Azərbaycan ədəbiyyatında elə imzalar var ki, onları yalnız yazdıqları şeirlərlə tanımaq mümkün deyil. Çünki onların fəaliyyəti bir kitabın, bir janrın, hətta bir ömrün sərhədlərinə sığmır.
Səlim Babullaoğlu da məhz belə yaradıcı şəxsiyyətlərdəndir. O, şairdir. Esseistdir. Tərcüməçidir. Publisistdir. Redaktordur. Ədəbi təşkilatçıdır. Amma bütün bu adların fövqündə o, sözün məsuliyyətini daşıyan ziyalıdır.
Bu gün müasir Azərbaycan poeziyasından danışarkən onun adını çəkmədən obyektiv mənzərə yaratmaq çətindir. Çünki Səlim Babullaoğlu təkcə şeir yazmayıb, həm də Azərbaycan poeziyasının nəfəsini dünyanın müxtəlif ölkələrinə çatdırmağa çalışıb. Onun kitabları Türkiyə, Almaniya, Polşa, Gürcüstan, Ukrayna, Rumıniya, Macarıstan, Serbiya və İranda nəşr olunub, əsərləri ondan çox dilə tərcümə edilib.
Anar onu “qarışıq zamanın şairi” adlandırır. Bu ifadənin arxasında böyük həqiqət dayanır. Çünki Səlim Babullaoğlunun şeirlərində zaman sadəcə tarix deyil. Zaman onun mətnlərində düşüncəyə, yaddaşa, insan taleyinə çevrilir. O, insanın daxili təlatümlərini gur səslə yox, sakitliyin dili ilə danışır.
Filologiya elmləri doktoru Cavanşir Yusifli yazır ki, Səlim Babullaoğlu şeirdə dərdi göstərmir, ona işarə edir. Elə buna görə də onun poeziyası oxucunu hazır nəticəyə yox, düşüncəyə aparır. Şeir bitir, amma fikir davam edir.
Şair Qismət Rüstəmov isə hesab edir ki, müstəqillik dövrü Azərbaycan poeziyasını Səlim Babullaoğlusuz təsəvvür etmək mümkün deyil. Bu, sadəcə dost sözləri deyil. Çünki onun poetik axtarışları müasir Azərbaycan şeirinə yeni ritm, yeni intonasiya və yeni estetik baxış gətirib.
Ədəbiyyatşünas Nərgiz Cabbarlı çox dəqiq müşahidə aparır: “Demədikləri dediklərindən daha çoxdur.” Böyük ədəbiyyatın sirri də elə budur. Əsl şeir oxunduğu anda yox, oxunub qurtardıqdan sonra yaşayır.

Onun yaradıcılığına verilən yüksək qiymət təkcə Azərbaycanla məhdudlaşmır. Gürcü şairi Givi Alxazişvili Səlim Babullaoğlunu müasir dünya poeziyasının ən yaxşı nümayəndələrindən biri hesab edir. Ukraynalı ədəbiyyatşünas Dmitro Drozdovski onun poeziyasında adi hadisələrin belə ümumbəşəri mənaya çevrildiyini yazır. Rus yazıçısı Oksana Bulanova isə bu şeirlərin nəfəs almaq qədər təbii doğulduğunu vurğulayır.
Lakin Səlim Babullaoğlunun xidmətləri yalnız müəllif kimi qiymətləndirilsə, bu, natamam yanaşma olar.
O, Azərbaycan oxucusunu dünya poeziyasının ən böyük adları ilə tanış edən tərcüməçilərdən biridir. Mihay Eminesku, Tomas Sternz Eliot, Xorxe Luis Borxes, Fazil Hüsnü Dağlarca, Orxan Vəli, Boris Pasternak, Çeslav Miloş, Tomas Tranströmer, İosif Brodski, Vasıl Stus, Besik Xaranauli və başqa görkəmli şairlərin əsərlərini Azərbaycan dilinə qazandırıb.
Bu adların hər biri dünya ədəbiyyatının zirvələridir. Eliot XX əsr modernizminin, Borxes fəlsəfi nəsrin, Tranströmer Nobel mükafatlı poeziyanın, Brodski isə rus və dünya şeirinin ən qüdrətli simalarındandır. Belə müəllifləri Azərbaycan dilində səsləndirmək təkcə tərcümə işi deyil, həm də mədəni missiyadır.

Səlim Babullaoğlu uzun illər “Dünya ədəbiyyatı” jurnalının yaradıcısı və baş redaktoru kimi fəaliyyət göstərib. Onun redaktorluğu ilə iki yüzdən çox kitab işıq üzü görüb. Azərbaycan müəllifləri xarici dillərdə nəşr olunub, dünya ədəbiyyatının nümunələri isə Azərbaycan oxucusuna çatdırılıb.
Onun öz fikri də fəaliyyətinin mahiyyətini açır: “Dünya ədəbiyyatı böyük bir dənizdir, nə götürsən, qənimətdir.” Bu cümlə sadəcə müsahibədə deyilmiş fikir deyil, onun bütün yaradıcılıq fəlsəfəsinin ifadəsidir.
Mənə görə, Səlim Babullaoğlu müasir Azərbaycan ədəbiyyatında iki mühüm missiyanı eyni anda yerinə yetirən nadir şəxsiyyətlərdəndir. Bir tərəfdən Azərbaycan dilində yüksək poetik nümunələr yaradır, digər tərəfdən dünya ədəbiyyatının ən dəyərli nümunələrini doğma dilimizə gətirir. Bu isə ədəbiyyat tarixində hər yazıçıya nəsib olmur.
Böyük şair olmaq istedad tələb edir. Böyük tərcüməçi olmaq zəhmət tələb edir. Böyük ədəbiyyat adamı olmaq isə hər ikisini.

Səlim Babullaoğlu həmin nadir insanlardandır ki, yazdığı misralarla yanaşı, çevirdiyi misralarla da Azərbaycan ədəbiyyatına xidmət edir. O, sözün yalnız müəllifi deyil, həm də yolçusudur; yalnız şair deyil, mədəniyyətlər arasında körpü salan ziyalıdır.
Tural Balabəyli




















