Sözün və əməlin nuru: Əmir Pəhləvan

Sözün və əməlin nuru: Əmir Pəhləvan

 

Azərbaycanda elə tanınmış şəxsiyyətlər var ki, onların varlığı təkcə yaşadıqları mühitə deyil, mənsub olduqları xalqın mədəniyyət xəritəsinə xüsusi bir işıq saçır. Azərbaycan dramaturqu, tanınmış tədqiqatçı və ssenarist Əmir Pəhləvan məhz belə ziyalılardandır. O, sadəcə zəngin ədəbi irsi ilə deyil, həm də səmimiyyəti, yüksək əxlaqi dəyərləri, dostcanlılığı və mənəvi saflığı ilə tanıyanların qəlbində dərin iz qoymuş böyük bir şəxsiyyətdir.

Qələmindən süzülər sözün ən pak həqiqəti,
Ruhunda yaşayar ellərin əski hikməti.
Əxlaqı günəş kimi, dostluğu bir qaladır,
Sənətlə yoğrulmuşdur onun ömür xəritəsi…

Əmir Pəhləvanın dünyagörüşünün, vətənpərvərliyinin və ədəbi fəaliyyətinin mayasında onun təmizqanlı azərbaycanlı kökləri, zəngin və nəcib nəsil şəcərəsi dayanır. Əsil-nəsabətinə, milli dəyərlərinə sadiq olan dramaturq bu genetik mənəviyyatı yaratdığı hər bir əsərə, qələmə aldığı hər bir sətirə incəliklə həkk etmişdir.

Kökü dərin olan ağac küləklərdən sarsılmaz,
Əsilzadə qəlbinə kölgə düşməz, qaralmaz. Vətən eşqi, soy kökü damarında axan qan,
Bu mənəvi sərvətdən uca mənzil tapılmaz.

Bu işıqlı ocağın mənəvi dayaqlarından biri də onun ailəsidir. Əmir müəllimin ömür gün yoldaşı Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, Bakı Dövlət Universitetinin dosenti,bir neçə dəyərli monoqrafyalırın, müəllifi olan ziyalı xanım Sahibə xanım ilə qurduğu ailə nümunəvi bir Azərbaycan ocağının təcəssümüdür. İki oğul övladını milli ruhda, vətənə və xalqa layiq yetişdirən bu ailə, elm və sənətin qovuşduğu müqəddəs bir məkandır.

Əmir müəllimlə tanışlığımız,Sahibə xanımın vasitəçiliyi ilə başlandı, illər keçdikcə bərkiyən, sınaqlardan keçən və dərin ailə dostluğuna çevrilən müqəddəs bir tellə bağlandı. Əmir müəllimin bir dost kimi həmdəmliyi, məclislərə gətirdiyi pozitiv enerji və insanlara verdiyi dəyər onun böyük ürəyinin vizit kartıdır.
Əmir Pəhləvanın yaradıcılığı təkcə Azərbaycanın deyil, bütöv Türk dünyasının ədəbi sərvətidir. Onun qələmindən çıxan kitablar oxucunun milli şüurunu oyadır, ona keçmişini və gələcəyini xatırladır:
“Qalxın, Cavid gəlir!”, “Əkilən başlardı,torpaq əkilmir”, “Turan türküləri” milli azadlıq və Türk birliyi ideyalarının tərənnümüdür.
“Səfir”, “Təbrizim, türk izim!”, “Kəngərlər” tarixi-coğrafi hafizənin bərpası.
“Türklüyün yol xəritəsi”, “O, Ay bir də doğmayacaq”, “Yaşamağı bacarmaq lazımdır”, “Vətən dahiləri” (I-II hissə) kitabları fəlsəfi və ensiklopedik düşüncənin məhsullarıdır.

Turanın azad ruhu pıçıldayar kitabda,
Təbrizin harayı var yazılan hər cavabda.
Dahilərin iziylə addımlayan bir qələm,
Sözdən bir saray tikib bu fani kainatda.

Bu zəngin ədəbi fəaliyyət beynəlxalq miqyasda da layiqincə qiymətləndirilmişdir. Dünyanın ən nüfuzlu ədəbi nəşrlərindən olan “World Literature Today” (Dünya Ədəbiyyatı Bu Gün) jurnalının Postsovet məkanında əsərlərini təbliğ və təqdir etdiyi 42 tanınmış yazıçıdan biri məhz Əmir Pəhləvan olmuşdur.
Bundan əlavə, onun xidmətləri Qırğızıstan Respublikasının “Manas” mükafatı, həmçinin Qazaxıstan, Qırğızıstan və Quzey Kıbrıs Türk Cümhuriyyətlərinin Dövlət Mükafatları ilə dəyərlənmişdir.
Əmir Pəhləvanın dramaturq və ssenarist kimi fəaliyyəti Azərbaycan teatrı və kinosuna dəyərli incilər bəxş etmişdir.
Teatr Tamaşaları və Librettolar,”İnsan və İblis” (Bakı Bələdiyyə Teatrı, 1999) xeyirlə şər, insanlıqla nəfs arasındakı mübarizəni açan fəlsəfi dramdır.
“İstədiyim yar idi…” (Musiqili Komediya Teatrı, Bakı, 2009 / 2011).
“Henrix və Leyla” (Opera və Balet Teatrı, Berlin, Almaniya, 2018) Azərbaycan dramaturqiyasını Avropa səhnəsinə intellektual zəfəri.
“Sevənlərindi dünya” (Akademik Musiqili Teatr, Bakı, 2022).
Filmoqrafiyalara nəzər saldıqda görürük ki,
Əmir müəllim həm bədii, həm də sənədli kinoda dərin iz buraxmışdır.
Bədii filmləri,”Fransız” (1995), “Qarabağ şikəstəsi” (1996), “Spasibo” (1998), “Qız qalası” (2000).
Sənədli filmlər: “Bakı nefti və Nobellər” (3 hissəli, 1999), “Avtoritet” (2003), “Göyçay yəhudiləri” (2003), “Tahirə” (2000), “Sivilizasiya beşiyi Çin” (1998), “Ayka” (2000), “Şəhriyar” (2000).

Səhnədən nur ələnər, ekrandan dərin məna,
Sənətkar nəfəsidir həyat verən zamana.
İblislə insanlığın sınaq meydanlarında,
Qələmi sipər oldu mənəvi dünyamıza.

Əmir Pəhləvan öz kökünə bağlı, qələmini və mənəviyyatını xalqının xidmətinə vermiş həqiqi bir maarifçidir. O, yaratdığı bənzərsiz obrazlar, ssenarilər və kitablarla yanaşı, öz şəxsi həyatında da xeyirxahlıq, əxlaq və bütövlük dəyərlərini yaşadan işıqlı bir insandır.
Onunla eyni dövrdə yaşamaq, onun yaradıcılığından bəhrələnmək və ən əsası, onunla dostluq etmək böyük bir qürur və mənəvi zənginlikdir.Əmir müəllim Sizə yeni yaşınızda uzun ömür can şağlığı,övladlarınızın könül xoşluğuna şahidlik etməyi,tezliklə nəvə sevincini dadmağı arzulayıram. Var olun doğma insan!

Dünya sevənlərindir, sənəti sevənlərin,
Dostluğa, həqiqətə ürək verənlərin.
Var ol, ustad sənətkar, var ol, dəyərli dostum,
Uca olsun hər zaman adın adlar içində!

Lənkəran Dövlər Universitetinin
Tarix üzrə fəlsəfə doktoru dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin direktoru
Leyla Qadir qızı Məcidova

Share: