Rasif İmanoğlu yaradıcılığına baxış

Rasif İmanoğlu yaradıcılığına baxış

HANI?

Əyri oturur çoxu,
Bəs sözün düzü hanı?
İndi hamı and içir,
Bəs kişi sözü hanı?

Nə olsun ki, danırlar?
Gec-tez, bir gün yanırlar.
Duzdan çox qazanırlar?
Çörəyin duzu hanı?

Çox işimiz oyundu,
Uduzanlar oyandı?
Bu qurd, o da qoyundu,
Soran var: quzu hanı?

Könlüm çoxdan yaz deyir,
Keçmədi qış? Yaz deyil.
Qatlanmış diz az deyil,
Namərdin dizi hanı?

Tək ürək qırmağı var?
Nə boyda qarmağı var.
Hər işdə barmağı var,
Şeytanın özü hanı?
Rasif İMANOĞLU
21.07.2026

Şeirin bədii təhlili:

Rasif İmanoğlunun bu şeiri cəmiyyətdəki mənəvi aşınmanı, dürüstlük və etibarın itməsini daxili bir ağrı ilə dilə gətirən sosial-fəlsəfi lirikadır.
Müəllif bədii suallar vasitəsilə oxucunu dərin mühakiməyə çəkir.
Şeirin əsas mövzusu cəmiyyətdə insanlıq, mərdlik, düzgünlük və vəfa kimi mənəvi dəyərlərin sarsılmasıdır. Müəllif “kişi sözü”, “çörəyin duzu” kimi müqəddəs anlayışların unudulmasından narahatlıq keçirir. İdeya bəşəri dəyərlərə sadiq qalmaq, namərdliyə və haqsızlığa etiraz etməkdir.
Şeirin bədii quruluşunu hər bənddə təkrar olunan “hanı?” sualları idarə edir. “Bəs kişi sözü hanı?”, “Çörəyin duzu hanı?” kimi bədii suallar cavab tələb etmir, oxucuda emosional təsir yaradır və fikrin fəlsəfi çəkisini artırır.
Şeirdə güclü təzadlar var. “Əyri oturmaq” və “sözün düzü”, “qurd” və “qoyun, quzu”, “qış” və “yaz” qarşılaşdırmaları xeyirlə şərin, yalanla doğrunun əbədi mübarizəsini simvolizə edir.
“Çörəyin duzu” (bərəkət, minnətdarlıq), “hər işdə barmağı olmaq” (hiyləgərlik, fitnəkarlıq), “ürək qırmaq” və “namərdin dizi” kimi ifadələr xalq deyimlərinə söykənərək şeirin emosional təsir gücünü və dilinin təbii, axıcı olmasını təmin edir.
Şeir heca vəznində, rəvan dillə yazılıb. Çarpaz qafiyə sistemindən istifadə olunub. Müəllif Şeytan obrazı vasitəsilə cəmiyyətdəki riyakarlığı ümumiləşdirib.
Uğurlar olsun həmişə, dəyərli ziyalımız, yazarımız Rasif müəllim!

Sevil Azadqızı

Share: