Zərəngiz Dəmirçi Qayalının “Özbəkistan silsiləsindən” şeirləri

Zərəngiz Dəmirçi Qayalının “Özbəkistan silsiləsindən” şeirləri

Səmərqənd

 

Səmərqəndim-daşları naxışılı,

Ey, tarix baxışlı şəhərim!

Sən mənim qəlbimə fəxrsən,

Günəşli, yağışlı səhərim!

 

Sən türkün dünyada

Ən böyük izisən!

Bir canlı tablosan,

Dünyanın gözüsən!

 

İnsanı heyrətə salansan,

Tarixdə əbədi qalansan,

Sən mənim qəlbimi coşdurdun,

Sən mənə nəğmələr qoşdurdun!

 

Ey, sənət beşiyim,

Ey, ruhlar şəhərim,

Səmərqənd-ilhamlı səhərim,

Canlı tarixim, hünərim!

 

Babalar ruhunu

Səndəmi qoydular?

Daşları, qəlbinin,

Gözünün oduyla oydular?

 

Nədir bu möcüzə?

Nədir bu kəhkəşan?

Min kərə, maşallah!

Min kərə, sənə can!

 

Səmərqənd, dincəlsin,

Qoy, ruhum! Möcüzəm,

Məlumum, məchulum!

Qoy, sənə vurulum!

 

Zərəngizin ruhu,

Ruhuna oxşadı!

Dünyaın ən gözəl şəhəri,

Tarixin yaşıdı-Səmərqənd!

Səmərqənd, Səmərqənd!

 

Cahan gülür üzümüzə

 

Cahan sevdalı doğuldum, borcluyam mən sənə, ana,

Bu sevdamı yaşatmaqçün gəlmişəm ulu cahana!

Atam, babam bu sevdada, qaynar damarımda qanım,

Turan üçün doğuldum mən, qurbandı Turana canım!

 

Uzaq yollar yaxın mənə, sabah kimi baxın mənə,

Ürəyimdə saf arzular, şimşək kimi çaxım yenə.

“Bu əsr türkün əsridir”!- dedi böyük ərlərimiz,

Çıx zülmətdən, doğrul, türküm, gülsün üzə səhərimiz.

 

Dişi qanlı, qara donlu, namərd düşmən yatmayıbdır,

Uca günəş şöləsini türkə saçar, batmayıbdır.

Yolum həqiqət yoludur, uğurumdan çəkil, düşmən!

Çox inandım ayılmışam, inanmaram sənə, bilsən.

 

Doğru yolum, həqiqətim, bu eşqimdən dönmərəm mən,

Vətən üçün doğulmuşam, bir çırağam, sönmərəm mən.

Anam günəş ömrümüzə şəfəqini saçacaqdır,

Ulu eşqim, həqiqətim kainatı qucacaqdır.

 

Doğru yolum, düz amalım, öz yolumdan dönmərəm mən,

Vətən üçün doğulmuşam, bir çırağam, sönmərəm mən!

Qanlar axan dünyamızın baxçasında gül əkərəm,

Ulu eşqi bu cahanda yürütməkçün yol çəkərəm,

 

Ölsün düşmən, bu eşqimi məndən ala bilməz qəti,

Qoca türkün əsri gəldi, unut, unut məşəqqəti!

Bu xeyirlər dünyasında yol da bizim, el də bizim,

Bu cahanı yaşatmaqçün gurşad çaylar, sel də bizim.

 

Səməndər tək külümüzdən doğulmuşuq, bilməliyik,

Cahan gülür üzümüzə, bu cahanda gülməliyik.

Sorma məndən:”Yolun hara?”-üzü Turana gedirik,

Qarlı dağlar, bağça bağlar, min bir gümana gedirik.

 

De sözünü qəti, könlüm, əsr bizə gülür daha,

Bu yolda qalib olarıq, ümidimiz bir Allaha!

Zərəngizim, yol bizimdir, yolumuz haqqa qənşərdir,

Bizə qüvvət həqiqətdir, bir də anamız bəşərdir!

 

Özbəyin yurdu

 

(İslam sivilizasiyası muzeyi, Şahzində baba,

Əmir Teymur məqbərsi ziyarətgahlarında)

 

Məni heyran etdi özbəyin yurdu,

Türkümün zəkası xaniman qurdu.

Ağıldı, zəkadı, zövqdü, qürurdu,

Dörd yanım imarət, bağ-bağat, çəmən,

Bu görüşə candan sevinmişəm mən!

 

Əzəmətli, qədim qalaları var,

Dədələrin ruhu məni haraylar,

Hər tərəf çil-çıraq, büllur saraylar,

Dörd yanım imarət, bağ-bağat, çəmən,

Bu görüşə candan sevinmişəm mən!

 

Bilgə Xaqan gülsün gözündə yaşlar,

Qoy, çarə düşünsün zəkalı başlar,

Qurtarsın yurdumda qanlı savaşlar,

Dörd yanım imarət, bağ-bağat, çəmən,

Bu görüşə candan sevinmişəm mən!

 

Turan ellərinin, nəğməsi dinsin,

Dostlarım öyünsün, düşmənlər sınsın,

Qəlbimizdə sevgi çırağı yansın,

Dörd yanım imarət, bağ-bağat, çəmən,

Bu görüşə candan sevinmişəm mən!

 

Atillam, Teymurum ölmədi, yaşar,

Polad, Mübarizim, Dəmirçioğlum var,

Vətən sevgisiylə igidlər doğar,

Dörd yanım imarət, bağ-bağat, çəmən,

Bu görüşə candan sevinmişəm mən!

 

Zərəngiz, təbil tək qəlbim döyünsün,

Turan ellərimiz coşsun, öyünsün,

Düşmənin hiyləsi pozulsun, sönsün,

Dörd yanım imarət, bağ-bağat, çəmən,

Bu görüşə candan sevinmişəm mən!

 

 

Daşkənd

 

Daşkəndim-daş kəndim!

Babalar səni daş qəlibdə tökdülər?

Yüz dəfə ölçdülər,

Bir dəfə biçdilər, Daşkəndim?

 

Bəlkə də bilmədi heç onlar?

Zəlzələ qopacaq,

Uçanlar dağılıb uçacaq?

Daşkəndim, boş kəndim olacaq?

 

Amma ki, tarixin,

Sinəndə izi var, Daşkəndim,

Türklüyün özü var,

Qocaman əsrlər qoyduğu

Üzü var, Daşkəndim!

 

Nəfəsin insanı güldürür,

Sən tarixsən, bunu bildirir.

Türklüyün izisən,

Tarixin gözüsən!

 

Mən səni çox sevdim,

Hüsnünə güvəndim!

Bu günsən, keçmişsən,

Bəsbəlli dünəndin!

 

Daşkəndim, bal kimi,

Suyun var!

Səmanda bir qatar,

Nəğməli durnalar.

 

Çəmənin, çiçəyin nə əziz?

Ruhun da tərtəmiz,

Hüsnün də qüsursuz,

Ruhuma çox yaxın?

Doğmayıq, axı biz?

 

Turan yolçususan, Daşkəndim!

Sevgi elçisisən, Daşkəndim!

Sən türkün tarixə bürünmüş kürküsən,

Ən gözəl nəğməsən, ən şirin türküsən!

 

Zərəngiz hüsnünə vuruldu.

Sinəndə çay kimi çağladı, duruldu!

Daşkəndim, sən var ol, biz varıq!

Türk eli, Turanıq, dostlarıq!

 

Buxara

 

(Dünyanınn ən tarixi şəhəri)

 

Buxara-heyran oldum bu qədim diyara!

Gözlərim gülsün, ürəyim sevinsin!

Hələ türksən, dönə-dönə gəl, bu diyara,

Qəlbində fəxr, qürur, ilham zəngləri dinsin!

 

Buxara-qədimdən qədim şəhərim,

Dünyaca şöhrətim, ən qürurlu yerim!

Buxara-istə məndən ruhumu göylərinə sərim,

Ey, çırpan ürəyim, ey görən gözlərim!

 

Buxara-heyran oldum sənə, nəsən sən?

Ey qibləgah deyilən müqəddəs, ulu Vətən!

Sən türkün göz bəbəyi, mənəviyyatı, ürəyi,

Baxışından tarix boylanan türkün gələcəyi!

 

Buxara-haqqa, Tanrıya, cahana sədamız,

Türklüyün qəlbində daşlaşan əbədi nidamız!

Dünyada səndən qədim, səndən ulu kim var?

Buxara-sən tarixə əzəli, əbədi yadigar!

 

Buxara-Nəvai baxışlı, peygəmbər duruşlu şəhərim,

Qoy, fəxr etsin sənlə bütün nəsillərim!

Sən, türkün göz bəbəyi, sən, türkün daş çiçəyi!

Könlümdə oyatdın sevgini, istəyi!

 

Buxara-Zərəngiz heyran oldu sənə,

Gələcəm, bu gözəl, sevimli diyara yenə!

Əbədi tarixsən, ey ulu məkanım!

Sən mənim nəfəsim, ürəyim və canım!

Buxara, Buxara, Buxara, Buxara!

 

                                   Əlişir Nəvai

(Özbəkistanın mütəfəkkir şairi Əlişir Nəvainin ruhuna)

 

Böyük Nizamidən

Dəsini aldın,

Ulu Şərqdə sözdən

Bir körpü saldın!

 

Demə, yaşa doıldun,

Demə, qocaldın,

Sən təbi cavansan,

Nəvai ustad!

 

Sevdin Nizamini,

Bağlandın ruhunla ruhuna!

Eşq olsun, şairim.

Bu coşan ilhama!

 

Nizami beş dünya yaratdı,

Sözlə haqqa çatdı!

O beş dünyaya oxşar,

Təbin bir qələ ucatdı!

 

Budur ucalıq,

Budur dahilik!

Özündən əvvəlki dahini

Sözündə yaşatmaq!

 

Səndən bir yadigar

Sözün beş gülşəni,

Bu gün Nizamiylə,

Qoşa sevdik səni!

 

Yüz ilklər keçsə də,

Sevirik biz səni!

Sənətin müqəddəs,

Bir şeir gülşəni!

 

Bu böyük neməti

Sənə verdi Allah,

Sevdirdin ustadı,

Məzarın qibləgah!

 

Nizami dühası,

Hər zaman yar oldu!

Sözü də ömrünə,

Hər an havadar oldu!

 

Yaşadın vüqarla,

Əlişir Nəvai!

Günəş kmi parla,

Əlişir Nəvai!

 

Sən sənət göyündə,

Əbədi çıraqsan,

Tükənməz nurunla,

Hələ yanacaqsan!

 

 

                                                     Yaşadın bu ulu hörməti

(Özbəkistanın Xalq şairi Abdulla Oripovun xatirə muzeyində düşüncələr)

 

Evində ucalıb, möhtəşəm heykəli,

Xalqını, yurdunu, o, qoyub gedəli,

Ölməyib arzusu, ölməyib şeiri, əməli,

Yaşayır müqəddəs şairin sənəti, siqləti.

 

Abdulla Oripov, bu müdrik şairim,

Yenə də xalqının içində, sözləri dillərdə,

Yurdunda, evində, sevgisi qəlblərdə,

Əzəli, əbədi məhəbbət nur saçan gözlərdə.

 

Yazdığı əsərlər bir məhək daşıdır,

Xanımı, övladı Şairə eşqini yaşadır.

Zövqünü yaşadır, ruhunu yaşadır,

Adı bizlərlə cərgədə, bizimlə qoşadır?

 

Ailə və xalqı bu dahi insanı tanıdır,

Dil açır varlığı, elə bil sevgi cahanıdır,

Oripov muzeyi özbəyin şərəfi, şanıdır,

Şairə məhəbbət, bir sevgi ümmanıdır!

 

Nə xöşdur bu əməl, sevgili övladlar,

Sizin sevginizlə ruhu da rahatlar,

Arzusu gül açır, sevgisi dil açır?

Şairəm, yaxşı ki, dünyada sizlər var!

 

Gözündən danışır şairin şeiri, sənəti,

Yaratdız özündən sonra siz yurdunda cənnəti!

Qoruyun, var olun, yaşadın bu şair insanı,

Əbədi bu əhdi- ilqarı, bu ulu hörməti!

 

 

Doğmalıq

 

(Özbək ellərini gəzərkən)

 

Ruhumu oxşadı mənim

Özbəkistan çiçəkləri.

Yoxsa, yerə enib bu gün,

Göy üzünün mələkləri?

 

Havası saf, suyu təmiz,

Sevgisi selləndi, daşdı.

Ruhumuz qaynadı, coşdu,

Gözlərim incilər saçdı.

 

Qardaş elin sorağına,

Heyran oldum növrağına,

Özbəkistan torpağında,

Mehman oldum gül bağına.

 

Türkün eli, bizim eldi,

Doğma qardaş, doğma dildi,

Birləşəcək türk elləri,

Turan eşqi üzə güdü.

 

Haqqın elçisiyik bizlər,

Turan yolçusuyuq bizlər,

Bu kəhkəşan, bu çathaçat,

Gözümdə canlanır həyat.

 

Zərəngiz, yürü yolunu,

Çagır kökünü, elini,

“Can!”-deyib, “Can!”-eşit daha,

Dost boynuna sal qolunu!.

 

Əmir Teymurla xəyali söhbət

 

(Əzəmətli Teymur xan türbəsini gəzərkən)

 

Əmir Teymur türbəsi,

Bir əzəmət çeşməsi!

Tarixin zəhmli baxışı,

Ruhların sel kimi axışı!

 

Sanki, bu əsrimiz,

O əsrə calanır?

Ürəyim çırpınır, döyünür,

Xəyalım dolanır?

 

Min haray çəkirəm içimdə,

Dadıma ruh gəlir!

Xəyalım göylərə uçubdur,

Əzəmət, ucalıq mənimlə,

Tanrıya yüksəlir!

 

Ulduzlar necə də sayrışır?

Gör, nələr söyləyir, danışır?

Bir dünya fatehi sükutda,

Yox belə möhtəşəm ruh-ada!

 

Bir cahan sərvəri,

Yatıbdır, “Müəllim”- dediyi

Pirinin ayağı altında?

Dünyaya mesajdır bu qəbir,

Teymur xan adında!

 

Bax, elmin qiymətin,

Göylərə ucaldıb bu dahi!

Piri-ustadını özüylə yaşadıb,

Qocaldıb bu dahi!

 

Ey, cahan sərvəri,

Sevdin sən müqəddəs,

Müəllim- Pirini?

Göstərə bilmərəm cahana,

Səni tək birini!

 

Yox daha, səndəki qüdrətə

Tay olan bir kimsə!

Nə inam, nə iman, sineqoq,

Nə ruhlar, nə rahib, nə kilsə?

 

Türkləri sevməyən kəslərə,

Türk oğlu, dərs dedi!

Zərəngiz, bu hikmət,

Bir dünya dərsidir!

 

Zərəngiz Dəmirçi Qayalı

Şair-publisist,

Bakı-Daşkənd-Səmərqənd- Buxara,

09.05.2026-16.05.2026.

Share: