Dünyadan səs-səmir çəkilib. Siz səs eşidirsiniz?
Həyatın, ömrün müəyyən yaş həddində əlimizdən aldığı bütün hisslər get-gedə səssizliyə qovuşur. İnsan bəzən danışmaq istədiyi yerdə yox, artıq danışmağın mənasız olduğunu anladığı yerdə susur. Bu gün mən sənət aləmində səssizləşən, öz köşəsinə çəkilənlərdən danışmaq istəyirəm. Bu səssizlik uğursuzluq deyil əsla. Sadəcə, ədəbin yerini ədəbsizliyə verdiyi meydanda dura bilməmək halıdır.
Gəlib haqqın haqsızlığa, sevginin sevgisizliyə, sözün hay-küyə yenilldiyi dövrə çatdıq. Məsələn, illərlə fədakarlıq etdiyin dost, yar, sevgili sənə vəfasızlıq edəndə ona heç nə demirsən, çünki meydan mərdlik meydanı deyil. İndi unudub getmək, vəfasız olmaq trenddir. Hətta bu boyda cəhənnəmi yaradanların özü də insanlardı elə. Susanlar isə hətta özləri tək qaldıqda belə iç dünyalarında özlərinə belə söz tapmırlar.
Sən heç susdunmu? Mən susdum.
Yalnız bir etiraf edim ki əhsən demək istəyirəm bu qarışıq dünyada ədəbiyyat yaratmaq istəyən, musiqi bəstələyə bilən, şeir yazan, rəsm əsəri yaradan insanlara. Onlar cəhənnəmdə işıq kimi gəlir mənə. Əlbəttə, hamısı yox. Həyat bəzilərinin xarakterinə elə mikrob salıb ki, yaratdıqları onların yerinə bəzən utanır. Kənardan yanlış anlaşılmaq da var işin içində. Bəzi qrup insanlar isə əlində bir kisə palçıq, daş-kəsək, kim gəldi atmaqla məşğuldur.
Gəl indi bu daş-qalaqda, bu hay-küydə sənətdən danış. Yalnız deyirsinizsə, danışaq.
Çarəsiz anında dadına çatan söz sonra fikir, sonra şeir olur. Bilmirəm niyə bu məqamı dedim. Bəlkə də ona görə ki, insanın ən ağır anında yanında qalan yenə sözdür, yenə musiqidir, yenə ruhun içindən gələn o görünməz səsdir. Biz Azərbaycan musiqisinin içində böyümüşük. Muğamın kədəri, xalq mahnılarının dərdi, aşıq nəfəsinin mərdliyi, təsniflərin yanğısı bizim yaddaşımızın bir parçasıdır. O musiqi əsərlərində ayrılıq da var, vəfa da var, gözləmək də var, ana nəfəsi də var, vətən həsrəti də var. Ona görə bizim üçün sənət yalnız dinlənilən səs deyil, insanı insan saxlayan yaddaşdır.
Amma sosial mediada, şəbəkələrdə satış-reklam postlarını birində yazmaq öyrədən, heç imzası kimsəyə tanış olmayan insan adlarına rast gəlirəm. Düşünürəm: necə olub ki, uzun əsrlər boyu yazıb-yaradan klassiklərimiz, yazıçılarımız, yalnız yaratdıqları ilə məktəb ola bilib, amma indi onları sona qədər oxumayanlar, dinləməyənlər, anlamayanlar məktəb açıb elin-obanın ədəbiyyata can atan gənc ruhunu sındırmaq istəyir?
Bu yaxınlarda belə bir sosial mesaja, reklama rast gəldim: “Elmi iş və şeir yazıram…”
Bəlkə də bu elana gülmək də olar. Amma mən düşündüm ki, insan necə bu cür rəzil ola bilər? İnsan özü öz ixtiralarının, öz zəhmətinin bəhrəsini görüb o elmi, işıqlı ada nail olmalıdır. Və ya özün yazmadığın ədəbi nümunə yenə də kimlərinsə köməyi ilə qalib gəlir. Onun sevincini duymadan saxta təbrikləri necə qəbul etmək olar?
Məndən günün nəbzinə uyğun yazı istəyəndə düşündüm: bəxtəbəxt yaşanılmış həyatdan nə gözləyim?
Bu dediklərim, sadaladıqlarım sənət aləminin ən böyük bəlası, xəstəliyidir. Dövrlərlə bu cür olub, amma zəmanəmizdə olduğu qədər saxtakarlıq, yalan heç bir dövrdə bu qədər açıq təzahür etməyib. Əlbəttə, bu dünyanı zəhərləyən, sənət aləminə kəmənd atan yeni yaranmış fiqur və subyektlərin fonunda insanlığını, Allahın verdiyi haqq işini qoruyub olduğu kimi saxlamaq çox, hədsiz çətindir.
İnsan bəzən, hətta bütün ali hisslərindən də yorulur və susmaq istəyir. Düşünəndə ki, bizim oxuduğumuz klassik əsərlərin, dinlədiyimiz bəstələrin heyran olduğumuz sənət dünyasının müəllifləri bu gün sanki susub, adamın içində qəribə bir boşluq yaranır. Çünki keçmişi qoruyub saxlamaq, sənəti qoruyub saxlamaq böyük missiyadır. Bu missiyanın öhdəsindən isə çox az insan gəlir. Cəmiyyətin çox az hissəsi bu barədə düşünür, çox az hissəsi anlayır ki, sənət yalnız səhnə, kitab, səs, rəng deyil; sənət insanın içində qoruduğu ən ali, ən toxunulmaz yerdir.
Düşünəndə ki, çoxluq susmağı, danmağı, görməzdən gəlməyi seçib, insan daha da ağırlaşır. Toplum indi yeni ədəbi məhsulları, yeni texnologiyaların köməyi ilə çox asan əldə edir və onu insanlara sənət adı ilə yedirtmək istəyir. Bundan sonra gələn gənclik isə çox çətin bir seçim qarşısında qalır. Onların qəbul etdiyi sənət aləmi, onların qəbul etdiyi dünya çox zaman əsl sənətdən, əsl ədəbiyyatdan, əsl musiqidən, əsl mühitdən kənarda formalaşır. Bütün bunlar bugünün ziyalısını düşündürür, onu içinə qədər yorur, susdurur.
Düşünəndə ki, insani hisslər korşalıb, sevgi də, ölüm də, həsrət də, dərd də ani təsirlərə çevrilib, adamın sözü də qırılır. İnsanlar özlərini dərd-sərdən, ağır duyğulardan qorumağa çalışırlar. Daha dərd çəkə bilmirlər. Halbuki dərd çəkməyin də bir mədəniyyəti var. İnsanlar onu da unudublar. Bir-birinə qayğı göstərməyi, bir-birinin qeydinə qalmağı, yanındakı insanı olduğu kimi qəbul etməyi bacarmırlar. Hər kəs qarşısındakını öz ölçüsünə salmaq, öz istədiyi formaya gətirmək istəyir.
Heç kim heç kimə təmənnasız sevgi vermir. Heç kim heç kimə təmənnasız istək bağışlamır. Çox dəhşətli bir zamanın içində qəlbində qoruduğun gözəl insani xüsusiyyətlərdən belə utanırsan. Onları qoymağa yer tapmırsan. Çünki onları qəbul edəcək insanlar bəzən daşdan, kəsəkdən olur. Sən o hissləri həba etmək istəmirsən. Onları bu insanların ixtiyarına vermək istəmirsən. Ona görə də susursan. Ən çox da içində hələ ölməmiş yaxşılıqları qorumaq üçün susursan.
Allah da nəzərini bu insanların üzündən çəkib sanki. Anlayanda ki, ətrafdakı insanlar yalnız sənə ehtiyac duyulduğu ana qədər ətrafında pərvanə rolunu oynayır, dünyaya, insanlığa nifrət edirsən. Məsələ bundadır: ətraf sənin uğurunu, maaşını, evini, istedadını öz ölçüsü ilə ölçüb ölümünə, həyatına fərman verə bilir. Sən öz həyatından əlavə, paralel olaraq ətrafın sənin üçün uydurduğu həyatı da yaşayırsan. Özü də cüzi gəlirlə, bapbalaca evdə sən yaşayırsan, bütün bunlara baxmayaraq nələrsə etmək istəyirsən.
Bəzən insan ən çox danışmaq istədiyi yerdə susur. Çünki bilir ki, sözün də taleyi var. Deyildiyi yerdə qiymət görməyən söz də insan kimi yorulur, inciyir, çəkilib bir küncdə öz sükutuna bürünür. Sən baxırsan ki, bir vaxtlar ürəyindən keçənləri bölüşmək istədiyin adamlar artıq eşitmək üçün yox, cavab vermək, hökm çıxarmaq, üstünə gəlmək üçün dayanıb qarşında. Onda anlayırsan ki, hər kəsə içini açmaq da bir vaxtlar etdiyin ən böyük israf imiş. Və insan ən çox da öz səmimiyyətinin xərcləndiyi yerlərdə susmağı öyrənir.
Ən çətini odur ki, bütün bu xaosun, bütün bu zülmün, bütün bu əzabların içində yenilik axtarasan, insani hissləri qoruyub saxlaya biləsən. Ana olmağı bacarasan, övlad olmağı bacarasan, hər hansı bir müəssisənin üzü, hər hansı bir idarədə müəllim, rəssam, həkim olmağı bacarasan. Bütün bu zülmün və əzabın, insanları get-gedə körşaldən bu sistemin içində sən yenə də gözəl hisslərini qorumağı bacarasan. Sən gözəllik yaratmağı bacarasan. Sən gözəllik yaratmağı seçəsən. O insanların axınına düşməyib özün üçün bir dünya qurmağı, hansısa bir yolla öz ruhunu qorumağı bacarasan. Bütün bunları bəzən yalnız susaraq etmək olur.
İnsan indiki aləmdə ən çox özünü qorumaq üçün susur. Hər yerdən eyni hay-küy, eyni uğultu səsi, eyni yorğun nəfəs gələndə, sənətlə məşğul olan insan uzaqdan gələn bir uğultu kimi duyulur. Bir səs kimi, bir işıq kimi. Biz də o səsə, o işığa doğru gedirik. Çünki inanmaq istəyirik ki, nə vaxtsa bütün bu qıtlıqdan, bütün bu əzabdan, bu keşməkeşdən həyat ayrılacaq və başqa bir axarda davam edəcək.
Tarixin silmədiyi simalar mütləq qalacaq. Yaradıcılığı, sənəti qorumaq, onu əsrdən-əsrə, nəsildən-nəslə ötürmək istəyən insanlar yenə də var olacaq. Çünki əsl sənət heç vaxt tam susmur. O, bəzən sadəcə insanın içində gizlənir, öz vaxtını gözləyir. Bir muğamın içində, bir köhnə xalq mahnısının sözündə, bir şeirin yarımçıq misrasında, bir rəssamın rəngində, bir bəstəkarın səssiz notunda yenidən doğulmaq üçün gözləyir.
Hansısa topluma aid olmaq istəyirsən. Yalquzaq içini, duyğularını sözlərlə, hisslərlə, dostlarla örtmək istəyirsən. Sən özünə ətraf yığmaq istəyirsən. Zamanla kənara çəkilib buxarlanan dostlarına, doğmalarına yenə insani yanaşırsan. Ölümünü yada salıb susmağı öyrənirsən.
Mənə son dönəm mühit susmağı öyrətdi. Amma bu susmaq yox olmaq deyil. Bu, uğultu içində itib-batmamaq üçün özünü qorumaqdır. Bu, içində qalan son işığı yad nəfəsdən, yad əldən, yad daşdan qorumaqdır.
Dünyadan səs-səmir çəkilib.
Səssizliyimi eşidə bilən varsa, səsimə gəlsin…
Aysel Fikrət



















