Su gətirən şəhid… – Atlas Rzayi yazır

Su gətirən şəhid… – Atlas Rzayi yazır

Vətən üçün canını qurban verən oğullarımız var olduqca, Vətənimiz də əmin – amanlıqda olacaq. Bu firavanlığı bizə canı bahasına bəxş edən qəhrəmanlarımızdan biri də Abdullayev Balazadə Rafət oğludur.

Balazadə 1991-ci il iyun ayının 22 – də Salyan rayonunun Yenikənd kəndində anadan olmuşdur. 1997-ci ildə həmin kənddə şəhid Salman Cəfərov adına orta məktəbdə oxumuşdur. Sakit təbiətli, savadlı və üzü nurlu biri kimi hər kəsin sevib hörmət bəslədiyi bir oğul idi. O, çox Vətənpərvər idi. Vətənə olan sevgisi onunla birgə doğulmuşdu. Oxuduğu məktəbin qapısından içəri girərkən, açılan şəhid lövhəsi bu sevgini daha da alovlandırırdı. Onun kiçik şair və şagird ürəyində bu sevgi yaşından daha böyük idi. Anası Gülşən xanım bildirir ki, oğlu Balazadə illər imiş ki, Prezidentin verəcəyi əmri gözləyirmiş. Elə iş yerindən atasına zəng edərək evdən hərbi biletini gətirməsini xahiş edir. Özü də ərazi üzrə hərbi komissarlığa gedərək könüllü şəkildə ərizəsini yazır. Və 27 sentyabrda başlayan ikinci Qarabağ döyüşlərinə qatılır. Balazadə Tovuz döyüşlərində də könüllü iştirak etmiş bir qəhrəman kimi mübarizənin və müharibənin nə demək olduğunu gənc yaşlarında görmüşdü və anlamışdı. O, strateji yüksəkliklərin alınması və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı qəhrəmanlıqla döyüşürdü. Ağdərə uğrunda gedən qızğın döyüşlərin birində döyüş tapşırığını yerinə yetirən əsgər yoldaşlarına su aparmaq istəyərkən, 18 oktyabr 2020 – ci ildə düşmən gülləsinə tuş gələrək şahidlik zirvəsinə ucalıb.
Şəhidimiz ona uzun illər dərs deyən müəllimi Rəfael müəllimin Xatirəsini sizlərə təqdim edirəm. “Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Babazadə mənim şagirdim olmuşdu. Uşaqlıqdan çox çılğın vətənpərvər oğlan idi. Mənim oğlum Muradla bir sinifdə oxumuşdu. Hazırlaşıb Ali təhsil aldılar. 44 günlük savaşın ilk günündən könüllü cəbhəyə yola düşdülər. Qismət belə imiş. Mənim oğlum salamat qayıtdı. Babazadə şəhidlik zirvəsinə ucaldı. Məkanı cənnət olsun”.
Dostu Xəqani Əzməmmədov öz xatirələrində bildirir ki, Balazadəni yola salanda gülərüzlə getdi. O səhnə hələ də gözümüzün qarşısındadır. İllərlə biz o səhnəni unuda bilməyəcəyik. Şəklini paylaşıb “gülə – gülə getdiyin kimi də gülə – gülə qayıdarsan” inşallah, – dedik. Mən inanıram ki, dostum elə gülərüzlə də qayıtdı. Çünki, o, cənnət sakini oldu.
Bu yazını hazırlamaq mənim üçün çox çətindir əslində. Ona görə çətindir ki, mən Balazadə Abdullayevlə eyni məktəbdə oxumuşam. O, məndən cəmi bir sinif yuxarı oxuyurdu. Oxuduğu illər ərzində çox mədəni, tərbiyəli, savadlı biri olaraq yaddaşımızda qaldı. Ruhu şad, məqamı uca olsun!
Şəhidlər ölmür, özünün də yazdığı şeirdə dediyi kimi; –
“Vətənin keşiyində mərd dayandınız
Yaddaşlarda silinməyən iz sadınız
Sizlər bizim üçün həmişə varsınız
Ölməyib, ölməyir, ölməyəcəklər” (Abdullayev Balazadə)
Şəhidimiz şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Atlaz Rzayi
(Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları,

“Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, “Tomris” və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair)

Share: