıq, insanlara hörmət, halal zəhmətə inam və dostluğa sədaqət. Çünki həqiqi dostluğun sərhədi nə rayon, nə bölgə, nə də məsafədir. Dostluğu yaradan insanların bir-birinə olan inamı, səmimiyyəti və mənəvi yaxınlığıdır.
Ramiz Həsənovun həyat yoluna nəzər salanda onun qazandığı hörmətin arxasında nə qədər zəhmət, əziyyət və alın təri dayandığını görürsən. O, həyatda heç nəyi asan yolla əldə etməyib. Əlinin qabarı, çəkdiyi zəhmət və gördüyü işə məsuliyyətlə yanaşması onun xarakterini formalaşdırıb. O, halal zəhmətin insanı alçaltmadığını, əksinə, ucaltdığını öz həyatı ilə sübut edənlərdəndir. Çörəyini halal zəhmətlə qazanmaq, əməyə hörmətlə yanaşmaq və hər işdə vicdanı üstün tutmaq onun həyat fəlsəfəsinin əsasını təşkil edir.
Xalq arasında ona verilən «Kərpic Ramiz» adı da məhz bu zəhmətkeş ömür yolundan qaynaqlanır. «Kərpic kəsən» ifadəsi onun keçmişdə gördüyü ağır əməyə, halal zəhmətinə və alın tərinə işarədir. Xalq bu adı ona təsadüfən verməyib. Bu adın arxasında zəhmətlə yoğrulmuş bir ömür, əməklə qazanılmış hörmət və bütün bunlara baxmayaraq, sadəliyini qoruyub saxlamağı bacaran bir insan dayanır. Zaman keçdikcə «Kərpic Ramiz» ifadəsi sadəcə ləqəb olmaqdan çıxaraq onun həyat yolunu və xarakterini ifadə edən doğma ada çevrilib.
Mənim üçün Ramiz müəllimin ən qiymətli xüsusiyyətlərindən biri də insanlara münasibətidir. O, qapısını döyənə biganə qalmayan, imkanı daxilində kömək etməyə çalışan, dostunun sevincinə də, kədərinə də şərik olan insandır. Onun üçün dostluq yalnız xoş günlərdə bir süfrə arxasında əyləşməkdən ibarət deyil. Dostluq, ilk növbədə, çətin gündə yanında olmaq, bir insanın dərdinə şərik çıxmaq və ehtiyac duyduğu anda əlindən tutmaqdır. Mən bu keyfiyyətləri Ramiz müəllimidə dəfələrlə görmüşəm.
Həyatda elə anlar olur ki, insan çətinliyə düşür, çıxış yolu axtarır, kimə üz tutacağını düşünür. Belə məqamlarda mən çox vaxt doğmalarımdan əvvəl Ramiz müəllimə güvənirəm. Çünki illər mənə öyrədib ki, onun qapısını döyəndə əliboş və ümidsiz qalmayacağam. O, indiyədək heç vaxt məni darda qoymayıb, ehtiyac duyduğum anda Xızır peyğəmbər kimi köməyimə çatıb.
İnsanın vaxtında uzatdığı əl, dediyi bir söz, göstərdiyi diqqət ən böyük dayaqdan da qiymətli olur. Ramiz Həsənov mənim üçün məhz belə bir insandır. Dar günümdə güvəndiyim, varlığı ilə ürəyimə rahatlıq gətirən, dostluğun sözdə deyil, əməldə yaşadığını dəfələrlə sübut edən qardaşım. Otuz ilə yaxın davam edən dostluğumuz mənim üçün sadəcə bir münasibət deyil, həyatın çətin anlarında arxalana biləcəyim mənəvi dayaqdır. Ona görə də Ramiz müəllimə olan hörmətim yalnız keçmiş xatirələrə deyil, bu gün də davam edən etimada söykənir.
Ramiz Həsənovun həyatında ictimai fəaliyyətin də xüsusi yeri var. «Borçalı Cəmiyyəti» İctimai Birliyinin sədri kimi onun üzərinə düşən məsuliyyət yalnız bir təşkilata rəhbərlik etməkdən ibarət deyil. Bu, Borçalı elinin adət-ənənələrini, milli-mənəvi dəyərlərini və kimliyini qorumaq, soydaşlarımız arasında birlik və həmrəyliyi möhkəmləndirmək kimi mühüm bir missiyadır. El-obanın dərdini öz dərdi, sevincini öz sevinci bilmək, insanları ortaq dəyərlər ətrafında birləşdirmək böyük məsuliyyət və ürək tələb edir.
Borçalı bizim milli yaddaşımızın ayrılmaz parçasıdır. Bu torpaq sazın, sözün, el adətlərinin, mərdliyin və qonaqpərvərliyin yaşadığı yurddur. Borçalıdan danışanda insanın gözləri önündə yalnız bir məkan deyil, bütöv bir mənəvi dünya canlanır. Bu dünyanın yaşadılması, tarixi yaddaşın qorunması, mədəni irsin gələcək nəsillərə ötürülməsi, ana dilimizə və adət-ənənələrimizə sahib çıxılması hər birimizin borcudur. Ramiz müəllim Borçalıya olan sevgisini yalnız sözlə ifadə etmir, fəaliyyəti və insanlarla münasibəti ilə də yaşadır. Borçalı onun üçün sadəcə doğulduğu torpaq deyil, yaddaş, kimlik, mənəvi kök və böyük bir elin adıdır. Eyni zamanda, o, Borçalını bütöv Azərbaycanın ayrılmaz parçası kimi qəbul edən, el sevgisini ümummilli dəyərlərlə birləşdirən insanlardandır.
Rəhbərlik etdiyi “Borçalı Cəmiyyəti” İctimai Birliyinin fəaliyyəti də bu baxımdan əhəmiyyətlidir. İnsanları bir araya gətirmək, onların qayğılarını dinləmək, milli-mənəvi irsi yaşatmaq və ictimai həmrəyliyi gücləndirmək diqqət və fədakarlıq tələb edir. İctimai fəaliyyətin həqiqi dəyəri tutulan vəzifənin adında deyil, insanların həyatına verilən töhfədə, onların etimadını qazanmaqda və gələcək üçün faydalı iz buraxmaqdadır.
Mən həmişə düşünmüşəm ki, insanın böyüklüyü hansı işdən başlaması ilə deyil, o işi hansı vicdanla görməsi, insanlara necə yanaşması və ömrünü hansı dəyərlərə həsr etməsi ilə ölçülür. Kərpic kəsən əllər də böyük bir ömür qura bilər. Əsas məsələ həmin ömrün təməlində halal zəhmətin, təmiz niyyətin və insanlığın dayanmasıdır. Ramiz Həsənovun həyat hekayəsi mənim üçün məhz bu həqiqətin canlı nümunəsidir.

Əziz dostum Ramiz müəllim haqqında yazarkən təkcə bir insanın zəhmətindən, xarakterindən və ictimai fəaliyyətindən danışmıram. Mən həm də illərin sınağından çıxmış dostluğun, sədaqətin və qardaşlığın tarixindən söz açıram. Həyatda çox adamla qarşılaşmaq mümkündür, amma hər kəsə qardaş demək olmur. Qardaşlıq bəzən qan qohumluğundan da geniş məna daşıyır. Ramiz kimi dostlar insana səmimiyyətin, sədaqətin və etibarın hələ də ən böyük mənəvi sərvətlərdən olduğunu xatırladır. Mən onu bu keyfiyyətlərinə görə sevir, hörmət edir və dostluğumuzu həyatımın dəyərli nemətlərindən biri sayıram.
Əziz dostum haqqında düşüncələrimi ifadə edən misraları da oxucularla bölüşmək istəyirəm:
Gözəl vətənimin igid övladı,
Hər yerdə şöhrətin, şanın var sənin.
Şərəflə doğrultdun verilən adı,
Damarda pak-təmiz qanın var sənin.
Qanesən Tanrının verdiyi paya,
Sınıq könülləri alası oldun.
Dağ elində gəldin dünyaya,
Bütöv bir Azərbaycan balası oldun.
Həmişə yaxşılıq olub niyyətin,
Qəlbi saf, ürəyi təmiz oğulsan.
Dostların yanında çoxdu hörmətin,
Çünki sən xətirli, əziz oğulsan.
Gələnə açıqdı qapın həmişə,
Gələnin üzünə pis baxmamısan.
Halal zəhmət istər seçdiyin peşə,
«İşim çətin» deyib, darıxmamısan.
Ömrünün yolları eniş-yoxuşlu,
Üzdə görünən tək hamar olmayıb.
Halal qazanmısan çörəyi, pulu,
Həyat sənin üçün qumar olmayıb.
…Düşürmü o ötən çağlar yadına?
Güvəndiyin dağlara qar yağardı.
Əlinin qabarı çatdı dadına,
Kərpic qızardıqca üzün ağardı.
Ay mənim sevimli dostum, sirdaşım,
Adət eyləmisən düz yaşamağa.
Həmişə ağ olsun üzün, qardaşım,
Haqqın var dünyada yüz yaşamağa.
Bu misralar mənim üçün yalnız şeir deyil. Onlar illərin içindən gələn müşahidələrimin, dostuma olan hörmətimin və onun xarakterinə verdiyim qiymətin ifadəsidir. Çünki insan haqqında deyilən gözəl sözlər yalnız səmimi duyğulara, yaşanmış xatirələrə və həqiqi münasibətə söykəndikdə dəyər qazanır.
Əziz dostum Ramiz müəllimin yeni yaşı mübarək olsun!
Arzu edirəm ki, ömrünün bu yeni mərhələsi ona möhkəm sağlamlıq, könül rahatlığı, ailə səadəti və bol sevinc gətirsin. Allah ona uzun, bərəkətli və mənalı ömür nəsib etsin. Övladlarının, nəvələrinin və doğmalarının xoş günlərini görsün. Ailəsinin əhatəsində firavan və rahat həyat yaşasın. Süfrəsindən ruzi-bərəkət, evindən gülüş və təbəssüm əskik olmasın.
İctimai fəaliyyətində yeni uğurlar qazanmasını, Borçalı elinin birliyi, milli-mənəvi dəyərlərimizin qorunması və insanların rifahı naminə gördüyü işlərin bəhrəsini görməsini arzulayıram. Qoy ətrafında onu sevən, ona hörmət edən insanlar həmişə çox olsun. Dostları xoş günlərini onunla bölüşsün, çətin anlarında isə ona dayaq olsunlar.
Ən əsası, qardaşım qədər doğma olan Ramiz müəllimin indiyədək qoruyub saxladığı mənəvi saflığını, halal zəhmətə bağlılığını, səmimiyyətini və dostluğa sədaqətini bundan sonra da yaşatmasını arzulayıram. Ömrünün hər yeni ili ona keçmişin gözəl xatirələrini, bu günün sevincini və gələcəyin ümidlərini gətirsin.
İnanıram ki, insanın ömrünü dəyərli edən yalnız yaşadığı illər deyil, həm də başqalarının qəlbində qazandığı sevgi və hörmətdir. Ramiz Həsənov da zəhməti, səmimiyyəti və insanlara münasibəti ilə illər ərzində özünə belə bir mənəvi sərvət qazanıb. Arzum budur ki, o, uzun illər sağlamlığı, həyat eşqi, doğmalarının məhəbbəti və dostlarının sədaqəti ilə yaşasın. Çəkdiyi zəhmətin bəhrəsini görsün, arzuları gerçəkləşsin, ürəyi daim rahatlıq tapsın.
Əziz dostuma uzun sağlam ömür arzulayıram. Elə bir ömür ki, hər ili sağlamlıqla, hər günü xoş xəbərlə, hər anı doğmalarının sevgisi və dostlarının sədaqəti ilə dolu olsun. Qoy bundan sonrakı ömrü indiyədək keçdiyi yolların gözəl bəhrələrini gördüyü, sevincini doğmaları ilə, xoşbəxtliyini dostları ilə bölüşdüyü illər olsun.
Yeni yaşı mübarək olsun, əziz dostum, sirdaşım, qardaşım Ramiz Həsənovun!

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.




















