Bakı qlobal investisiya platformasına çevrilir

Bakı qlobal investisiya platformasına çevrilir

Bakıda Prezident İlham Əliyevin himayəsi ilə keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin investisiya imkanlarının xarici investorların diqqətinə çatdırılması, yeni biznes əlaqələrinin qurulması və beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mühüm müzakirə meydanına çevrilib.

Forumun əsas mövzusunun invenstisiya sabitliyinin dayağı istiqamətdə müəyyənləşdirilməsi dünya iqtisadiyyatında baş verən son dəyişikliklərlə sıx bağlıdır. Forumda qlobal iqtisadi gündəmin aktual məsələləri, Azərbaycanın investisiya imkanları, regional və beynəlxalq bağlantıların inkişafı, eləcə də müxtəlif iqtisadi sahələr üzrə əməkdaşlıq perspektivləri geniş müzakirə olunub. Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərinin inkişafı baxımından malik olduğu potensial geniş auditoriyaya təqdim olunub. Eyni zamanda, ölkəmizin xarici sərmayələr üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitə malik olduğu, strateji layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş kimi mövqeyi diqqətə çatdırılıb.

Onu da qeyd edim ki, Azərbaycan öz investisiya imkanlarını təqdim etməklə kifayətlənmədi. Eyni zamanda xarici şirkətlərin bir-biri ilə görüşməsi, mümkün tərəfdaşlıqları müzakirə etməsi və konkret layihələr ətrafında danışıqlar aparması üçün ortaq məkan formalaşdırıldı. Başqa sözlə, forumun funksiyası təqdimatdan dialoqa, dialoqdan isə layihəyə keçidi sürətləndirmək idi.
Müzakirə mövzularının genişliyi də bu yanaşmanı təsdiqlədi. Azərbaycanın investisiya potensialı artıq yalnız enerji sektoru ilə izah olunmur.

Orta Dəhliz, logistika, rəqəmsal iqtisadiyyat, süni intellekt, sənaye, yaşıl enerji, aqrobiznes, kapital bazarları, əczaçılıq, su təsərrüfatı və digər istiqamətlər forumun gündəliyində yer aldı. Bu dəyişiklik təsadüfi deyil. Qlobal investisiya mühitində kapitalın yeni sahələrə yönəlməsi ölkələr qarşısında yalnız maliyyə vəsaiti cəlb etmək deyil, iqtisadiyyatın müxtəlif istiqamətlərində rəqabətqabiliyyətli layihələr formalaşdırmaq vəzifəsi qoyur. Azərbaycanın coğrafi mövqeyi uzun müddətdir tranzit üstünlük kimi təqdim edilir.

Eyni məntiq rəqəmsal iqtisadiyyat və süni intellekt üzrə müzakirələrdə də özünü göstərdi. Dünyada investisiya qərarları getdikcə texnologiya, məhsuldarlıq və innovasiya imkanları ilə daha sıx əlaqələnir. Bu səbəbdən Azərbaycanın investisiya gündəliyinə süni intellektin, rəqəmsal infrastrukturun və yeni texnologiyaların daxil edilməsi yalnız yeni sektorların axtarışı deyil, mövcud iqtisadi sahələrin də yenilənməsi baxımından əhəmiyyətlidir.

Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində də bu məqam xüsusi xətt kimi ortaya çıxır. Azərbaycanın investisiyaya yanaşması yalnız ölkəyə maliyyə resurslarının gətirilməsi üzərində qurulmur. Texnologiya, bilik, təcrübə, innovasiya və yeni bazarlara çıxış imkanları yaradan tərəfdaşlıqların cəlb edilməsi də əsas məqsədlər sırasında göstərilir. Bu yanaşma investisiyanın iqtisadiyyata təsirini yalnız qoyulan vəsaitin həcmi ilə deyil, onun yaratdığı əlavə imkanlarla qiymətləndirməyə əsas verir.

Beləliklə, il ərzində müxtəlif beynəlxalq platformalarda aparılan investisiya danışıqları ayrı-ayrı tədbirlərin nəticəsi olmaqdan çıxaraq daha böyük əməkdaşlıq xəttinin hissəsinə çevrilir. Bu isə Azərbaycanın investisiya siyasətində enerji sektorundan kənar istiqamətlərin çəkisinin artırılması cəhdini də göstərir.

Yerigəlmişkən belə forumların ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynadığını vurğulamaq istəyirəm. Bunu çox yüksək qiymətləndirmək lazımdır və hesab edirəm ki, Azərbaycanda iqtisadi artımın təməli məhz belə forumlarda qoyulur.

 

 

Həsən Bayramov, pedaqogikia üzrə elmlər doktoru, professor

Share: