İnternetdə bu səhifədən o səhifəyə, o səhifədən bu səhifəyə keçə-keçə təsadüfən qarşıma XIX əsrdə Bərdədə yaşamış Hacı Şərif adlı bir mülkədar haqqında məlumat çıxdı. Araşdırıb gördüm ki, o vaxt Bərdə camaatı məscid tikdirmək istəyəndə Hacı Şərif öz torpaq sahəsindən məscid üçün yer ayırıb və məscidin tikilməsində maddi dəstəyini əsirgəməyib.
Hacının digər xeyirxahlıqları haqqında məlumat toplayandan sonra, bu gün onun törəmələrindən kimlərin yaşadığını öyrənməyə başladım. Və məlum oldu ki, Gövhər Baxşəliyeva Hacı Şərif kişinin nəticəsidir. Bilirsinizmi Gövhər Baxşəliyeva kimdir? Bir vaxtlar AMEA-nın vitse-prezidenti olmuş, filologiya elmləri doktoru, professor, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü…
O, 1954-cü ilin noyabr ayının 26-da dünyaya gələndə həftənin şənbə günü olub. Elə buna görə də şənbə günü doğulan bütün insanlar kimi yüksək səbir, məsuliyyət və güclü iradəyə sahibdir. Kənardan zabitəli görünsə də, daxilən çox etibarlı, nizam-intizamlı xanımdır və ağıllı məsləhətçidir. Elə bir insandır ki, üzərinə götürdüyü məsuliyyəti sona qədər yerinə yetirməyə çalışır. Doğrudur, hər kəsə asanlıqla inanmır, amma güvəndiyi insanlara qarşı vəfalıdır. Nizam-intizamı çox sevsə də, ona qarşı edilən xəyanəti və haqsızlığı bağışlamır və münasibəti birdəfəlik kəsir…
Deyir ki:- “6 yaşıma qədər Bərdədə yaşamışam. Lakin atamın işilə əlaqədar Bakıya köçməli olduq. Buna baxmayaraq, o vaxtları çox yaxşı xatırlayıram. Xüsusilə may bayramlarında maraqlı gəzintilər təşkil olunurdu. Bəli, biz ata-babadan Bərdədə yaşamışıq. Nənəmlə məşhur İmamzadə məqbərəsini ziyarət etdiyim indi də yadımdadır. Atam mühafizəkar insan olub. Əsl müsəlman kişisi. Baxmayaraq ki, rus məktəbində oxumuşam, atam heç vaxt müsəlman qızı olduğumu unutdurmayıb. Məktəbdə axşamlar yığıncaq keçiriləndə qardaşlarıma oğlan olduqları üçün icazə versə də, atam heç vaxt mənim belə yığıncaqlarda iştirak etməyimə icazə verməyib. Amma təhsil almağıma böyük önəm verib. Birmənalı olaraq deyirdi ki, qız uşaqlarının təhsil alması oğlan uşaqlarının təhsil almasından da vacibdir. Oğlan lazım gələrsə gedib daş da daşıya bilər. Qız uşağı isə gərək yaxşı təhsil alsın ki, həyatda heç kimdən asılı olmasın. Mənə gözəl təhsil və tərbiyə verdiyinə görə atama çox minnətdaram…”
1977-ci ildә ADU-nun Şərqşünaslıq fakültəsini fәrqlәnmә diplomu ilә bitirәrәk Azәrbaycan Elmlәr Akademiyası Şәrqşünaslıq İnstitutunda işә başlayıb. Baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, «Şәrq filologiyası» şöbәsinin müdiri vәzifәlәrindә çalışıb. 1993-cü ildәn Şәrqşünaslıq İnstitutunun elmi işlәr üzrә direktor müavini, 2002-ci ildәn direktoru vәzifәsindә çalışır. 2004-cü ildə professor elmi adı alıb, 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib…
…Qürurlu və qətiyyətli xanımdır. Əgər onunla ünsiyyət qura bilmisinizsə unutmayın ki, ondan heç nə gizlədə bilməyəcəksiniz. O, sizi şüuraltınızdakı ən dərin qatlara qədər oxuya bildiyi üçün, hər şeyin fərqindədir. Bir də, qarşısındakı insanı artıq dəyişdirə, düz yola istiqamətləndirə bilməyəcəyini başa düşdükdə, onu tək buraxır. Çox gözəl dostdur. Onunla səfərə, səyahətə çıxmaq, ortaq iş görmək bir başqa aləmdir. Sizi heç vaxt yarı yolda qoymazyacaq. Əgər onunla dost ola bilmisinizsə, bu o deməkdir ki, siz özünüzə həmişə sadiq olan əbədi bir dost qazanmısınız…
1984-cü ildә “Müasir Suriya ədəbiyyatında vətənpərvərlik” mövzusunda namizədlik, 1996-cı ildә isə “Əbül-l-Fərəc əl-İsfəhaninin “Nəğmələr kitabı” və klassik Azərbaycan ədəbiyyatı” mövzusunda elmlər doktorluğu işini müdafiə edib. “Qızıl qәlәm” mükafatı laureatıdır. Klassik vә müasir әrәb әdәbiyyatı, әrәbdilli Azәrbaycan әdәbiyyatı, müqayisәli әdәbiyyatşünaslıq, әdәbi әlaqәlәr vә mәnbәşünaslıq üzrә mütәxәssisdir. Onun elmi әsәrlәri orijinallığı, zәnginliyi, dәrin nәzәriliyi vә konseptuallığı ilә seçilir. O, 4 fundamental monoqrafiyanın, 20-dən çox kitabın, 220-dәn yuxarı elmi mәqalә vә mәruzәlәrin müəllifidir…
“Orta məktəbdən uşaqları gələcək həyata öyrətmək lazımdır. Oğlan uşaqları bilməlidirlər ki, ailə qurduqdan sonra birbaşa öz qadınına cavabdehdir. İndiki oğlanların bəziləri evlənən kimi çətinliklə qarşılaşanda qorxub geri çəkilirlər…”- söyləyir.
O, ölkənin ictimai-siyasi hәyatında da fәal iştirak edib. II, III, IV və V çağırış Milli Mәclisin deputatı olub. 2001-ci ildən 2005-ci ilədәk Azәrbaycan Respublikası Milli Mәclisinin sәdr müavini vəzifəsində çalışıb…
…Adı kimi qiymətli xanımdır. Axı “Gövhər” sözü klassik mənşəli olub, əsasən qiymətli daş, cəvahir və ya mirvari mənasında işlədilir. Birbaşa mənası belə olsa da, məcazi mənası isə saflıq, dəyər, mənəvi zənginlik və ya istedad deməkdir. Hətta bu kəlmə klassik ədəbiyyatda parıldayan, işıq saçan mənalarında da işlədilir. Həyatına az adam buraxır və onların hər biri ilə dərin münasibət qurur. Qarşı tərəfin problemlərini ürəkdən dinləyir, problemlərin həlli yollarını tapmağa çalışır. Amma çox emosionaldır. Buna baxmayaraq duyğularını, daxili aləmini yaxşı gizlətməyi bacarır. Kənardan baxanda onun soyuq baxışları və narahatedici özünəarxayın rəftarı bu qadında emosiyadan heç bir əsər-əlamət olmadığı təəssüratı yaratsa da, bu, aysberqin yalnız görünən hissəsidir. O, hər şeydən əvvəl qadın olduğunu yaxşı bilir…
Xülasə, o, ulu babası Hacı Şərif kişinin qazandığı savabların və eləcə də Allaha dualarının himayəsindədir. Allah sevdiyi bəndələrinin törəmələinə də zamindir…
Hörmətlə, Elman Eldaroğlu





















