11 iyul 2026-cı il tarixində “Modern Azərbaycan Yeniliklər və Təcrübə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Təbəssüm Olaq” sosial layihəsinin VI mövsümünün yekun tədbiri Dreamland Əyləncə Mərkəzində keçirilib.
Tədbir çərçivəsində valideyn himayəsindən məhrum qalmış 100 uşaq və daun sindromlu dostlarımız üçün xüsusi əyləncə proqramı təşkil olunub. Gün ərzində uşaqlar müxtəlif əyləncə proqramlarında iştirak edərək sevinc və xoş təəssüratlarla dolu anlar yaşayıblar.
Tədbirin açılışında çıxış edən layihə rəhbəri Kərimli Camal sosial təşəbbüslərin və gənclərin fəaliyyətinin daha geniş şəkildə dəstəklənməsinin vacibliyini vurğulayıb. O, bəzi qurumların bu cür təşəbbüslərə və gənclərin həyata keçirdiyi sosial layihələrə kifayət qədər yaxından yanaşmadığını qeyd edərək, gənclərin fəaliyyətinə daha geniş imkanların yaradılmasının və onların təşəbbüsləri üçün daha böyük platformaların formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Kərimli Camal bildirib ki, gənclərin sosial fəaliyyətə cəlb olunması və onların təşəbbüslərinin dəstəklənməsi cəmiyyətin inkişafında mühüm rol oynayır.
Artıq 6 ildir həyata keçirilən “Təbəssüm Olaq” layihəsi əvvəlki mövsümlərdə yaşlı vətəndaşlara, valideyn himayəsindən məhrum qalmış uşaqlara və şəhid övladlarına həsr olunan sosial təşəbbüslərlə yüzlərlə insana sevinc bəxş edib.
Layihənin əsas gücünü cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların həmrəyliyi təşkil edir. Tələbələr, müəllimlər, özəl sektor nümayəndələri və müxtəlif peşə sahiblərinin könüllü ianələri və dəstəyi sayəsində layihənin VI mövsümü də uğurla başa çatdırılıb.
Qeyd edək ki, layihə bu günə qədər heç bir sponsor və ya qurumun maliyyə dəstəyi olmadan, yalnız vətəndaş həmrəyliyi, düzgün təşkilatlanma və peşəkar koordinasiya nəticəsində həyata keçirilib. Layihənin uğurunda aylarla fədakarlıqla çalışan koordinatorların və tədbir günü böyük məsuliyyət nümayiş etdirən könüllülərin əməyinin xüsusi rolu olub.
Layihəyə ümumilikdə 1000-dən çox şəxs qoşulub. İanə və təşkilati proseslərin yekununda 500 nəfərdən ibarət aktiv iştirakçı heyəti ilə layihənin VI mövsümü uğurla başa çatdırılıb.
Yekun tədbirdə dövlət nümayəndələri, ziyalılar, ictimai fəallar və müxtəlif sahələri təmsil edən qonaqlar iştirak edərək layihəyə mənəvi dəstəklərini göstəriblər.
“Modern Azərbaycan Yeniliklər və Təcrübə” İctimai Birliyi gələcək layihələrdə də sosial həmrəyliyin gücünü bir araya gətirərək daha genişmiqyaslı sosial təşəbbüslərə imza atmağı hədəfləyir.






















