O, Prometium kimi nadirdir…

O, Prometium kimi nadirdir…

Deyir ki:- “Azərbaycan və Rusiya hökuməti bu əlaqələrin inkişafında maraqlıdır. Bu maraq da hər iki ölkə prezidentlərinin siyasi iradəsi ilə bağlıdır, onların verdiyi göstərişlərə uyğun olaraq aparılır.

Hökumətlər tərəfindən yaradılan şəraitdən iş adamları mütləq istifadə etməlidirlər. Biz bir yerdə sahibkarları daha aktiv fəaliyyət göstərməyə, Azərbaycan-Rusiya iqtisadi əlaqələrində yaranmış geniş potensialdan daha səmərəli istifadə etməyə çağırırıq…”
Mənşəcə fars dilinə aid, amma dilimizə qədim dövrlərdə keçən “Şahin” kəlməsi təkcə yırtıcı quş növünü ifadə etmir həm də, məcazi mənada cəsarət, qürur və mərdliyi təmsil edir. Eyni zamanda hərbi təyyarəçilərə verilən obrazlı addır…
Bir zamanlar onunla eyni məhəllədə yaşayan ermənilər onun özü və ailəsi haqqında maraqlı məlumatlar paylaşıblar. Dediklərinə görə onun doğulub böyüdüyü ailə Noyemberyan rayonunun Cuvevan kəndində yeganə azərbaycanlı ailə olub. Guya anası kənddə hamıya qızıl üzük paylayırdı. Hətta Cuvevanlılardan biri iddi edir ki: “O, ermənicə əla bilirdi, onunla mübahisə etmək olmurdu”. Sinif yoldaşlarından biri isə deyir ki, onun adı sinif jurnalında “Şagin” kimi yazılırmış. Orta məktəbi də qızıl medalla bitirib, məktəbin sevimlisi olub…
Nə isə, indi keçək onun tərcümeyi halına. O, 1965-ci ilin iyun ayının 13-də Ermənistanda dünyaya gəlib. Atası Abdulla Mustafayev Qazax qəzasının Qaymaqlı kəndindəndir.1989-cu ildə M. Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990–1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib. 1991–1992-ci illərdə “Spektr” kiçik müəssisəsində baş mühasib, 1992–1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi vəzifələrində çalışıb. 1999–2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi, 2000–2003-cü illərdə AR Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi, 2003–2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005–2006-cı illərdə SOKAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006–2008-ci illərdə Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini vəzifələrində işləyib. 2008–2013-cü illərdə Azərbaycan Respublikasının İqtisadi inkişaf naziri, 2013–2016-cı illərdə isə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri olub və 2016-cı ildə İqtisadiyyat naziri vəzifəsinə təyin edilib. 2019-cu ildən isə Baş nazirin müavini vəzifəsində çalışır. Bəli, bəli, söhbət Şahin Mustafayevdən gedir. “Şöhrət” və “1-ci dərəcəli Vətənə xidmətə görə” ordenləri ilə təltif olunan, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin müəllimdən…
O dünyaya gələndə həftənin bazar günü olub. Elə ona görə də təbii liderlik qabiliyyəti, yüksək ambisiyası və ətrafa saçdığı parlaq enerjisi ilə seçilir. Təbii cazibəsi sayəsində diqqət mərkəzində olmağı sevir və hər zaman rəhbər olmağa layiqdir. Xəyal gücü yüksəkdir, qarşısına qoyduğu hədəflərə çatmaq üçün əzmlə çalışır. Daxili gücünə güvənən adamdır. Yaxınlarını qorumaq üçün hər cür səxavət göstərə bilir. Şəxsi azadlığına çox önəm verir və bəzən də öz qüruru ilə üz-üzə qalır…
Bəli, iyunun 13-ü 61 yaşı tamam olur. 61 rəqəmi mələklərin numerologiya sistemində yeni başlanğıcların, ailə həyatındakı müsbət dəyişikliklərin və ruhsal inkişafın simvolu hesab olunur. Bu rəqəm, keçmişdə qurulan möhkəm təməllər üzərində irəliyə doğru cəsarətli addımlar atmağı ifadə edir. Quranda isə 61-ci surə Saff surəsidir. Həmin surənin 1-ci və 2-ci ayələrində deyilir: “Ey iman gətirənlər! Etməyəcəyiniz şeyləri nə üçün deyirsiniz? Etməyəcəyiniz şeyləri deməyiniz Allah dərgahında nifrətlə qarşılanar.” O ki qaldı, Mendeleyevin cədvəlinə, burada 61-ci element Prometiumdur. O, lantanidlər qrupuna daxil olan radioaktiv və nadir torpaq metalıdır. Təbiətdə çox az miqdarda tapılır və əsasən uranın parçalanma məhsulu olaraq laboratoriyalarda süni yolla əldə edilir…
Xülasə, Şahin Müstafayevin ad günü mübarək olsun!..
Hörmətlə, Elman Eldaroğlu
Share: