Hüquq-mühafizə orqanlarının fəaliyyəti dövlət idarəçiliyinin ən məsuliyyətli və ən çətin sahələrindən biridir.
İctimai asayişin qorunması, cinayətkarlığa qarşı qətiyyətli mübarizə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən xidmət böyük peşəkarlıq, yüksək məsuliyyət, prinsipiallıq və Vətənə sədaqət tələb edir. Bu şərəfli missiyanın uğurla yerinə yetirilməsi isə təkcə görünən əməli fəaliyyətlə deyil, eyni zamanda cəmiyyətin operativ, obyektiv və düzgün məlumatlandırılması ilə tamamlanır.
Məhz buna görə də hüquq-mühafizə orqanlarında ictimaiyyətlə əlaqələr sahəsində çalışan insanların üzərinə xüsusi məsuliyyət düşür. Onlar dövlətlə cəmiyyət arasında etimad körpüsünü möhkəmləndirən, informasiya siyasətinin şəffaf və peşəkar şəkildə həyata keçirilməsinə xidmət edən məsuliyyətli şəxslərdir. Bu vəzifəni uzun illərdir yüksək peşəkarlıq, səmimiyyət və fədakarlıqla yerinə yetirən dəyərli ziyalılardan biri də Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevdir.
Elşad müəllimi yaxından tanıyanlar və fəaliyyətini izləyənlər yaxşı bilirlər ki, o, yüksək peşəkarlığı ilə yanaşı, sadəliyi, təvazökarlığı, insanlarla səmimi ünsiyyəti və operativliyi ilə seçilən nümunəvi dövlət qulluqçusudur. Media nümayəndələri ilə qurduğu açıq, şəffaf və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətləri daim yüksək qiymətləndirilir.
Jurnalist kimi uzun illər fəaliyyət göstərdiyim dövrdə Elşad müəllimin peşəkarlığının və obyektivliyinin dəfələrlə şahidi olmuşam. Sorğulara operativ münasibət göstərməsi, ictimai əhəmiyyət daşıyan məsələlərdə mətbuata qərəzsiz yanaşması, doğru informasiyanın vaxtında çatdırılması istiqamətində göstərdiyi həssaslıq dövlət-media münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına mühüm töhfə verir.
Belə insanlar göstərirlər ki, dövlət qurumu ilə media arasında qarşılıqlı hörmət və etimad olduqda cəmiyyət də düzgün məlumatlandırılır, informasiya mühiti daha sağlam formalaşır. Əsl peşəkarlıq məhz məsuliyyətə vicdanla yanaşmaq, insan amilini hər zaman ön planda saxlamaq və tutduğu vəzifəni xalqa xidmət vasitəsi kimi qəbul etməkdir.
Bu gün doğum gününü qeyd edən Elşad müəllimi səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavan həyat, Vətənimizə və dövlətimizə xidmət yolunda yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram.
Doğum gününüz mübarək olsun, Elşad müəllim! Uca Allah sizi qorusun, ömrünüz uzun, canınız sağlam, fəaliyyətiniz daim uğurlu olsun.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
“Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.




















