Bir işıqlı adam da dünyasını dəyişdi… – Faiq Balabəyli yazdı

Bir işıqlı adam da dünyasını dəyişdi… – Faiq Balabəyli yazdı

Ayaz Vəfalının son mənzilə yola salınmasından reportaj

Bir işıqlı adam da dünyasını dəyişdi… Onu xatırlayacaqlar. Ruhuna dualar oxunacaq, haqqında xoş sözlər deyiləcək, yazdıqları vərəqlənəcək, şeirləri yenidən oxunacaq. Adı çəkiləndə üzlərdə təbəssüm, ürəklərdə kövrəklik yaranacaq. Buna əminəm. Çünki bəzi insanlar bu dünyadan köçsələr də, özlərindən sonra elə bir mənəvi iz qoyurlar ki, zaman keçdikcə həmin izin dəyəri daha da aydın görünür. Onlar təkcə yazdıqları əsərlərlə deyil, insanlıqları, xeyirxahlıqları, başqalarının həyatında oynadıqları rolla da yaşayırlar.

Ayaz Vəfalı da belə insanlardan idi…

 

Sübhün ağır xəbəri

Vaxtsız zənglərə öyrənmişəm. Həyat məni belə zənglərə alışdırıb. Hər dəfə telefonun səsinə oyananda həm xoş bir xəbər eşitməyə, həm də insanın ürəyini göynədən, nəfəsini daraldan bir xəbərlə qarşılaşmağa hazır oluram. Çünki illər ərzində belə zənglərin gətirdiyi sevinci də görmüşəm, ağrısını uzun müddət içimdə daşıdığım xəbərləri də eşitmişəm.

Bu dəfə də telefonun səsinə oyandım.

Saata baxdım. Əqrəblər altını yenicə keçmiş, yeddiyə doğru irəliləyirdi. Əlimdəki yazını tamamlayıb təzəcə yuxuya getmişdim. Telefonun ekranına baxdım. Zəng edən Azər Turan idi. Dərhal geri zəng etdim.

Azər müəllimin səsində qəribə bir yorğunluq, narahatlıq vardı. Sanki indicə eşitdiyi bir xəbərin ağırlığı altında əzilirdi. Bir anlıq susdu, sonra soruşdu:

-Ayaz müəllimlə bağlı xəbər doğrudurmu?

Sualın özündə elə bir ağrı vardı ki, cavab verməzdən əvvəl içimdə nəyinsə qırıldığını hiss etdim.

— Yalan olmaz… O kişi haqqında heç hansısa bir yalan xəbəri paylaşmağa cürət etməz, — dedim.

Bu sözləri söyləyərkən xəbərin nə olduğunu hələ tam bilmirdim. Amma dilimdən çıxan cümlələr elə bil özümə də bir həqiqəti pıçıldayırdı. Sözlərimi bitirən kimi sinəmdə izah edə bilmədiyim bir ağrı baş qaldırdı. Sanki içimdə nəsə qırılmışdı. Hələ telefonun o başından qəti bir təsdiq eşitməmişdim, amma ürəyim artıq pis xəbərin ağırlığını duyurdu.

— Azər müəllim, bir az gözləyin, sizə yenidən zəng edəcəyəm, — dedim.

Doğmaları ilə əlaqə saxladım. Təəssüf ki, şübhəmiz doğru çıxdı: Ayaz Vəfalı dünyasını dəyişmişdi.

Bir anlıq hər şey susdu. Səhərin sakitliyinə qarışan bu xəbər adamın içində nə qədər səs-küy yarada bilirmiş…

Yenidən Azər müəllimlə əlaqə saxladım. Artıq deməyə söz tapmaq çətin idi. Bəzən insan ən ağır xəbəri çatdıranda deyil, onu təsdiqləyəndə çarəsiz qalır. Çünki ölümün həqiqət olduğunu dilə gətirmək, sanki həmin həqiqəti birdəfəlik qəbul etmək deməkdir.

Acı xəbər tez yayılır, deyiblər. Elə bil qanadlanır, yolunu özü tapır, bir-birindən uzaq insanları eyni kədərin ətrafında birləşdirir.

Bu dəfə də belə oldu.

Bir yaxşılığın unudulmayan izi

Bir müddət sonra telefonum zəng çaldı. Zəng edən «Ədəbiyyat qəzeti»ndə bizimlə birgə çalışmış Sabit İsmayılov idi.

Ayaz müəllimlə vidalaşmaq, dəfn mərasimində iştirak etmək istəyirdi.

Yolboyu söhbətimiz istər-istəməz Ayaz müəllimin ətrafında dolanırdı. Sabit danışdıqca səsindəki kövrəklik daha aydın duyulurdu. O, Ayaz müəllimin həyatında oynadığı roldan, vaxtilə ona göstərdiyi qayğıdan söz açdı.

— Mənə ilk işi o kişi vermişdi. Köçkünlük dövrü idi. Həmin işdən aldığım maaşla anamı, bacı-qardaşlarımı, özümü dolandırmaq üçün bu, çox böyük kömək idi, — dedi.

Şuşalı Sabitin sözlərində yalnız bir işə düzəlməyin sevinci yox, çətin günündə əlindən tutmuş bir insana minnətdarlıq duyğusu vardı.

Bəzən bir insanın böyüklüyünü onun tutduğu vəzifə, yazdığı kitablar, aldığı mükafatlar müəyyən etmir. Əsl böyüklük, bəlkə də, başqasının ən çətin günündə onun qarşısına çıxmaq, ehtiyac duyduğu anda əlindən tutmaqdır.

İllər keçər, hadisələr unudular, çox şey yaddaşdan silinər. Amma insanın çətin günündə göstərilən yaxşılıq unudulmur. O yaxşılıq yaddaşda qalır, zaman keçdikcə daha da böyüyür, xatirəyə çevrilir.

Kədərin toplandığı həyət

Nərimanov rayonunda, Ayaz müəllimin yaşadığı binanın həyətinə çatanda bizi ağır bir sükut qarşıladı.

Həyətdə və mənzildə mərhumun doğmaları toplaşmışdılar. Hər kəsin üzündə eyni ifadə vardı: itkinin ağırlığını sözlə anlatmağın mümkünsüzlüyü. Bəzən insanın nə deyəcəyini bilməməsi deyil, deyə biləcəyi sözlərin heç birinin dərdinə uyğun gəlməməsi onu susdurur.

Bir qədər sonra Azər Turan da gəldi.

Onun narahatlığı, danışdıqca titrəyən dodaqları, ard-arda siqaret yandırması və tüstünü ciyərlərinə çəkib yenidən bayıra buraxması içində yaşadığı ağrının böyüklüyünü göstərirdi. Azər müəllim üçün bu, yalnız tanınmış bir şairin və ya uzun illər ədəbiyyat mətbuatında iz qoymuş bir qələm sahibinin itkisi deyildi. Bu, həm də yaxınlıq etdiyi, şəxsiyyətinə hörmət bəslədiyi, ədəbi düşüncəsini və insani keyfiyyətlərini qiymətləndirdiyi bir insanla vidalaşmaq idi.

Az sonra Ayaz müəllimin ən yaxın dostlarından biri, tanınmış alim, professor Qəzənfər Paşayev gəldi.

Ahıl alimin gözlərindəki kədər nəzərimdən yayınmadı. Səsindəki titrəyiş isə diqqətimi bir az da ona yönəltdi. İllərin dostluğundan sonra belə bir ayrılığın nə demək olduğunu onun çöhrəsində görmək mümkün idi.

Qəzənfər müəllimin çiyinləri sanki ağır bir yükün altında əyilmişdi. Baxışlarında illərin xatirələri, yaşanmış günlər, bölüşülmüş söhbətlər, birgə keçilmiş yollar vardı. Dost itkisi insanın yalnız bu gününü əlindən almır, onunla birlikdə keçmişinin bir hissəsini də aparır. axı dost insanın həyatında ayrıca bir yaddaşdır. O yaddaşın sahibi dünyadan köçəndə xatirələr qalır, amma həmin xatirələri birlikdə yada salacağın insanın olmamsı əzabdır.

Bu düşüncələrin içindəykən telefonum yenidən zəng çaldı.

Zəng edən Xalq şairi Sabir Rüstəmxanlı idi.

— Nə acı xəbər oldu… Ayazı görə bilmədim, — dedi.

Səsindəki təəssüf aydın duyulurdu.

Bir neçə dəfə Ayaz müəllimi yoluxmaq, onunla görüşmək barədə danışmışdılar. Ancaq müxtəlif səbəblərdən bu görüş baş tutmamışdı. Sabir müəllimin səhhətində yaranan problemlər, səfərlər və başqa maneələr onların görüşünü təxirə salmışdı.

İndi isə görüşmək üçün bütün imkanlar tükənmişdi.

İnsan bəzən bir zəngin, bir görüşün, bir söhbətin vaxtını sonraya saxlayır. Elə bilir ki, sabah da var, birigün də. Deyilməmiş sözlər üçün zaman tapılacaq, yarımçıq qalmış söhbətlər davam etdiriləcək. Amma həyatın öz təqvimi var. O təqvimdə bəzən bizim planlaşdırdığımız sabaha yer qalmır.

Məlum oldu ki, Sabir müəllim Bakıda deyil. Telefonu Ayaz müəllimin oğlu İftixara verdim.

İftixar, Sabir əmi deyir və səsi titrəyir. O anın təfərrüatlarını sözlə ifadə etmək çətindir.

Bir ömrün ədəbiyyatla yazılan səhifələri

Ayaz Vəfalı uzun illər «Ədəbiyyat qəzeti»nin baş redaktoru olmuşdu. Azərbaycanın Əməkdar incəsənət xadimi, ədəbiyyatşünas, füzulişünas alim, şair və publisist kimi tanınırdı.

Bu adların hər biri onun ömrünün ayrıca bir səhifəsini ifadə edirdi.

O, ədəbiyyatın içində yaşamış, sözə xidmət etmiş, qələm adamları ilə ünsiyyətdə olmuş, ədəbi mühitin müxtəlif mərhələlərinə şahidlik etmişdi. Ancaq Ayaz müəllimi yalnız tutduğu vəzifələrlə, elmi fəaliyyəti və yaradıcılığı ilə xatırlamaq, məncə, onun şəxsiyyətini tam ifadə etməzdi.

Onu tanıyanların xatirələrində başqa bir Ayaz Vəfalı da yaşayırdı: qayğıkeş, diqqətli, əxlaqlı, başqasının dərdinə biganə qalmayan, münasibətlərində səmimiyyəti qoruyan insan.

Elə buna görə də həmin gün onun yaşadığı binanın həyətində, doğmalarının yanında, dostlarının baxışlarında gördüyüm kədər mənə adi bir dəfn mərasiminin hüznü kimi görünmürdü. Burada bir insanın ömrünə, şəxsiyyətinə, başqalarının həyatında buraxdığı izlərə verilən qiymət vardı.

İnsan haqqında ən səmimi sözlər çox vaxt onun yoxluğunda deyilir. Amma əslində həmin sözlər yeni yaranmır. Onlar illərlə ürəklərdə toplanır, fürsət düşəndə xatirələrdə üzə çıxır. Ölüm isə bəzən bu sözlərin hamısını bir yerə yığır, insanın necə yaşadığını başqalarına bir daha xatırladır.

Ayaz müəllim haqqında danışılanlar da belə idi.

Son mənzilə gedən yol

Vida mərasiminə qatılanların üzündəki kədər, doğmalarının yaşadığı ağrı, dostlarının susqunluğu bir-birinə qarışmışdı. Hər kəs öz Ayaz Vəfalısı ilə vidalaşırdı. Kimisi bir dostunu, kimisi müəllimini, kimisi ona vaxtilə əl uzatmış bir insanı, kimisi də ədəbiyyatın işıqlı simalarından birini itirmişdi.

Biz isə Ayaz müəllimi son mənzilə yola salırdıq.

Onu Xırdalan qəsəbə qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırdıq.

Bu, ömrün son dayanacağı idi. Bir vaxtlar şeirlər yazan, ədəbiyyat haqqında düşünən, insanlarla söhbətləşən, dostları ilə görüşən, başqalarının dərdinə şərik olan insanın cismani yolunun bitdiyi yer…

Torpaq insanı öz qoynuna alır. Amma onun yaşadığı ömrü, söylədiyi sözü, yazdığı şeiri, etdiyi yaxşılığı özündə basdırmaq mümkün deyil.

Dəfn mərasiminin dini ritualları başa çatandan sonra vida çıxışları başladı.

İlk olaraq professor Qəzənfər Paşayev danışdı.

O, Ayaz müəllimlə ilk tanışlığından, illər ərzində möhkəmlənən dostluqlarından söz açdı. Dostunun əxlaqlı, diqqətli, nümunəvi insan olduğunu vurğuladı, onunla bağlı xatirələrini bölüşdü.

Qəzənfər müəllimin sözlərində dost itkisi ilə barışmağa çalışan bir insanın ağrısı duyulurdu. Onun danışdıqları sadəcə bir şairin həyatına verilən qiymət deyildi. Bu, uzun illərin sınağından çıxmış dostluğun, qarşılıqlı hörmətin və mənəvi bağlılığın ifadəsi idi.

Sonra «Ədəbiyyat qəzeti»nin baş redaktoru, ədəbiyyatşünas alim Azər Turan danışdı.

Ayaz Vəfalının baş redaktor kimi fəaliyyətindən, onun iş üslubundan, insanlarla münasibətindən söz açdı. Ayaz müəllimin kollektivdə, onu tanıyanlar arasında necə sevildiyini vurğuladı.

Azər Turanın sözləri ilə həmin səhər eşitdiyim telefon zəngi yenidən yaddaşımda canlandı. O zəngdəki narahatlıq, səsindəki ağırlıq, dodaqlarındakı titrəyiş indi daha aydın mənalandı. Çünki bəzən insanın itirdiyi adam haqqında danışması, onun yoxluğunu sözlə ifadə etməsi itkinin özünü yenidən yaşamaq deməkdir.

Ayaz müəllimin ömründən danışılırdı, amma bu sözlərin arasında onun yoxluğuna alışa bilməyən insanların kədəri də vardı.

Ürəyimdə pıçıldadığım şeirlər

Vida mərasimində mənim də demək istədiyim sözlər vardı.

Ancaq bəzən insanın ürəyindəki fikirləri dilə gətirməsi asan olmur. Xüsusilə də haqqında danışdığın insanın sənin həyatında mühüm yeri olubsa…

Ayaz müəllimin son mənzilində dayanarkən onun müxtəlif vaxtlarda yazdığı şeirləri ürəyimdə pıçıldayırdım. Sanki sözlər yaddaşımın dərinliklərindən bir-bir üzə çıxır, məni onunla keçmişdə yaşadığım günlərə qaytarırdı.

«Dörd yaşında fikir çəkdim» poemasını içimdə səsləndirdim.

Kəndimizə, yurdumuza həsr etdiyi, ürəyimizi oxşayan şeirlərini xatırladım. O misraların içində doğma torpağın nəfəsi, yurd həsrəti, insanın keçmişinə bağlılığı vardı. Şairin sözləri bəzən elə olur ki, oxuyub bitirəndən sonra da insanın içində yaşamağa davam edir. İllər keçir, həyat dəyişir, amma həmin misralar öz doğmalığını itirmir.

Ayaz müəllimin şeirləri də mənim üçün belə idi.

Şeirlərinin birində belə demişdi: Vəfalıyam, etmə vəfasız məni…
O, heç vaxt vəfasız olmadı. Kəndinə, doğmalarına, sözə, ədəbiyyata qarşı həssas və dogma oldu..

İçimdə ona səsləndim:

Ruhun şad olsun, böyük insan! Ruhun şad olsun, gözəl şair!

Bəlkə də həmin an ürəyimdən keçənləri ifadə etmək üçün bundan artıq sözə ehtiyac yox idi.

Yaddaşımda yaşayan Ayaz müəllim

Ayaz müəllimlə bağlı xatirələrimi bir-bir yaddaşımdan keçirdim. Həyatımda oynadığı mühüm rolu, mənə münasibətini, ondan gördüyüm diqqəti və qayğını yenidən xatırladım.

İnsan bəzən gündəlik həyatın axarında ona göstərilən yaxşılığın, deyilən bir sözün, verilən bir məsləhətin əsl qiymətini tam anlamır. Zaman keçir, yollar ayrılır, illər arxada qalır. Sonra bir gün həmin insanın yoxluğu ilə üz-üzə dayanırsan və anlayırsan ki, yaddaşında qoruduğun xatirələr əslində nə qədər qiymətli imiş.

Ayaz müəllimin də mənim həyatımda öz yeri, öz izi vardı.

Qəzənfər Paşayevin dost ağrısı, Azər Turanın sarsıntısı, Sabir Rüstəmxanlının görüşə bilməməkdən doğan təəssüfü, Sabit İsmayılovun minnətdarlığı, Ədəbiyyat qəzetinin əməkdaşı Südabə Məmmədovanın həmin gecə gördüyü yuxusu,  — bütün bunlar Ayaz Vəfalının ömründən qalan mənəvi izlərin ayrı-ayrı ifadələri idi.

Bir insanın həyatı başqalarının yaddaşında belə yaşayırsa, deməli, o, yalnız özü üçün yaşamayıb.

İndi onun səsini eşitməyəcəyik. Yeni yazılarını oxumayacaq, onunla üzbəüz oturub söhbət edə bilməyəcəyik. Ancaq yazdıqları, söylədikləri, etdiyi yaxşılıqlar və insanlarda yaratdığı xoş təəssüratlar yaşayacaq.

Mən isə onun son mənzilindən ayrılarkən yaddaşımda bir ömrün işığını daşıyırdım.

Bir daha Allahdan ona rəhmət dilədim.

Ruhun şad olsun, məkanın cənnət olsun, Ayaz müəllim!

Faiq Balabəyli

 

Share: