Gəl, ey heykəltəraş! Bu mərmər, bu gil.
Düşün müəllimi, sonra alış, yan.
Onun heykəlini mərmərdən deyil,
Yarat özü kimi nurdan, işıqdan.
Bəxtiyar Vahabzadə
Bir zamanlar hökmdarların belə qarşısında baş əydiyi insanlar idi müəllimlər. Çünki müəllim demək təmənnasız sevmək demək idi. Bir zamanlar müəllim vicdanı sarsılmaz idi, müəllim ədaləti tərəfsiz idi, müəllim gözü hər kəsin gözündən iti, müəllim sözü hər kəsin sözündən kəskin idi…Müəllim demək ən adil hakim demək idi, yeri gəldikdə müəllim məsləhətləri, tövsiyələri ilə həyatın fırtınasında yöl göstərən, dəniz fənəri demək idi. O fənəri ki, insana həyatın qaranlığında yolunu azmağa qoymur, gedəcəyi yolu tapmağa kömək edir. Bu səbəbdən idi ki, Sədi Şirazi “Gülüstan”ında deyirdi ki, ustad cəfası ata mehrindən daha yaxşıdır.
Bu gün hörmət simvolu kimi xitab vasitəsinə çevrilmiş müəllim kəlməsi bir xalqın, millətin formalaşması qədər ağır bir yükü çiyinlərində daşıyır. Müəllim olmaq, bu məsuliyyəti iliklərinə qədər hiss edə bilmək isə hər kəsin işi deyil. Ömrünün 60 ilindən çoxunu Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı kafedrasında çalışmış Təhminə Zəkəriyyə qızı Rüstəmova isə müəllim adını həyatı boyu böyük ləyaqət və vüqarla daşıdı. Neçə-neçə şərqşünasın, filoloqun yetişməsində onun əvəzsiz rolu oldu.
Auditoriyada keçən bir ömür
28 Yaşından Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) İran filologiyası kafedrasında çalışmağa başlamış professor T. Rüstəmovanın tələbələrinin sayını dəqiq demək çətin olsa da, bu gün ölkəmizdə yetərincə tanınan mütəxəssislər yetişdirdiyinə əminik. 60 ildən çox bir müddətdə usanmadan hər il gələn yeni tələbələr dil tədris etmək insandan böyük səbir tələb edir. Təhminə Rüstəmovanı da universitetdə təhsil aldığımız illər ərzində, məhz, səbirli, təmkinli, nəzakətli, qayğıkeş, hər xırda detalları gözdən qaçırmayan, gözütox, ziyalı bir xanım kimi gördük. O zamanlar Təhminə xanımın yazılarımızı nöqtə-vergülünə qədər oxuyar, səhvlərimizi bizə bir-bir göstərərdi. O zamanlar bu bizə çox da xoş gəlmirdi. Lakin illər ötüb hər yazımızı o cür diqqətlə oxuyub, səhvimizi bizə göstərəcək insanları əlimizdə çıraqla axtarası olduq… İllər ötəndən sonra anladıq ki, hər bir düzəliş onun bizi mükəmməl, hərtərəfli görmək istəyi imiş. İllər sonra anladıq ki, peşəsini sevən müəllim kimi Təhminə xanım da hər tələbəsini yetkin, hərtərəfli bir mütəxəssis olmasını arzulayarmış. İllər sonra anladıq ki, o, insanlıq, müəllimlik borucunu vicdanı ilə yerinə yetirirdi. Bizsə uşaqlıq havası ilə ərköyünlük edirmişik...
Təhminə Rüstəmova Rəhim Sultanov, Mübariz Əlizadə, Ələsgər Məmmədov, Əhməd Şəfai Nəyyar Zaman Hatəmi, Yusif Ziya Şirvani kimi şərqşünaslıq elmimizin yükünü çiyinlərində daşıyanlarla birgə çalışmışdı. O, zəhmətkeşliyi, qayğıkeşliyi, nəcibliyi,tələblərindən gül dəstəsi almayacaq qədər təmənnasızlığı, hətta evində belə yüksək pedaqoqluğunu qoruyan bir insan kimi əsl müəllimlik etalonu idi. Sonda isə sözlərimizi Karl Qustav Yunqun fikri ilə yekunlaşdırmaq istəryirik: “Biz bilik verən müəllimlərə hörmətlə yanaşırıq, lakin insan duyğularımıza toxunan, bizə dəyər verən müəllimlərə minnətdar oluruq!” Ruhu şad olsun!
Leyla Bayramova
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru





















