VÜQAR ƏHMƏDİN MİR CƏLALIN PUBLİSİSTİKASI HAQQINDA MONQRAFİYASI ÇAP OLUNUB

VÜQAR ƏHMƏDİN MİR CƏLALIN PUBLİSİSTİKASI HAQQINDA MONQRAFİYASI ÇAP OLUNUB

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” adlı monoqrafiyası işıq üzü görüb. (Bakı-2026, “Elm və Təhsil”) “Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” monoqrafiyası Ədəbiyyat İnstitutu Elmi Şurasının
6 iyul 2026-cı il tarixli 5 saylı qərarı ilə çap olunub. Kitabın elmi redaktoru və ön sözün müəllifi Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi
işçisi, filologiya elmləri doktoru, dosent Gülbəniz Babayeva, rəyçiləri BDU-nun kafedra müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Elçin Mehrəliyev, Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru,dosent Aygün Bağırlıdır.
Monoqrafiyada XX əsr Azərbaycan ədəbiyyatının, elmi-ictimai fikrinin və milli mətbuat tarixinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin publisistik irsi və mətbuat fəaliyyəti ilk dəfə sistemli şəkildə araşdırılır. Ədibin publisistikasının mövzu, ideya, janr və üslub xüsusiyyətləri dövri mətbuat materialları əsasında təhlil olunur, onun Azərbaycan publisistikasının inkişafı və milli mətbuat tarixindəki yeri elmi baxımdan yüksək qiymətləndirilir.
Tədqiqatda Mir Cəlalın 1920-ci illərin ikinci yarısından etibarən ölkənin aparıcı qəzet və jurnalları ilə əməkdaşlığı, mətbuatın cəmiyyətin mənəvi inkişafındakı roluna dair baxışları işıqlandırılır.
Monoqrafiya filoloqlar, ədəbiyyatşünaslar, jurnalistlər, tədqiqatçılar, ali məktəb müəllimləri, doktorant və magistrantlar, həmçinin Mir Cəlal irsi və Azərbaycan mətbuat tarixi ilə maraqlanan oxucular, araşdırmaçılar üçün nəzərdə tutulmuşdur.

Share: